
Hər bir dövlətin müstəqiliyi və suverenliyi dövlətçilik maraqlarının müdafiəsindən birbaşa asılıdır. Adi vətəndaşdan tutmuş, idarəçiliyi həyata keçirən ən ali şəxslərə qədər hər kəs dövlət və milli maraqların müdafiəsində müstəsna rol oynayır. Hər bir dövlət və onu formalaşdıran xalq üçün milli maraqların müəyyənləşdirilməsi və təmin olunması əsas vəzifələrdən biri hesab edilir. Bu baxımdan, Azərbaycanın dövlət və ictimai maraqlarının təmin olunması bizim əsas prioritet vəzifəmiz hesab olunur. Azərbaycan cəmiyyəti də ictimai və dövlət marağı məfhumlarının mahiyyətini düzgün qavrayaraq, öz üzərinə düşən vəzifəni uğurla icra etməyə çalışır. Çünki məhz dövlətçilik maraqlarını müdafiə etməyi bacaran cəmiyyətlərdə formalaşmış və fundamental bir dövlət qurmaq mümkündür. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər arasında “ölkə siyasətinin təməlində dövlət maraqlarının, xalq və iqtidar birliyinin dayanması” ilə bağlı ifadələrin yer alması qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşib. Məhz bu siyasətin həyata keçirilməsi müstəqil, demokratik və hüquqi dövlətin yaranmasının əsasını qoyub. Hazırda mövcud dövlətçilik modelinin ən uğurlu prinsiplərindən biri də milli maraqlarımız çərçivəsindən çıxış etməyimiz və bunu bütün dünyaya çatdırmağımızdır.
“Qafqaz əməkdaşlıq və inteqrasiya” klubunun sədri, tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında “İctimai və dövlət maraqlarının müdafiəsi” ilə bağlı vacib məqamlara toxunub. O bildirib ki, 2020-ci ilin sentyabr ayında Azərbaycan dövləti Cənubi Qafqazda son onilliklərin oturuşmuş reallıqlarını dəyişmək, illərlə tapdalanan hüquqlarımızı bərpa etmək istiqamətində uğurlu əməliyyatlara başladı: “Azərbaycan xalqı çox böyük sevinc hissi ilə Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin başlanması ilə bağlı əmrini təqdir etdi və Prezidentin ətrafında bir yumruq kimi birləşdi. 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar cəbhədə hansı gərginliklərlə müşahidə olunurdusa, eyni həyəcan arxa cəbhədə də hiss olunurdu. Bu baxımdan Vətən müharibəsi Azərbaycan cəmiyyətində həm də milli birliyin, vahid düşüncənin, vətən, xalq və dövlət anlayışının uğurlu vəhdətinə çevrildi. Lakin, Azərbaycan dövlətinin hərbi əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi beynəlxalq səviyyədə uğurlarımızı həzm etmək istəməyən bəzi dairələri narahat etməyə başladı. Həmçinin onların Azərbaycandakı əlaltıları da, bütün mümkün vasitələrdən istifadə etməklə xalq arasındakı mövcud birliyə xələl gətirəcək, qələbəmizlə bağlı insanların qəlbinə şübhə toxumu səpəcək fikirlər səsləndirməyə başladılar. Çox təəssüf ki, Azərbaycan vətəndaşının şüuruna məqsədli şəkildə müdaxilə edərək, düşüncəsini dəyişmək, Prezidentin rəhbərliyi altında həyata keçirilən və əldə olunan misilsiz qələbəyə kölgə salmaq istəyən həmin qüvvələrin təsiri altına düşən insanlarımız da var. Bu tip insanları bir neçə qrupa bölmək mümkündür.
Onların bir qismi məqsədli şəkildə Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq, insanların qələbəmizlə bağlı sevincinə şübhə toxumu səpmək, Ali Baş Komandanın ətrafında cəmləşən xalqın birliyinə xələl gətirmək istəyən qüvvələrdir. Bu insanlar daha çox ölkə xaricində fəaliyyət göstərən, Azərbaycanın uğurlarını həzm etməyən qüvvələr tərəfindən maliyyələşirlər. İkinci qrup insanlar hakimiyyətin hansısa nümayəndəsindən və ya qolundan həyatının müəyyən dövründə incik düşmüş şəxslərdir ki, əldə olunan uğurlarda hakimiyyətin rolunu qiymətləndirmək istəməyərək, hadisələrə subyektiv yanaşırlar. Eyni zamanda birinci qrup insanların yaydığı fikirlərin təsiri altına düşərək, bunu geniş ictimaiyyət arasında təbliğ etməyə çalışırlar. Nəticə etibarilə hakimiyyətdən narazılığın formalaşdırılmasına xidmət edirlər. Üçüncü qrup insanlar isə məqsədli şəkildə milli və dövlətçilik maraqlarlarımıza zidd olan fikirlərin təsiri altında səmimi narahatçılıq keçirənlərdir. Bu insanların bilik və məlumat dairələri o qədər də geniş deyil, Azərbaycanın mövcud olduğu bölgənin geosiyasi şəraitini düzgün dərk edə bilmirlər, eyni zamanada siyasi məsələlərin təhlilini aparmağı bacarmırlar. Dördüncü qrup insanlar isə daha çox birinci və ikinci qrupdan olan şəxslərin təsir dairəsinə düşən şəxslərdir. Onlar prosesləri müəyyən qədər dərk edə bilsələr də, əldə edilən uğurların hakimiyyətin adına yazılmasını istəmirlər. Bunları daha çox Azərbaycanda destruktiv müxalifət nümayəndələri kimi dəyərləndirmək olar. Həmin şəxslər Azərbaycan dövlətinin və ordusnun Ali Baş Komandanın rəhbərliyi altında necə böyük uğurlar əldə etdiyini çox yaxşı anlayırlar. Lakin siyasi ambisiyaları və hakimiyyət uğrunda mübarizə iddiaları bu uğurların İlham Əliyev və onun komandasının adına yazılmasını etiraf etməyə imkan vermir”.
Anar Əliyevin sözlərinə görə, Azərbaycandan kənarda erməni havadarlarının maliyyəsi altında fəaliyyət göstərən bəzi şəxslər öz sifarişçilərinin tapşırığı əsasında milli və dövlət maraqlarımıza qarşı əks təbliğat aparırlar: “Bunlar beşinci qurup insanlardır. Onlar dünyaya demokratiya dərsi keçməyə çalışan bir sıra Qərb dövlətlərində və ABŞ-da oturaraq, Azərbaycan xalqı və dövlətinin maraqlarını hər an ayaqlar altına almağa hazır olan qüvvələrdir. Bu şəxslər üçün Vətən və dövlət anlayışı mövcud deyil. Onlar üçün yalnız əldə etdikləri maliyyə və sifarişi verən qüvvələr önəmlidir. Hesab edirəm ki, hakimiyyətin və onun hansısa nümayəndəsinin fikirlərini qəbul etməmək mümkündür. Amma dövlət və ictimai maraqlar, xalq mənafeyi hər bir azərbaycanlı üçün əsas prinsip olmalıdır. Siyasi statusundan və mövqeyindəın asılı olmayaraq hər bir vicdanlı Azərbaycan vətəndaşı ölkə başçısının və onun milli mənafelərimiz naminə apardığı siyasətin ətrafında səmimi birləşməyi bacarmalı və buna dəstək verməlidir. Əks düşüncədə olan insanı heç bir halda əsl azərbaycanlı kimi qəbul etmək olmaz. Bu gün bütün sahələrdə əldə etdiyimiz uğurlar Azərbaycanı sevməyən bir çox dairələr tərəfindən qısqanclıqla qarşılanır. Həmin dairələrin başında Azərbaycanın Vətən müharibəsi dövründə haqq mübarizəsinə maneçilik törətməyə çalışan Fransa, ABŞ-ın və Rusiyanın bəzi dairələri, Niderland və digər bu kimi dövlətlər dayanır və onlar qələbəmizin miqyasını kiçiltmək, öz maraqlarını təmin etmək üçün xalqımız arasında mövcud olan birliyə xələl gətirməyə çalışırlar. Ona görə də dövlət və ictimai maraqlarımıza xələl gətirməyə çalışanların əlində alətə çevrilməməli, heç bir halda səmimi hisslərimiz üzərində öz şəxsi maraqlarını təmin etməyə çalışanlara oyunlar qurmağa icazə verməməliyik. Hər bir azərbaycanlının borcudur ki, ölkənin ərazi bütövlüyünün bərpasında xidmətləri olan şəxslər qarşısında özünü mənəvi borclu hiss etsin və buna adekvat addımlar atsın. Səngər döyüşlərimizi müqəddəs qələbəmizlə taclandırdığımız kimi, birliyimizi qoruyaraq informasiya və psixoloji müharibəmizi də düşmən üzərində böyük qələbə ilə yekunlaşdırmalıyıq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusuna uyğun olaraq dərc edilir.
