Erməni internet seqmentində Vazgen Sarkisyanla bağlı maraqlı bir yazı dərc edilib.
KONKRET.az həmin yazını olduğu kimi təqdim edir.
Vazgen Sarkisyan 1991–1992 və 1995–1999-cu illərdə Ermənistanın ilk müdafiə naziri, 1999-cu il iyunun 11-dən oktyabrın 27-dək isə Ermənistanın baş naziri olub. O, 1999-cu il oktyabrın 27-də parlamentdə törədilən terror aktı nəticəsində öldürülüb.
1996–1999-cu illərdə V.Sarkisyanın müavini olmuş Vaan Şirxanyan həmin hadisələri belə xatırlayır. Onun söylədikləri müəyyən mənada bugünkü hadisələrlə də səsləşir:
“ABŞ səfərindən qayıtdıqdan sonra Vazgen mənə dedi ki, bu takank (o, Robert Köçəryanı nəzərdə tuturdu) Meğri ərazisini təhvil verməyə razılaşıb. Bunu ona ABŞ-ın o vaxtkı vitse-prezidenti Albert Qor deyib.
Elə Amerikada da ona (Vazgenə) milyonlarla dollarlıq aktivləri və bank hesabları olan Ermənistan vətəndaşlarının siyahısını təqdim ediblər. Siyahıda onun bütün ətrafı və dostları var idi. O, bundan qəzəblənmişdi. Başa düşə bilmirdi ki, hansısa amerikalı niyə ona – dostlarının içərisindəki oğruların siyahısını göstərməlidir?
Vazgen mənə dedi ki, onların hamısı mənim yanıma gələcək və könüllü şəkildə investisiya qoyacaqlar. Mən isə bu ‘könüllülüyün’ nə demək olduğunu başa düşürdüm.
İlk olaraq Serj Sarkisyan mənim yanıma gəldi və 200 milyon dollar investisiya qoymağa hazır olduğunu bildirdi. Ondan sonra digərləri də gəldilər.
Lakin heç kim heç nə etmədi. Çünki 27 oktyabr hadisəsi baş verdi”.
Qeyd edək ki, Vaan Şirxanyan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra azadlığa çıxıb.
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az
