Son günlərin ən çox müzakirə olunan mövzularından biri müxalifət lideri Əli Kərimlinin saxlanılmasıdır. Hadisə həm siyasi çevrələrdə, həm də cəmiyyətdə geniş rezonans doğurub. Prosesin dövlət çevrilişinə cəhd ittihamı ilə əlaqələndirilməsi isə mövzuya diqqəti daha da artırıb. Məsələnin ölkə daxilində hansı siyasi nəticələrə səbəb ola biləcəyi, ümumi siyasi mühitə təsirləri barədə müxtəlif fikirlər səsləndirilir. Maraqlıdır, Əli Kərimlinin həbsi dövlət daxilində və cəmiyyətdə nələri dəyişəcək?
Ağ Partiyanın sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, Əli Kərimlinin saxlanılması məsələsinə yalnız bir partiya rəhbərinin həbsi kimi yanaşmaq doğru deyil. Onun sözlərinə görə, burada əsas mövzu dövlət çevrilişinə cəhd ittihamı və bunun ətrafında aparılan genişmiqyaslı istintaq tədbirləridir.
Tural Abbaslı qeyd edib ki, proses təkcə Əli Kərimlidən ibarət deyil:
“Dövlət çevrilişinə cəhd məsələsi var. Burada əsas söhbət Ramiz Mehdiyev və onun dəstəsindən gedir. İndi bu cinayət işi ətrafında müxtəlif həbslər, istintaq addımları olur. Bu dəfə də hələlik Əli Kərimli saxlanılıb. Amma hələ məhkəmənin qərarı yoxdur, evində axtarış aparılıb. Mən məsələni təkcə bir partiya rəhbərinin həbsi kimi dəyərləndirməzdim, bu, kompleks tədbirdir”.
Ağ Partiya sədrinin sözlərinə görə, dövlət çevrilişinə cəhdin qarşısının alınması dövlətin gələcəyi baxımından mühüm addımdır.
Əli Kərimli ilə bağlı ittihamlara gəlincə, Tural Abbaslı bildirib ki, istintaqın materialları hələ tam açıqlanmayıb:
“İstintaq zamanı mediada yayılan, evində tapıldığı iddia edilən sübutların nə dərəcədə dəqiq olduğu, ictimai rəyi inandırıb-inandırmayacağı daqiqləşməlidir. Adam haqqında məhkəmə qərarı yoxdur. Ona görə də istintaqın addımlarını gözləmək lazımdır”.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli saytımıza açıqlamasında bildirib ki, Əli Kərimliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 maddəsi ilə ittiham irəli sürülüb. Bu, əslində çox ciddi ittihamdır”.
“AXCP ölkədə sosial bazası və tarixi olan bir partiyadır. Əli Kərimli də uzun müddətdir ki, partiyanın rəhbəridir və siyasi proseslərdə fəal iştirak edir. Onun Prezident Administrasiyasının kecmiş rəhbəri Ramiz Mehdiyevlə əlaqələrinin olduğu barədə vaxtilə məlumatlar dolaşırdı. Lakin hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər etməsi haqda fikirlər yenidir. Bu, Ramiz Mehdiyevin ittiham olunduğu maddələrdən biri ilə üst-üstə düşür”.
M.Rəhimli əlavə edir ki, həmin vaxtlar belə müzakirə və planlar olub.
“Ancaq bütün bu suallara istintaq orqanları dəqiq cavab verə bilər. Hazırda proses gedir və nəticəni gözləmək lazımdır. İstintaq orqanları yəqin ki, həqiqəti üzə çıxaracaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az


