Son zamanlar sosial şəbəkələrdə, eləcə də ictimaiyyətdə yerli şou-biznes əhlinin savadsızlığı və nitq mədəniyyətinə, ədəbi dilin normalarına riayət etməməsi müzakirə obyektinə çevrilib.
Bu mövzunun növbəti dəfə gündəmə gəlməsi müğənni Xatirə İslamla bağlı oldu. Belə ki, sosial şəbəkə hesabında məclislərdən birindən video yayımlayan ifaçı “Səhnədən darıxdım” şərhini yazıb.
Onun səhvi izləyicilərin gözündən yayınmayıb. Bir çoxları Xatirəyə cümləni anlaşılmaz qurduğunu bildirməklə irad tutub.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu danışıb. O, bu halın təkcə müğənnilər arasında deyil, kütləvi şəkildə yayıldığını bildirib:
“Kütləvi savadsızlığı yalnız zavallı müğənnilərlə bağlamaq olmaz. Təkcə toy müğənniləri savadsız yazı tərzləri ilə seçilmirlər, o qədər toyda oxumayan sənətçilər var ki, sosial şəbəkədə nə isə yazanda elə bilirsən ki, ermənidirlər, Azərbaycan dilini, qrammatikasını indi öyrənirlər. Hətta bizim ziyalı kimi bildiyimiz adamlar belə sosial şəbəkələrdə biabırçı vəziyyətdə yazırlar. Stəkanı “istəkan” yazanı belə var, elə bil kənddə çayxanada oturub danışırlar, o tərzdə də yazırlar. Onlar anlamırlar ki, sosial şəbəkə ədəbi dilin meydanıdır. Hərə öz şivəsi ilə sosial şəbəkə hesabında yazı yazmamalıdır, bu, ümumi bəladır, kütləvi savadsızlıq baş alıb gedir. Bu, toyda oxuyan, oxumayan müğənnilərə də, digər peşə sahiblərinə də aiddir. Bu gün bir çox müəllimlərimiz də sosial şəbəkələrdə çox savadsız çıxış edirlər. Hər şeyin kökü gedib təhsilə dayanır. Təhsilimiz biabırçı vəziyyətdədir. Təhsil ocaqlarımız savad vermir, sadəcə attestat, diplom verir.
Mən İsmayıllının Mollaisaqlı kəndində oxumuşam, daha sonra başqa məktəbdə, Bakı Dövlət Universitetində, Moskvada, Bolqarıstanda oxumuşam, ömrü boyu oxumuşam, amma hələ də özümü savadlı insan hesab etmirəm, çünki hər gün öyrənmək, oxumaq lazımdır. Gedib 2 sinif oxuyub əlifbanı öyrənirlər, sonra olurlar “alim”, hələ üstəlik, sosial şəbəkələrdə də insanlara nəsihət verirlər”.
B.Vəziroğlu qeyd edib ki, bu cür problemlərin yayılmasının kökündə məhz təhsil dayanır:
“Əsas müzakirə edilməli olan məsələ təhsilimizin niyə bu gündə olmasıdır. Niyə insanlar sadəcə adlarının qarşısına “quş” qoyulması xatirinə məktəbə gedirlər? Bütün bunlar aradan qaldırılmasa, problemlər həll olunmayacaq. Təkcə sosial şəbəkələr biabırçı vəziyyətdə deyil, kitablarımız da o gündədir. İndi kimin cibindi 5-10 manat pulu varsa, aparıb mətbəəyə verir və istədiyini çap etdirir. Reklamlarımız pis gündədir. Telekanallar deyir ki, biz reklamların mətninə cavabdeh deyilik. Necə cavabdeh deyilsiniz? Bu, sizin adınızdan gedir. Camaat efirə baxır, söyüşün böyük hissəsi də elə sizə gedir axı. Mütləq reklamların dilinə fikir vermək lazımdır, bilinmir moltanı dilindədir, erməni dilindədir… Bu gün reklamlarda savadsızlığın fontan verdiyi mətnlərə rast gəlirik.
Bu cür savadsız yazan, danışan insanlarla mübarizə aparmaq çətindir, onları yenidən birinci sinfə göndərə bilmərik, amma bundan sonrakı nəslin daha savadlı olması üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, gələcək nəsillər bu pis, biabırçı ənənəni davam etdirməsin. Nəsillərin estafeti adlı bir anlayış var, kaş nəsillərin estafeti elə burada qırılaydı və yeni savadlı nəsil yetişəydi”.
Baba müəllim çox düz deyir. Savadsızlıq baş alıb gedir. Adına savadlı deyən bir ziyalının da yazı savadı yoxdur. Deyəndə niyə belə yazmısan? Cavab verir ki, tələsik oldu, nə bilim ona fikir verən kimdir və s. Belə olmaz! Onsuz da təhsili bərbad günə qoyublar. İnsan ilk növbədə ana dilində yazıb oxumağı bacarmalı, tarixini dəqiq öyrənməlidir .Mütləq! Bizdə isə ana dili, tarix qalıb bir yanda düşüblər İngilis dilinin üstünə. Ana dilini bilməyənə xarici dili necə öyrədəsən. Xarici dil hər kəs üçün vacib deyil!Amma ana dilini və tarixini mütləq bilməlidir.
Tamamilə doğrudur.
Uşaq bağçasından başlamaq lazımdır. Oradakı dayələri, müəllimləri təkmilləşdirib, izafi məvacib verilməlidir. Ürək yandıran iki cür olur biri doğuşdan digəri mühitdən, burada məvacib əsas elementlərdən biridir.
Hörmətli ziyalımızın toxunduğu savad məsələsi həqiqətən də mühiti, gələcək nəsillərin düşüncə tərzini belə formalaşdıracaq , əslində tək təhsil sahəsini deyil cəmiyyətin bütün sahə və təbəqələrini əhatə edən, gecikmədən həll edilməsi vacib olan çox aktual məsələdi.
Bu baba muellim sozunu deyib yeni xatire toy mugennisidir Savad ne gezir.
Baba Vəziroğlu savadsızlığı gözəl vurğulayıb. Lakin kəndi bu söhbətə qarışdırmaqla başından böyük qələt edib.
Doğrudur, hər yerdə sıhvlərə rast gəlmək olur. Bu bizim özümüzün ozümüzə hörmətsizliyimizdir.
Xatirə İslam sənin sözlərinə mahnı bəsdələtdirsə deyəsən ondan yaxşı sənətkar yoxdur!
Hörmətli Baba müəllim. Ömrüm boyu televizorlar da, reklam və alt yazılarda gördüyüm səhvlərə irad tutmuşam. Amma Azərbaycan dili və ədəbiyyatı müəllimləri guya hal-hazırda dialektik danışıqlara ədəbi dilimizdə icazə verildiyini əsas göstərirlər. Axı dialektik şivələr Azərbaycan ədəbi dili deyil axı.. . 20 il əvvəl hansısa dilçi guya yenilik gətirib deyə ədəbi dilimizi zibillərib, indi də əziyyətini çəkirik. Buna bir əncam çəkmək lazımdır. Gənc nəslimiz gözəl dilimizdə gözəl danışsınlar. Xarici dillərlə müqayisə etdikdə Azərbaycan dilinin bir çox özəllikləri var və bununla fəxr etmək lazımdır.
Baba müəllim təmamilə haqlıdır. Müğənni olanda nə olar ki, dilimizə hörmətlə yanaşmalı, ən azından dilin qrammatikasını dərindən yiyələnməlidir.