Bəzən insanlar yaxınlarının vəfatından sonra gözləmədikləri bir vəziyyətlə üzləşirlər. Belə ki, valideyn dünyasını dəyişdikdən sonra övladları onun banka kredit borcunun olduğunu öyrənir. Hətta bəzi hallarda banklar mərhumun övladlarından həmin borcun ödənilməsini tələb edirlər.
Bəs valideynin borcuna görə övlad məsuliyyət daşıyırmı?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan vəkil Ramil Süleymanov bildirib ki, valideynin borcunu yalnız ondan miras qəbul edən övladlar, aldıqları mirasın payı qədər ödəməlidirlər:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəalarına əsasən, şəxs vəfat etdikdən sonra onun mirasını qəbul edən vərəsələr mirasdan əldə etdikləri paya mütənasib olaraq mərhumun kreditorlar qarşısında olan öhdəliklərinə də cavabdehdirlər.
Yəni vəfat etmiş şəxsin banka, hər hansı fiziki şəxsə və ya müəssisəyə qarşı icra edilməmiş öhdəlikləri, o cümlədən kredit borcu varsa, həmin borcun ödənilməsi mirası qəbul etmiş vərəsələrin üzərinə düşür. Lakin onlar bu öhdəlikləri yalnız qəbul etdikləri miras əmlakının dəyəri və payı həddində daşıyırlar”.
Vəkilin sözlərinə görə, miras qəbul edilməyibsə, bank borcu övladlardan tələb edə bilməz:
“Əgər vəfat edən şəxsin heç bir miras əmlakı yoxdursa və vərəsələr də ondan hər hansı əmlakı miras olaraq qəbul etməyiblərsə, bu halda bankın həmin şəxslərdən borcun ödənilməsini tələb etmək hüquqi əsası yoxdur. Belə olan halda vərəsələr bankın borcun ödənilməsi ilə bağlı tələbindən imtina edə bilərlər. Çünki onlar mirası qəbul etmədikləri üçün mərhumun borc öhdəliklərinə görə məsuliyyət daşımırlar”.
