Dövlət büdcəsinə milyardlarla gəlir qazandıra bilən turizm sektorunu KİMLƏR MƏHV EDİR? – İLGİNC FAKTLARbackend

Dövlət büdcəsinə milyardlarla gəlir qazandıra bilən turizm sektorunu KİMLƏR MƏHV EDİR? – İLGİNC FAKTLAR

Azərbaycanın yerləşdiyi region və ölkəmizin əlverişli coğrafi mövqeyi “odlar diyarı”nı yer üzünün “cənnəti”nə çevirib. Bunu tam mübaliğəsiz söyləmək mümkündür. Bir yandan Talış, digər tərəfdən isə Böyük və Kiçik Qafqaz dağları ilə əhatə olunan, “Göygöl”ü, “Maralgölü” ilə göz oxşayan, mavi “Xəzər”i ilə könülləri fəth edən Azərbaycanın zəngin təbiəti ölkəmizi böyük turizm diyarına çevirməyə imkan verir. Di gəl ki, Allahın bəxş etdiyi misilsiz nemətlərdən düzgün faydalanaraq ölkənin turizm potensialını lazımı səviyyədə dəyərləndirə bilmirik. Ən acınacaqlısı isə odur ki, bu məsələdə heç bir yeraltı və yerüstü təbii sərvəti olmayan qonşu Gürcüstandan dəfələrlə geri qalırıq.

Turizm deyəndə Azərbaycanda sadə vətəndaşın gözündə yalnız zəngin təbiət, əsrarəngiz bulaqlar, yaşıllıqlar, meşələr və sair canlanır. Bu məsələdə insanları qınamaq da olmur. Çünki ən yaxşı halda ildə bir dəfə adı “turizm bölgəsi” kimi yaddaşlara həkk olan hansısa rayona üz tutaraq qohum evində iki-üç gün qalmaq, meşədə kabab çəkib yemək və geri dönmək sadə azərbaycanlıların “istirahəti” sayılır. Yəni görüb-gürəcəyimiz elə təbiətdir ki, bir çoxumuz heç Allahın bəxş etdiyi bu nemətdən də yararlana bilmirik. Amma turizm təkcə gözəl təbiətdən ibarət deyil, çox geniş məfhumdur. Bu ifadənin içərisində, dəbdəbəli, rahat otellər, yüksək xidmət göstərən personal, əyləncə dolu digər məkanlar da yer alır. Yəni insan öz istirahətini təbiətlə yanaşı sadaladığımız bu kimi üstünlüklərdən yararlanmaqla daha da gözəlləşdirir.

Amma Azərbaycanda turizm məkanlarının, otellərin, əyləncə yerlərinin qiyməti o qədər bahadır ki, sadə vətəndaş bunlardan yararlana bilmir. Reallıqda iri ranqlı məmurların biznes obyektinə çevrilən böyük otelləri və gəzməli-görməli yerləri elə həmin oliqarxların özləri, yaxud ailə üzvləri, qonaqları ziyarət edə bilir. Çünki Azərbaycanda turizm qiymətlərinin “od tutub yandığı” hər kəsə bəllidir. Bir həftəlik orta səviyyəli istirahət ən azı 1000 manata başa gəlir ki, bura da sadəcə oteldə gecələmə və ən yaxşı halda səhər yeməyi daxil edilir. Həmin məbləği isə ayda 400-500 AZN maaş alan sadə vətəndaş ödəyə bilmir. Ölkədə bir çox otel və restoranlarda göstərilən xidmətin keyfiyyətindən isə danışmağa dəyməz. Necə deyərlər, olmayan şeyin nəyindən danışaq ki… Hələ bayram günlərində, “Yeni İl” və “Novruz” şənliklərində otellərin qiymətləri “ceyran belinə” qalxır. Təsəvvür edin ki, “qotur müğənni”dən, “şaxta baba” və “qar qız”dan ibarət bir həftəlik bayram istirahətinə görə, 3-4 min manat civarında pul ödəməli olursan. Elə buradan da görünür ki, Azərbaycanda turizm yox vəziyyətindədir, istirahəti isə yalnız məmur-oliqarxlar edə bilir.

Ona görə də, Azərbaycan vətəndaşları ölkənin turizm obyektlərini boykot edərək xaricə getməyi üstün tuturlar. Çünki, qardaş Türkiyə və qonşu Gürcüstana gedib bir ay istirahət etmək, Azərbaycanda hansısa rayonda 3-4 gün qalmaqdan daha ucuz başa gəlir. Üstəlik, əyləncə, adrenalin, yüksək xidmət, fərqli mətbəx və yeni məcaralar da öz yerində… Beləliklə rəqabət mühitinin olmaması, monopoliyanın mövcudluğu, seçim imkanlarının yoxluğu ölkənin turizm sektoruna çox ciddi ziyan vurur. Vətəndaşlarımızın xaricdə istirahətə üz tutması isə ölkədən valyuta çıxışı ilə nəticələnir ki, bu da iqtisadiyyat üçün zərərli faktora çevrilir.

Müqayisə üçün qeyd edim ki, 2022-ci ildə Gürcüstana 5,4 milyon xarici vətəndaş səfər edib, turizm gəlirləri isə 3,5 milyard dollara yaxın olub. Azərbaycan isə 1,6 milyon xarici ölkə vətəndaşlarını qəbul etməklə ən yaxşı halda cəmi 1,5 milyard dollara yaxın vəsait götürə bilib. Digər tərəfdən Gürcüstana hazırda dünyanın 40-a yaxın avişirkəti uçuş təşkil etsə də, Azərbaycan hələ də AZAL-ın monopoliyasından çıxa və rəqabətlilik mühitini təmin edə bilmir. Baha bilet qiymətləri isə nəinki əcnəbiləri, heç öz vətəndaşlarımızı da cəlb etmir. Üstəlik qonşu Gürcüstan xeyli vaxtdır ki, quru sərhədlərini açmaqla ölkəyə turist axınını cəlb etməyə və bu sektoru stimmullaşdırmağa çalışır. Azərbaycanda isə heç bir tutarlı səbəb gətirilmədən quru sərhədləri uzun müddətdir ki, bağlı saxlanılır. Bu fakt öz-özlüyündə turizm sektoruna çox böyük ziyan vurur.

Qeyd etmək lazımdır ki, dövlətin turizm sektorunu inkişaf etdirmək üçün yaratdığı Turizm Agentliyi səmərəsiz fəaliyyəti ilə bu sahəyə heç bir töhfə verə bilmir. Daha dəqiq desək, Agentlik öz fəaliyyətini yalnız təbliğat üzərində qurduğundan real faktları görmək və dəyərləndirmək baxımından əziyyət çəkir. Belə ki, yalnız regiona səfərlər təşkil etmək, milli mətbəximiznin hansısa nümunəsi haqqında məlumat vermək, yaxud ən yaxşı halda xarici qonaqlara ölkənin turizm potensialı haqda informasiya çatdırmaq Agentliyin əsas vəzifəsi sayılır. Ancaq turizm sektorunun inkişafına mane olan dərin səbəblər təəssüflər olsun ki, Agentlik tərəfindən araşdırılmır. Ona görə də, turizm dedikdə hər bir azərbaycanlının gözündə ilk növbədə Türkiyə və Gürcüstan kimi ölkələr canlanır. Beləcə, dövlət büdcəsinə milyardlarla gəlir qazandıra bilən turizm sektoru yarıtmaz idarəçilik baxımından günü-gündən məhv olur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*