Makron: “Rusiya 300 min nəfəri səfərbərliyə çağıra bilər – Avropa hədəfə çevrilə bilər”backend

Makron: “Rusiya 300 min nəfəri səfərbərliyə çağıra bilər – Avropa hədəfə çevrilə bilər”

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın yaxın vaxtlarda təxminən 300 min nəfəri səfərbər edə biləcəyini mümkün ssenari kimi qiymətləndirib.

KONKRET.az xəbər verir ki, Makron bildirib ki, Moskva hakimiyyətinin bunun əksini bəyan etməsinə baxmayaraq, Paris belə bir ehtimalı inandırıcı hesab edir. Onun sözlərinə görə, hələlik səfərbərliyin açıq şəkildə elan ediləcəyi, yoxsa gizli şəkildə həyata keçiriləcəyi məlum deyil.

“Onlar seçkilərini gözləyirdilər. Seçkilər başa çatıb. Bu gün isə Rusiyanın bunu edəcəyi aydındır”, – deyə Makron bildirib.

Fransa liderinin sözlərinə görə, Rusiyanın səfərbərliyə hazırlaşdığını göstərən “bir neçə əlamət” mövcuddur.

“Bu, bizim üçün inandırıcı görünən ssenaridir”, – Makron ABŞ, Avropa və Ukrayna kəşfiyyat xidmətlərinin məlumatlarını şərh edərkən deyib.

Makron, həmçinin Rusiyanın Avropa ölkələrinə qarşı hibrid hücumlarını artırması ehtimalına hazırlaşmağa çağırıb. O bildirib ki, son həftələrdə Avropanın müxtəlif yerlərində “düşmənçilik xarakterli fəaliyyətlər” artıb.

“Ötən həftə siyasi qüvvələrin nümayəndələrini bir araya gətirərək onları bu təhlükənin inkişafı və bunun ölkəmiz üçün mümkün nəticələri barədə xəbərdar etdim”, – deyə Fransa prezidenti qeyd edib.

Makron Rusiyanın Avropanı Ukraynanın strateji arxa cəbhəsi kimi gördüyünü də vurğulayıb:

“Rusiya hesab edir ki, Avropa ukraynalılara yardım etdiyi üçün Ukraynanın strateji arxa cəbhəsidir. Buna görə də Avropa hədəfə çevrilə bilər”.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*