Pekindən Rusiyaya növbəti soyuq duş: “Qoy yavaş-yavaş çöksün”backend

Pekindən Rusiyaya növbəti soyuq duş: “Qoy yavaş-yavaş çöksün”

Pekindən yerli “əzəmət” fanatları üçün növbəti soyuq duş gəlib. Çin sosial şəbəkələrində Rusiyanın yenidən böyük dövlətə çevrilmək üçün heç olmasa hansısa şansının qalıb-qalmadığına dair son dərəcə açıq və sərt təhlil sürətlə yayılır.

Əgər əvvəlki təhlildə Rusiyanın xəritədəki geosiyasi çıxılmaz vəziyyətindən bəhs edilirdisə, bu dəfə söhbət bütövlükdə imperiya iddialarına verilən hökmdən gedir.

Çində diplomatik nəzakət pərdəsinə bürünmədən belə yazırlar:

1. “Pələng yıxılıb, amma pozalar hələ də qalır”.

Putinin hakimiyyəti dövründə Rusiyanın yenidən yüksəlişə nail olması mümkün görünmür. Hətta növbəti liderin dövründə də vəziyyətin dəyişəcəyinə ümid azdır.

Kreml ölkəni tədricən geriləmə yoluna sürükləyib. Əhali azalır, elm və istehsal zəifləyir, daxili problemlər dərinləşir. Bütün bunların fonunda isə hakimiyyət öz televiziyasında güclü görünmək üçün yanaqlarını şişirdir, nüvə silahı ilə hədələyir və böyük dövlət obrazını qorumağa çalışır.

2. Sağ qalmaq üçün ikinci dərəcəli ölkə olduğunu qəbul etməlidir.

Çin 1980-ci illərdə öz geriliyini etiraf etmək, milli qürurunu bir kənara qoyaraq işləməyə başlamaq üçün kifayət qədər siyasi iradə nümayiş etdirdi.

Rusiyanın xilas yolu da oxşar yanaşmadan keçir: hegemonluq iddialarından əl çəkmək, öz real imkanlarını qəbul etmək və beynəlxalq siyasətdə daha təvazökar mövqe ilə razılaşmaq.

Lakin böyük dövlət şovinizmi buna imkan vermir. Məhz bu düşüncə tərzi Rusiyanın ətrafındakı qonşularla münasibətlərini korlayıb və onu ardıcıl qarşıdurmalara sürükləyib.

3. İqtisadiyyat və insan resursları.

Aşağı texnologiyalı istehsal sahələrində üstünlüyü Çin çoxdan ələ keçirib. Rusiyada isə əmək bazarı, sərt iqlim şəraiti və ağır demoqrafik vəziyyət ciddi problemlər yaradır. Üstəlik, ölkənin ən istedadlı mütəxəssislərinin bir hissəsi xaricə üz tutur.

Nəticədə Rusiya nə ucuz istehsal gücü ilə rəqabət apara bilir, nə də yüksək texnologiyalar sahəsində əvvəlki iddialarını reallaşdıra bilir.

4. Pekinin əsas nəticəsi

Çinin fikrincə, ölkənin tiranlıq, müharibə və xarici müdaxilələr nəticəsində düşdüyü ağır vəziyyətdən çıxması üçün təxminən 180 il və böyük qurbanlar lazım gəlib. Rusiya isə hələ də geriləməkdə davam edir.

Təhlilin ən sərt və “vətənpərvərlərin” əsəblərini tarıma çəkəcək yekun fikri isə belədir:

“Çinə həddindən artıq zəif Rusiya lazım deyil. Əks halda Qərbin təzyiqini kim öz üzərinə çəkəcək? Amma onun tədricən zəifləməsi bizim üçün son dərəcə sərfəlidir. Qoy yavaş-yavaş çöksün”. Budur, “sərhədsiz dostluq” deyilən münasibətin arxa tərəfi!

Pekin üçün qonşu Rusiya, bu yanaşmaya görə, öz resurslarını və imkanlarını tükədən, tədricən Çindən asılı vəziyyətə düşən bir tərəfdaşa çevrilir.

Müəllif: Oleq Dubov,

Təqdim etdi: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*