“Dünyada vacib adamam, hamı məni tanıyır və hörmət edir, amma Azərbaycanda bilmirəm” – Mədəniyyət nazirinə EYHAMbackend

“Dünyada vacib adamam, hamı məni tanıyır və hörmət edir, amma Azərbaycanda bilmirəm” - Mədəniyyət nazirinə EYHAM

Bir neçə gündür qocaman aktyorların yaş həddi ilə bağlı işlədikləri teatrlardan kənarlaşdırılması etirazlarla müşayiət olunur. Belə ki, Gənc Tamaşaçılar və Sumqayıt Dövlət Dram Teatrında, eləcə də  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan xalq artistləri 65 yaş həddini keçdiyi üçün işdən çıxarılıb. Onların arasında Hacı İsmayılov, Səidə Quliyeva, Ramiz Məlik, Əli Nur, Valeh Kərimov və digər karifey sənətkarlar da var. Doğrudur, məsələ ilə bağlı həm Mədəniyyət Nazirliyi, həm də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən müəyyən açıqlamalar verilsə də, bu, mövcud reallığı dəyişməyib. Səhnədə olan insanların sağlamlıqla bağlı problem yaşamadığı halda istənilən rolun öhdəsindən gələcəyi heç kimdə şübhə doğurmur. Belə olan halda 65 yaşı tamam olan aktyor və aktrisaların işdən kənarlaşdırılması anlaşılan deyil.

Qalmaqallarla müşahidə olunan bu hadisələrin fonunda KONKRET.az  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovla mədəniyyət naziri Anar Kərimov arasında müəyyən problemlərin yaşandığına dair məlumatlar əldə edib. Mənbəmizin verdiyi məlumata görə, hələ bir müddət öncə mədəniyyət naziri tərəfindən Azərpaşa Nemətova göndərilən məktubda xalq artistindən istefa ərizəsi yazmaq tələb edilib. Ancaq bəxt Nemətovun üzünə gülüb və həmin ərəfədə Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunub. Məhz bu səbəb nazir Anar Kərimovu geri addım atmağa və imzaladığı əmri cırmağa məcbur edib. O, Azərpaşa Nemətova yeni ilə qədər vaxt verib.

Görünən odur ki, hazırda yeni il ərəfəsində teatrlardakı dəyişikliklər, qocaman aktyorların işdən çıxarılması mədəniyyət nazirinin “yeni planı”nın tərkib hissəsidir. Yeni ilə sayılı günlər qalıb və bu, o deməkdir ki, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətova verilən vaxt başa çatmaq üzrədir. Ancaq burada ən maraqlı məqam mədəniyyətimizi “qara günə” qoyan nazir Anar Kərimovun Azərpaşa Nemətovun yerinə hazırda Finlandiyada yaşayan rejissor Kamran Şahmərdanı gətirmək istəyidir. Daha dəqiq desək bu, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərovann planıdır və sonuncu nazir Anar Kərimovla qohumluq əlaqələrinə malikdir. Üstəlik onun haqqında yerli mətbuatda heç də yaxşı fikirlər səsləndirilmir. Belə olan halda Kamran Şahmərdanın Akademik Milli Dram Teatrına rəhbər gətirilməsi Mədəniyyət Nazirliyindəki qaranlıq məqamlardan xəbər verir.

Əldə etdiyimiz bu məlumatlarla bağlı Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovun fikirlərini öyrənməyə çalışdıq. Səsləndirilən iddialarla bağlı KONKRET.az-a danışan cənab Nemətov nazir Anar Kərimovun istefa ərizəsi yazması üçün ona məktub göndərmədyini deyib və bu məsələdən xəbərsiz olduğunu bildirib. Azərpaşa Nemətov müqavilə ilə işlədiyini vurğulayıb.

Teatrda fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “Dünyada vacib adamam, hamı məni tanıyır və hörmət edir. Amma Azərbaycanda bilmirəm”.

Kamran Şahmərdanın onun yerinə gətirilməsi ilə bağlı məsələyə isə xalq artistinin reaksiyası nisbətən kəskin olub: “Kamran Şahmərdan özünü göstərdi. Necə adam olduğunu büruzə verdi. Hazırda onun işi polisdədir”.

Azərpaşa Nemətov bu məsələlərlə bağlı ətraflı fikir bildirmək istəmədiyini deyib: “Mənim heç bir fikirim yoxdur. Nə baş verməlidirsə, o da olacaq. Mən belə şeylərə fikir vermirəm”.

P.S. Azərpaşa müəllimin mövzu ətrafında danışmaq istəməməsi, suallarımızdan yayınması və hətta dediklərini yazmamağımızı xahiş etməsi, nazir Anar Kərimovun istefa tələbi ilə bağlı məktub göndərməsi iddialarının doğruluğuna şübhə yeri qoymur. Ancaq hər bir halda yeni ildən sonra proseslərin hansı məcrada davam edəcəyi aydın olacaq. Hazırda görünən odur ki, mədəniyyət naziri ona tapşırılan vəzifənin öhdəsindən gələ bilmir. Ən azından teatrlardakı problemlər, xalq artistlərinin işdən kənarlaşdırılması, təsadüfi şəxslərin rəhbər vəzifələrə təyin olunması belə deməyə əsas verir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*