Donbas və Krımı işğal edən qüvvələr Qazaxıstanda…backend

Donbas və Krımı işğal edən qüvvələr Qazaxıstanda...

Qazaxıstanda baş verən hadisləri müxtəlif siyasətçilər, analitiklər müxtəlif cür şərh edir.

KONKRET.az siyasi şərhçi Asif Nərimanlının Qazaxıstan hadisləri barədə maraqlı və düzgün şərhini təqdim edir:

Qazaxıstana KTMT-nin “sülhməramlıları” adı altında daxil edilən qoşun rəsmi məlumata görə 2500 nəfərdən ibarətdir: 100 erməni hərbçi, 150-200 belarus hərbçi, 200 Tacikistan hərbçisi, 150 qırğız hərbçi, qalanları rus hərbçilərdir; Rusiya hərbçilərin sayını dəqiq açıqlamayıb.

Rusiyanın “sülhməramlı missiyasında” təmsil olunan hərbi qüvvələr əvvəllər müxtəlif hərbi əməliyyatlarda iştirak edib.

31-ci hava-desant briqadası: 2013-cü ildən Çevik Hərəkat Qüvvələrinin tərkibinə daxil olan briqada 2008-ci il II Çeçen müharibəsində və Cənubi Osetiya müharibəsində iştirak edib. Rusiya Müdafiə Nazirliyinin saytında isə briqadanın “sülhməramlı missiya” üzrə ixtisaslaşdığı bildirilir. Briqada Bosniya müharibəsi zamanı humanitar karvanları müşayiət edib.

98-ci hava-desant diviziyası: diviziyanın hərbçiləri 1996-cı ildə Bosniya və Herseqovinada, 1998-ci ildə Abxaziya münaqişə zonasında və 1999-cu ildə Kosovada sülhməramlı əməliyyatlarda iştirak edib. 2014-cü ildə diviziyanın hərbçiləri Donbas müharibəsində separatçılara dəstək verib. Ukrayna ordusu diviziyanın bir neçə hərbçisini əsir götürdükdən sonra fakt ortaya çıxıb, lakin Rusiya tərəfi bunu təkzib edib və qeyd edib ki, “hərbçilər sərhəddə azaraq, qonşu ölkənin ərazisinə keçiblər”. 2014-cü ildə Minsk danışıqları zamanı rus hərbçilər Moskvaya təhvil verilib.

45-ci hava-desant xüsusi qüvvələri: Rusiya ordusunun ən elit bölmələrindəndir. Birinci və ikinci çeçen müharibəsində, 2008-ci ildə Cənubi Osetiya döyüşlərində, 2014-cü il Krımın işğalında iştirak ediblər. Həmçinin, Suriya döyüşlərinin də aktiv iştirakçılarıdır. Bu briqadanın əsas vəzifəsi kəşfiyyat və diversiya əməliyyatlarının aparılmasıdır.

Belarus Xüsusi Əməliyyat Qüvvələrinin tərkibinə daxil olan 103-cü birqadanın 150-200 hərbçisini, Qırğız Respublikası “Əqrəb” xüsusi təyinatlı qüvvələrinin 150 hərbçisini göndərib. Ermənistan və Tacikistanın hansı bölmələri göndərdiyi dəqiq məlum deyil. Bu ölkələrin də xüsusi təyinatlı qüvvələr göndərdiyi ehtimal edilir.

Bu arada, yayılan məlumata görə, Rusiya kəşfiyyatı Qazaxıstan hadisələrini məhbusların əli ilə törədib.

“Gulagu-net” ictimai layihəsinin yaradıcısı, hüquq müdafiəçisi Vladimir Oseçkin FSB-dəki mənbəsinə istinadən bununla bağlı ciddi iddialarla çıxış edib.

Oseçkin bildirir ki, “Təhlükəsizlik qüvvələri etirazı gözdən salmaq və Rusiya qoşunlarının Qazaxıstana yeridilməsinə əsas yaratmaq üçün məhbuslardan istifadə etdi”.

Və o, FSB-dəki mənbəsindən aldığı məktubu dərc edib. Məktubda deyilir:

“Qazaxıstanda baş verənlər şok effekti yaratdı. Çünki cəmi iki gün əvvəl hər şeyin öz-özünə sakitləşəcəyinə əmin idi. Etiraz təhlükəsizlik qüvvələrinin gücünü üstələyəndə həbsxanalardan xüsusi olaraq talanların təşkili üçün azadedilmiş məhbuslar prosesə cəlb edildilər. Təhlükəsizlik qüvvələrinə hücumun təşkili məhz onlara həvalə edilmişdi. Buna görə də ölənlərin sayı ilə bağlı problem var. Öldürülənlər arasında bu hadisələr üçün xüsusi olaraq azad edilən və azadlıqda olan məhbusların sayı çoxdur. Lakin onlar tapşırılan vəzifəsini mükəmməl şəkildə həyata keçirdilər: xeyli sayda sənədləşdirilmiş talan faktıları, hüquq-mühafizə orqanlarına hücumlar, təhlükəsizlik əməkdaşlarına qarşı vəhşicəsinə repressiya faktları var, başları kəsilmiş meyitlər və bunu əks etdirən videolar var. Bu, xarici qüvvələrin yeridilməsi üçün lazımi əsas yaradır və sıravi etirazçıları ruhdan salır, qərarsız qalan qazaxların etirazlara empatiyasına mane olur. Buna görə ən şiddətli talanlar, qanlı hücumları və etirazçılara qarşı amansız atəşin açılması yalnız paytaxtda idi, digər şəhərlərdə hər şey fərqli idi…”.

Mənbənin məktubunda qeyd olunur ki, məhkumların nəzarətdən çıxması böyük problemlərə yol aça bilər.

Oseçkin FSB-dəki mənbənin son iki ildə ona dəqiq məlumatlar verdiyini, bu baxımdan, məktubun şübhə doğurmadığını qeyd edir. Və əlavə edir ki, Rusiya xüsusi xidmət orqanları əvvəldən “müttəfiqlərin yardımı” bəhanəsi ilə Qazaxıstanın Rusiya tərəfindən mənimsənilməsi üçün hibrid ssenarini həyata keçirilməsini planlaşdırırdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*