Ekspertdən qorxunc ssenari: Rusiya bu NATO ölkəsinə hücum edə bilərbackend

Ekspertdən qorxunc ssenari: Rusiya bu NATO ölkəsinə hücum edə bilər

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda NATO-nun şərq cinahında təhlükəsizlik məsələləri yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Amerikalı politoloq Leon Aronun Kremlin daxili təzyiqləri azaltmaq məqsədilə NATO üzvü olan Estoniya və ya Latviyaya qarşı məhdud hərbi əməliyyat variantını nəzərdən keçirə biləcəyi barədə səsləndirdiyi fikir də bu müzakirələri daha da gücləndirib.

Bəs bu ssenari nə dərəcədə realdır və belə bir addım hansı nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli vurğulayıb ki, hazırda Rusiya ilə bağlı müxtəlif proqnozlar səsləndirilir və Leon Aronun irəli sürdüyü ehtimal da həmin yanaşmalardan biridir.

Xameneinin yaralanması ilə bağlı İLGİNC PROQNOZ | KONKRET

“Rusiyanın Baltikyanı ölkələrə qarşı sərt mövqeyi uzun illərdir davam edir. Estoniya, Latviya, eləcə də digər Baltik ölkələri də Ukraynaya verdikləri güclü dəstək fonunda Moskvaya qarşı prinsipial siyasət yürüdürlər.

Nəzəri baxımdan Rusiyanın Baltikyanı ölkələri, eləcə də Finlandiya və İsveçi hədəfə alma ehtimalı tamamilə istisna edilə bilməz. Çünki Kremlin müxtəlif vaxtlarda verdiyi açıqlamalar belə risklərin mövcudluğunu göstərir”.

Lakin Elçin Xalidbəyli vurğulayıb ki, burada əsas məsələ Estoniya və Latviyanın NATO üzvü olmasıdır:

“Əgər Rusiya bu ölkələrə hərbi müdaxilə edərsə, bu o deməkdir ki, Kreml belə addımın doğuracağı bütün nəticələri əvvəlcədən hesablayıb və bunu müəyyən strateji məqsədlər naminə atır. Əks halda, belə bir qərarın verilməsi real görünmür.”

Ekspert xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Moskvanın NATO ilə birbaşa müharibəyə girmək niyyətində olmadığını bəyan edib. Buna baxmayaraq, amerikalı politoloqun proqnozu reallaşarsa, bu artıq NATO ilə açıq qarşıdurma anlamına gələcək.

“Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, üzv dövlətlərdən birinə silahlı hücum bütün Alyansa qarşı hücum hesab olunur. Bu səbəbdən Rusiyanın Estoniya və ya Latviyaya hərbi müdaxiləsi NATO-Rusiya müharibəsinin başlanmasını faktiki olaraq qaçılmaz edə bilər”, – deyə politoloq qeyd edib.

Elçin Xalidbəyli bildirib ki, belə bir qarşıdurmanın nəticələri son dərəcə ağır ola bilər. Onun fikrincə, genişmiqyaslı müharibə zamanı daha dağıdıcı silahlardan istifadə ehtimalını da istisna etmək olmaz.

“Rusiya nüvə dövlətidir. NATO-nun tərkibində də nüvə silahına malik ölkələr var. Belə bir münaqişə qlobal müharibəyə, hətta ən pis ssenaridə nüvə qarşıdurmasına qədər inkişaf edə bilər. Bu isə bütün dünya üçün son dərəcə təhlükəli nəticələr doğurar”, – deyə politoloq fikrini tamamlayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*