Ermənistanda Konstitusiyaya dəyişiklik təşəbbüsü ətrafında siyasi qarşıdurma getdikcə dərinləşir. Baş nazir Nikol Paşinyanın referendum keçirmək üçün müxalifətdən dəstək ala bilməməsi ölkədə yeni siyasi gərginlik yaradıb. Müxalifət təklif olunan dəyişiklikləri qəbul etmədiyi halda, hakimiyyətin növbəti addımlarının nə olacağı, növbədənkənar parlament seçkilərinin gündəmə gəlib-gəlməyəcəyi sual doğurur.
Belə bir ssenaridə Paşinyanın yenidən hakimiyyətdə qalmaq şansları nə dərəcədə yüksəkdir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırda Ermənistanda faktiki olaraq hakimiyyət uğrunda mübarizə gedir. Onun sözlərinə görə, Paşinyanın Konstitusiyaya dəyişiklik planının reallaşması üçün parlamentdə mütləq səs çoxluğu deyil, konstitusion çoxluq əldə etməsi tələb olunur.
![]()
Ekspert xatırladıb ki, Paşinyan parlamentdə 64 mandatla hökumət qurmaq imkanına malik olsa da, Konstitusiyaya dəyişiklik üçün 70 deputatın dəstəyi lazımdır. Bu səbəbdən baş nazir noyabrın 20-də müxalifətə müraciət edərək referendumun keçirilməsi üçün əlavə altı səs istəyib. Paşinyan təklif edib ki, referendumda xalq dəyişikliklərə qarşı çıxarsa, o, bir həftə ərzində istefa verəcək, əks halda isə növbəti seçkilərdə baş nazirliyə namizədliyini irəli sürməyəcək.
Ə.Əlibəylinin sözlərinə görə, həm Ermənistan, həm də “Güclü Ermənistan” fraksiyaları bu təklifə qarşı çıxaraq, nəzərdə tutulan Konstitusiya dəyişikliklərini Azərbaycanın tələbləri ilə əlaqələndiriblər. Paşinyan isə bu yanaşmanı qəbul etməyib və növbədənkənar seçkilərin keçirilməsi qarşısında hüquqi maneə olmadığını bəyan edib.
Siyasi şərhçi hesab edir ki, müxalifətin imtinası nəticəsində Konstitusiya referendumu üçün zəruri olan 70 səsin toplanması çətinləşir. Bu isə Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində əsas şərtlərdən biri hesab etdiyi konstitusion dəyişikliklər prosesini bloklaya bilər.
Ekspert diqqətə çatdırıb ki, siyasi qarşıdurmanın parlament çərçivəsindən kənara çıxaraq küçə etirazlarına keçməsi ehtimalı da artır. “Güclü Ermənistan” fraksiyasının nümayəndələrinin etiraz aksiyalarının keçiriləcəyi ilə bağlı açıqlamaları ölkədə siyasi mübarizənin yeni mərhələyə qədəm qoya biləcəyini göstərir.
Ə.Əlibəyli vurğulayıb ki, yaranmış vəziyyət Azərbaycan-Ermənistan sülh prosesinə də təsirsiz ötüşməyə bilər. Konstitusiya dəyişikliyinin gündəmdən çıxması sülh danışıqlarını ləngidə və ya müəyyən müddətə dondura bilər. Bununla belə, yaranmış siyasi vəziyyət Paşinyan üçün növbədənkənar seçkilərə getmək baxımından alternativ imkan da yaradır.
Növbədənkənar parlament seçkilərinin hüquqi baxımdan real olduğunu deyən şərhçi bildirib ki, Paşinyan əvvəlcə ictimai müzakirələrin aparılmasını, daha sonra məsələnin parlamentdə müzakirəsini və seçki qərarının qəbulunu nəzərdə tutur. Müxalifət isə belə seçkilərin keçirilməsi üçün baş nazirin əvvəlcə istefa verməli olduğunu düşünür.
Ekspertin qənaətinə görə, Paşinyanın əsas siyasi hesabı müxalifəti iki seçim qarşısında qoymaqdır: ya referendumun keçirilməsinə imkan vermək, ya da növbədənkənar seçkilərə getmək. Onun fikrincə, baş nazir parlamentdəki 64 mandatına əlavə olaraq altı deputatın dəstəyini qazanmağa da cəhd edə bilər.
Ə.Əlibəyli hesab edir ki, Paşinyan qarşıdakı aylarda ya növbəti seçkilərdə yenidən qələbə qazanmalı, ya da konstitusion çoxluq əldə etmək üçün siyasi imkanlarını genişləndirməlidir. Əks halda müxalifətin güclənməsi və küçə etirazlarının genişlənməsi hakimiyyət üçün ciddi siyasi sınağa çevrilir.
Aynurə İsmayıl
KONKRET.az
