Azərbaycanda müəllimlərin sertifikasiya prosesi davam etdiyi bir vaxtda məktəb direktorlarının da eyni qiymətləndirməyə cəlb olunub-olunmayacağı maraq doğurur.
Bəs direktorlar üçün də sertifikasiya tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəb direktorlarının da sertifikasiya prosesinə cəlb olunması qarşıdakı dövr üçün nəzərdə tutulan istiqamətlərdən biridir.

“Ehtimal olunur ki, müəyyən müddətdən sonra direktorlar da bu istiqamətdə qiymətləndirmədən keçiriləcəklər. Bu, təhsil sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki idarəetmə sahəsində çalışan mütəxəssislərin həm tədris proqramları, həm də təhsil qanunvericiliyi ilə bağlı bilik və bacarıqlarının qiymətləndirilməsi vacibdir”, – deyə ekspert qeyd edib.
Elçin Əfəndi vurğulayıb ki, direktorların sertifikasiyası ilə bağlı yekun qərar Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edildikdən sonra müvafiq normativ sənədlər hazırlanacaq və imtahanların keçirilmə vaxtı ictimaiyyətə açıqlanacaq.
Aynurə İsmayıl
KONKRET.az
