“Donbasdakı müharibə daxili Ukrayna münaqişəsidir və onu yalnız ukraynalıların ukraynanılar arasında danışıqlar yolu ilə dayandırmaq mümkündür”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Donbasdakı münaqişə ilə bağlı Rusiya və Ukrayna arasında birbaşa danışıqların aparılmasına ehtiyac olması ilə bağlı sözlərinə cavab verib.
“Donbasdakı müharibə Ukraynanın daxili münaqişəsidir, biz bilirik ki, Rusiyanı bu münaqişənin iştirakçı tərəfi kimi təqdim etmək cəhdləri olur. Lakin bu tamamilə belə deyil”, – Putinin mətbuat katibi vurğulayıb. Peskov Donbasdakı münaqişəni “2014-cü ilin məlum hadisələri” nəticəsində başlanmış vətəndaş müharibəsi adlandırıb.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ali Radada çıxışı zamanı Donbasdakı münaqişənin həlli ilə bağlı fikirlərini bölüşüb.
“Düzünü deməliyik ki, Rusiya ilə birbaşa danışıqlar olmadan müharibəni dayandıra bilmərik. Bu gün bütün xarici tərəfdaşlara bu artıq bəllidir, lakin bəzi daxili tərəfdaşlar bunu görmək istəmir”, – deyə Zelenski deputatlara bildirib.
