Ölkədə gənc ailələrdə sonsuzluq göstəricisi yüksək sürətlə artmaqdadır. Son illərdə bunun səbəbi heç də qadın deyil, məhz kişi sonsuzluğu olur. Gənclərin sonsuzluqla necə mübarizə aparmasından Elmi Tədqiqat və Urologiya Mərkəzinin rəhbəri Firuzə Alimova KONKRET.az-a danışıb.
Həkimin sözlərinə görə, kişilərdə xəstəliyin əsas amilləri çirkli ekologiya, nizamsız cinsi həyat və stresdir. Alimova qeyd edib ki, sonsuzluq hətta peşəyə görə də inkişaf edə bilər. Buna görə həkim zərərli istehsalı, sənayeni də səbəblərindən biri kimi göstərib.
“Əsasən, sonsuzluq problemi gənc yaşda ortaya çıxır, təxminən 27 yaş və ondan sonra. Məhz kişilərdə bunun baş verməsinin səbəbləri qadınlarla müqayisədə daha çoxdur. Bəri başdan qeyd edim ki, uroloq elə bir serhrli dərmanı yoxdur ki, onu xəstəyə verib desin ki, “bunu iç və hər şey yaxşı olacaq”. Buna inanmayın, heç vaxt belə ola bilməz. Müalicə – həmişə hərtərəfli, kompleks bir yanaşmadır. Bu həm fizioterapiyadır, həm psixoterapiyadır, həm də dərman müalicəsidir. Bu məsələdə çox nüans və aspekt var”, – deyə Alimova problemin miqyasına diqqət çəkib.
Həkimin sözlərinə görə, əgər bu problemi vaxtında həll etsəniz, onda süni mayalanmaya ehtiyac qalmayacaq.
“Biz sonsuzluqla üzləşən ailələrdə kişiləri daha dərin müayinədən keçiririk. Bizim cərmiyyətdə əgər qadın uşaq doğmursa, dərhal problemi onda görürlər, amma son illərin təcrübəsi göstərir ki, çox vaxt problem məhz kişilrədə olur. Spermanın inkişafı, onun hərəkətliliyi, yumurtahüceyrəni mayalandırmaq qabiliyyəti – bütün bu məsələləri süni mayalanmaya qədər ciddi müayinə etmək lazımdır. Bəlkə bu məqamları kişidə müalicə etmək və normal spermatogenezə, məhsuldarlığa qaytarmaq daha asandır. Biz belə xəstələri müalicə edirik. Bu məsələni nəzarətdə saxlayırıq. Süni mayalanma ilə məşğul olan həmkarlarımızla ünsiyyət qurur və məlumat mübadiləsi edirik”, – deyə elmi mərkəzin rəhbəri əlavə edib.
“Uroloqlarımızın vəzifəsi kişilərə məhsuldarlığı qaytarmaqdır. Bu, strateji və milli problemdir. Çünki əhali artımı dövlətin vacib vəzifələrindən biridir. Biz bu işdə iştirak etməkdən məmnunuq və bu funksiyanı yerinə yetirməyi özümüzə borc bilirik”, – deyə Alimova sözlərini tamamlayıb.
