Əliyev bu dəfə sülhməramlıların fəaliyyətindən niyə razılıq etdi? –  Hansısa razılaşma əldə olunub? – AÇIQLAMAbackend

Əliyev bu dəfə sülhməramlıların fəaliyyətindən niyə razılıq etdi? - Hansısa razılaşma əldə olunub? - AÇIQLAMA

“Prezident İlham Əliyev Rusiya mediasına açıqlamasından sonra Türkiyə mətbuatına müsahibə verdi. Bu, Anım Günü ilə bağlı olsa da, Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar həm də siyasi gedişlərin tərkib hissəsi olduğunu deməyə əsas verir”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir səsləndirib. O bildirib ki, Əliyev Rusiya mediasında Moskvaya iki müsbət siqnal ötürdü:

– rus sülhməramlılarının fəaliyyətini qənaətbəxş adlandırdı: halbuki, öncəki çıxışlarından sərt mövqe sərgiləmişdi;

– hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini, müəyyən sifarişlərin verildiyini açıqladı: ruslar regionun silah bazarında iştirak payının azalmasını istəmirlər;

Əliyev Türkiyə mediasına müsahibəsində də Moskvaya müsbət siqnallar göndərdi:

– kiçik problemlərin olmasına baxmayaraq, sülhməramlıların fəaliyyətindən razılıq etdi;

– Moskvanın İrəvanı yenidən silahlandırması ilə bağlı məsələni erməni təbliğatı adlandırdı və bu məsələnin yanlış təqdim olunduğunu vurğuladı: Bakı-Moskva arasında münasibətləri kifayət qədər yüksək qiymətləndirdi;

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Asif Nərimanlı əlavə edib ki, hər iki ölkənin mediasına verilən müsahibədə ortaq mövqe birdir: “Münaqişə həll olunub, rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilər Azərbaycan torpağıdır və orada yaşan ermənilər Azərbaycan vətəndaşıdır. Bu fikirlərin Soçidə Ərdoğan-Putin görüşündən öncə bildirilməsi Bakının görüşlə bağlı gözləntilərindən irəli gəlir və Rusiyaya müsbət mesajlar verən Prezident mövqeyini yenidən gündəmə gətirir. Görüşdə 10 noyabr razılaşmasıın icrası, “altılıq platforması”, Qarabağdakı vəziyyətin də müzakirə ediləcəyi istisna deyil. O da istisna deyil ki, Ərdoğan Əliyevin Qarabağla bağlı mövqeyini masaya daşıyacaq. Bu gözləntilər fonunda Əliyevin Qarabağdakı ermənilərə yarada biləcəyimiz şəraitdən danışması təsadüfi deyil. Rəsmi Bakı Azərbaycan sərhədləri daxilində yaşan ermənilərlə bağlı proqramını şifahi formada təqdim edir. Ərdoğanın müharibənin başlanmasının ildönümü münasibətilə Əliyevə zəng etməsi, liderlərin həm də Soçi görüşündən öncə “saatlarını yoxlaması” və müzakirə detallarını dəqiqləşdirməsi anlamına gəlir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*