Ədalət Partiyası hakimiyyətə təşəkkür edib, onu sürətli islahatlara çağırdı – BƏYANATbackend

Ədalət Partiyası hakimiyyətə təşəkkür edib, onu sürətli islahatlara çağırdı - BƏYANAT

Ədalət Partiyası 27 sentyabr Anım Günü ilə bağlı bəyanat verib.

KONKRET.az bəyanatı təqdim edir: “Düz, bir il əvvəlin bu günü – 2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını qonşu Ermənistanın işğalından azad etmək və ərazisindəki terrorçu-separatçı hərəkata son qoymaq üçün başladığı “Dəmir Yumruq” adlı əks-hücum əməliyyatları 44 gün içərisində öz hədəfinə çatdı: döyüş meydanında ağır məğlubiyyətə uğrayan düşmən əvvəllər işğal edib özününküləşdirməyə çalışdığı torpaqlarımızdan çıxmaq haqda öz üzərinə rəsmi öhdəliklər götürməklə, noyabrın 10-da qonşu Rusiya Federasiyasının da zəmanəti altında kapitulyasiya sənədi – atəşkəs razılaşması imzalamağa məcbur qaldı. Ermənistanın 30 ilə yaxın bir müddət ərzində işğal altında saxladığı və talan etdiyi torpaqlarımızda artıq Azərbaycan bayrağı dalğalanır, yenidən bərpa olunan dövlət sərhədlərimizdə Azərbaycan əsgəri keşik çəkir, dağıdılmış və viran edilmiş yurd yerlərimizdə böyük tikinti-quruculuq işləri aparılır, dinc sakinlərin öz evlərinə rahat qayıdışı və yaşayışı üçün geniş təhlükəsizlik tədbirləri görülür.

Şübhəsiz ki, əsas yükü, ağırlığı Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin üzərinə düşən bu böyük qələbə həm də ölkədə yaradılmış ordu-xalq-hakimiyyət vəhdəti, siyasi mövqeyindən və milli mənsubiyyətinidən asılı olmayaraq bütün vətəndaşlarımızın səmimi birliyi sayəsində, milli iradənin qətiyyətlə və böyük ruh yüksəkliyi ilə ortaya qoyulması hesabına əldə edildi. Ədalət Partiyası bu qələbənin əldə edilməsində misilsiz şücaət və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizi, öz canını Vətənimizin azadlığı üçün qurban vermiş şəhidlərimizi, döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onların valideynlərini bu gün böyük minnətdarlıq, iftixar, qürur və hörmət hissiylə anaraq, bu şərəfli insanların xatirəsinin daim əziz tutulacağını bir daha bəyan edir.

Həmçinin Vətənimizin azadlığı məqsədiylə aparılan döyüş əməliyyatlarına düzgün və uğurla komandanlıq etdiyinə, Ordunu və cəmiyyəti vahid qüvvə şəklində bütövlükdə öz arxasınca səfərbər etməyi məharətlə bacrdığına görə, ölkənin Ali Baş Komandanına da xüsusi təşəkkürünü bildirir, eyni əzm və iradənin, qətiyyətin və peşəkarlığın bundan sonrakı mərhələdə də ölkə problemlərinin həllində davam etdirilməsini səmimiyyətlə arzulayır, hakimiyyəti isə yeni siyasi münasibətlərə keçid və sürətli islahatlar üçün 44 günlük savaşın yaratdığı şəraitə bir başlanğıc və sağlam təməl kimi baxmağa səsləyir.

Dünya tarixində demokratiyanın və Vətənin müdafiəsinə dair ən qədim və ən yaxşı çıxışlardan biri sayılan və ermızdan əvvəl V əsrdə Qədim Yunanıstanda yaşamış Afinalı Periklin şəhərin qorunmasında həlak olmuş döyüşçülərin qəbirüstü nitqində belə bir məşhur ifadə var: “Şəhərimizin əzəmətinə görə fərəhlənərkən, heç vaxt unutmayın ki, bu şəhəri şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən insanlar yaratmışlar… Bu cür insanları indən belə örnək sayın və bilin ki, xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur və hərbi təhlükələrin üzərinə dik baxın!”

Ədalət Partiyasının qənaətincə, Azərbaycan xalqı da bundan sonra ölkəmizin gələcək uğurlarına görə fərəhlənərkən, həmişə qürurla xatırlayacaq ki, bu böyük zəfəri bizə yaşadaraq, gözəl gələcəyimizi təmin edənlər məhz onun şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən, Vətən uğrunda vuruşaraq ölməyi ən müqəddəs iş sayan qəhrəman övladları olub. Bu övladlarımızı daim xatırlayacaq, onları heç vaxt unutmayacaq və örnək sayacağıq!

Müqəddəs kitabımız “Qurani-Kərim”də deyildiyi kimi, “Onlar həmişə diridirlər” və xalqımız, dövlətimiz var olduqca da, yaşayacaqlar!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*