Əli Xameneinin bacısı qızı HƏBS EDİLDİ – VİDEObackend

Əli Xameneinin bacısı qızı HƏBS EDİLDİ - VİDEO

Əli Xameneinin bacısı qızı Fəridə Muradxani həbs edilib.

KONKRET.az İran mediasına istinadla xəbər verir ki, bu barədə, İrandakı hüquq müdafiəçiləri və Parisdə mühacirətdə yaşayan Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani (Əli Xameneinin bacısı oğlu – red.) məlumat yayıb.

O bildirib ki, bacısı ötən cümə axşamı günü axşam saatlarında küçədə evinə qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Muradxani bacısının siyasi fəaliyyətlə məşğul olmadığını deyib: “Mənim bacım siyasi bir şəxs deyil, o siyasətlə də heç vaxt məşğul olmayıb və bu sahədə fəaliyyət də aparmayıb.

O, sadəcə olaraq, bir hüquq müdafiəsi kimi fəaliyyət göstərib, xeyriyyə işləri ilə məşğul olub, siyasi məhbusların ailələrinin yanında olub və bununla bağlı keçirilən dinc etirazlarda iştirak edib.

Baxmayaraq ki, Əli Xamenei mənim dayımdır, lakin bizim ailəmizin onunla müxalif olması, xüsusən də atamın ona qarşı müxalif mövqedən çıxış etməsi Xameneinin rəhbər vəzifəsinə təyin edilməsindən əvvəlki vaxtlara qayıdır. O da bunu yaxşı bilir. Lakin Xamenei və onun rejimi bizə qarşı bundan artıq bir iş görə bilmir, yoxsa bacarsaydılar görərdilər.

Ailəmizə qarşı bu kimi təzyiqlər bizim üçün yeni bir şey deyil. Onlar bacardıqları qədər bu kimi həbslərlə mənə, atama və ailəmizə təzyiq göstərərək bizi susdurmağa çalışırlar. Lakin bu heç vaxt onların istədiyi kimi olmayıb və olmayacaq da.

Daha doğrusu, onlar heç vaxt bizə göstərdikləri bu kimi təzyiqlərlə öz niyyətlərinə nail ola bilməyiblər”, – deyə Mahmud Muradxani “İran İnternational” telekanalına açıqlamasında bildirib.

Yayılan məlumata görə, ETTELAAT əməkdaşları Fəridə Muradxanini həbs etdikdən sonra onun mənzilində axtarış aparıb, ona məxsus bir sıra şəxsi əşyalar götürüblər.

Fəridə Muradxaninin həbsinin səbəbi və onun konkret nədə günahlandırıldığı hələlik bilinməsə də, onun həbsinin üç ay əvvəl İranın keçmiş şahının həyat yoldaşı Fərəh Pəhləvi ilə onlayn şəkildə keçirilən bir görüşdə iştirak etməsi və bununla bağlı fikirlər səsləndirməsi ilə əlaqədar olduğu təxmin edilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*