Bu gün qlobal dünya ilə ayaqlaşmağa çalışan Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmlənməsi və hüquqi dövlət quruculuğu sahəsində nailiyyətlərin əldə olunması istiqamətində bir çox addımlar atılır. Bu addımların təməl prinsipi isə məhz 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın tərəqqisini “insan meyarı”nın inkişafında görməsi, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etməsi ilə bağlıdır. Müasir dövrün ən çox işlədilən sözlərindən birinin də “vətəndaş cəmiyyəti” ifadəsi olması əbəs deyil. Çünki söhbət vətəndaş cəmiyyəti quruculuğundan gedirsə, demək demokratik dəyərlərin mövcudluğundan danışılır. Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş və şəxsiyyət amili tutur. Odur ki, aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmasına, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatların yaradılmasına, ictimai-siyasi sabitlik və əmin-amanlığın bərqərar edilməsinə, eləcə də qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyətinin formalaşdırılmasına nail olunub. Əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə heç kimə sirr deyil. Belə ki, 2006-cı ildə qəbul edilən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edir.
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda istər-istəməz XX əsrin 90-cı illərinin əvvəlləri beynimizdə canlanır. Milli dövlətçiliyini bərpa etsə də, Azərbaycan xalqının çoxlu mənəvi sarsıntılara məruz qalması, böhranlı, ağrılı-acılı və faciəli günlər yaşaması vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində çox ciddi əngəllər yaradaraq, bu sahədəki inkişafa mane olub. Lakin 1993-cü ilin yayında xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü istiqamətində çox böyük işlər görülüb. Belə ki, 2001-ci il yanvarın 17-də Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olunub. Elə həmin ilin dekabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya edib.
Milli mənafenin, dövlətçilik maraqlarının üstün tutulması bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsipini təşkil edir. İlham Əliyevin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasətin parlaq nümunəsidir. Azərbaycan Prezidentinin siyasətinin mərkəzində hər zaman insan amili dayanıb. Dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin olunmasına xidmət edib.
Qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti yalnız yüksək inkişaf etmiş hüquqi dövlət çərçivəsində fəaliyyət göstərə bilər. Belə dövlət vətəndaş cəmiyyətinə qanunun qadağan etmədiyi hər işi görməyə imkan verir, ona şərait yaradır, hüquqlarını müdafiə edir. Vətəndaş cəmiyyəti isə öz növbəsində ölkə qanunlarına riayət etməyə borcludur. Göründüyü kimi, bu göstəricilər arasında hər tərəfə xeyir verən demokratik əlaqə mövcuddur. Yəni, vətəndaş cəmiyyəti dövlətdən asılı olmasa da, onunla məqsədinə doğru “qarşılıqlı anlayış” şəraitində fəaliyyət göstərir.
Bir sözlə bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməyən böyük sürətlə inkişaf edir. Belə şəraitdə insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Yalnız məhkəmə-hüquq islahatlarını ardıcıl və dönmədən həyata keçirməklə insan hüquq və azadlıqlarına təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq mümkündür. Azərbaycan Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edəcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusuna həsr olunub.

