Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi – ƏTRAFLIbackend

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi - ƏTRAFLI

Hazırda ölkəmizin siyasi gündəmini Qazaxıstandakı olaylar məşğul edib. Artıq neçə gündür yerindən duran Qazaxıstandakı hadisələrlə bağlı fikir yürüdür, şərhlər yazır. Bəziləri isə bu məsələdə bir qədər də irəli gedib “peyğəmbərlik” edir. Və təbii ki, söylənilən bəzi səbatsız və yanlış fikirlər nəticə etibarilə hüquqi məsuliyyət yaradır. Məsələn, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikirləri kimi…

Belə ki, özünü siyasət elminin bilicisi sayan Elxan bəy facebook səhifəsində bir paylaşım edib. O, paylaşımında Azərbaycan hakimiyyətinin Qazaxıstandakı son olaylarla 20 yanvar qətliamı arasında paralel aparması barədə absurd fikirlər söyləyərək dövlətçilik üçün təhlükəli nəticələr çıxarır. İddia edir ki, guya bu barədə Prezident Administrasiyasından mediaya xüsusi tezislər verilib.

Bu yerdə özümü saxlaya bilməyib deyirəm k, “ustadına bərəkallah”. Sonra da öz-özümə sual edirəm ki, “bu siyasi hoqqabazın ustadı kimdir ki?”. Ani araşdırmadan sonra bəlli olur ki, Elxan Şahinoğlu Əli Kərimli şinelindən çıxmış, İsa Qəmbər bulağından su içmiş, Elxan Süleymanov təamlarını dadmış, Azərbaycanın milli maraqlarına zərbə vurmağa hazır olan istənilən xarici qüvvələrlə hər zaman isti münasibətdə olmuş bir kəsdir.

O da bəllidir ki, Şahinoğlu vaxtilə Ukrayna səfirliyindən pul alıb Rusiyanı söyürdü. Rusiyaya nifrət yağdıran bu səbatsız politoloq necə oldu ki, indi Rusiyanın maraqlarını qoruyur. Məsələ aydındır. Yəqin sifarişə öyrəşmiş Elxan Şahinoglu indi də Rusiya səfirliyindən təlimat alır. Hər halda onun bu yanaşması ciddi şəkildə araşdırılmalıdır. Axı siyasi savadı qıcqıran Şahinin oğlu nə məqsədlə bu yazısının mediada dərc olunmasında israrlı olub?..

Göründüyü kimi, onun siyasi baxışları və yanaşmaları hər zaman müstəqil Azərbaycanın dövləti maraqları ilə tərs-mütənasib olub. Bunu onun statusundan da açıq-aydın görmək olur.

Əvvəla, yazıqlar olsun o televiziyalara ki, hansısa həssas məsələdə Elxan Şahinoğlundan düz-əməlli bir fikir gözləyir. Axı bu adamın ömrü boyu nə obyektiv baxışı olub, nə də sağlam münasibəti. Vaxtilə yola çıxdığı hər kəsi yarı yolda buraxan bu fərdin ancaq korporativ maraqları olub, bilinməyib ki, musavatçıdır, yoxsa cəbhəçi. Bu adam sona qədər kiminsə yanında durmayıb. Zaman-zaman Əli Kərimlini də satıb, İsa Qəmbəri də… Sonda isə Elxan Süleymanovu yarı yolda qoyub. Çünki Elxan Şahinoğlunun ipi hər zaman başqalarının əlində olub. Və onun ipini tutanlar da hansı havanı çalıblarsa, Elxan da o havanı oynayıb.

Və bu gün də Elxan Şahinoğlu ağalarından sifariş alıb ki, Qazaxıstanda baş verənlərdən siyasi məqsədlər üçün istifadə etsin. Məqsədsə ondan ibarətdir ki, getdikcə regionun qüdrətli dövlətinə çevrilən və bölgənin siyasi güc mərkəzi olan Azərbaycanın qardaş Qazaxıstan, qonşu Rusiya və hətta bir millət, iki dövlət olan Türkiyə ilə münasibətlərinə xələl gətirilsin. Belə həssas məqamda “bulanıq suda balıq axtaran” ancaq anti-Azərbaycan xislətli adamlar ola bilər…

Elxan Şahinoğlu yazır ki, “Bu, Prezident Administrasiyasındakı qrupun hazırladığı növbəti tezisdir, nəzarət etdikləri media strukturlarına göndəriblər ki, ekspertlərin rəyləri öyrənilsin. Aydındır ki, həmin tezisin hazırlanması həmin qrupa ən üst səviyyədə verilmiş tapşırıq idi”.

Yeri gəlmişkən, bu fərddə əminlik haradan hasil olub ki, Prezident Administrasiyasından belə bir göstəriş verilib. Axı normal düşüncəli ixtiyari azərbaycanlı bilir ki, Administrasiyadan belə bir tapşırığın verilməsi ən azı məntiqi baxımdan doğru deyil. Çünki Qazaxıstan olaylarının başladığı ilk gündən Azərbaycan siyasi dairələri təmkin nümayiş etdirdi. Hətta hansısa səviyyədə açıqlama belə verilmədi.

Onda Elxan Şahinoğluna sual edirəm ki, əgər ölkə rəsmiləri belə bir həssas məsələyə hansısa formada fikir bildirmirsə, mətbuata niyə mesaj versin? Axı hansısa rəsmi mətbuatın mövqeyi son nəticədə ölkənin, nəhayətində isə hökumətin fikri kimi qəbul olunur. Bunu bilə-bilə Prezident Administrasiyasındakı səlahiyyətlilər nəyə görə belə etməlidir?!

Üstəlik, Elxan bəy iddia edir ki, “bu tapşırıq ən üst səviyyədə verilmiş tapşırıq idi”. Politoloq-riyaziyyatçı bu fikirləri söyləməklə özü üçün hüquqi məsuliyyət yaradır. Tək bu cümləyə görə türmənin qapıları Şahinoğlunun üzünə taybatay açıla bilər.

Görünən odur ki, Elxan bəy bunu çox yaxşı bilir və bildiyi üçün də məsuliyyətsiz çıxışlar edir. Çünki xaricdəki ağalarına arxayındır. Sabah onun təxribatçı çıxışına görə hansısa hüquqi addım atılsa, Qərbdəki düşmənlərimiz həmən hərəkətə keçəcək. Elxanı nəinki müdafiə edəcək, üstəlik, çeşid-çeşid hesabatlar hazırlanacaq ki, “Ay aman, Azərbaycanda insan haqları pozulur”.

Bəli, bəli, Elxan bütün bunları yaxşı bildiyi üçün vicdanının səsini boğaraq xaricdəki ağalarının göstərişi ilə təxribatçı fikirlər səsləndirir.

İkincisi, Şahinoğlunun fikirlərindəki qərəz göz önündədir. Elə bil bu fikirləri hansısa azərbaycanlı soyadı daşıyan şəxs deyil, Azərbaycan dövlətinin düşməni, Azərbaycan xalqına nifrəti olan bir zat söyləyir.  O deyir ki, “rəsmi Bakı Qazaxıstan prezidenti Tokayevin Rusiya hərbçilərini ölkəsinə dəvət etməsini yanlış addım hesab edir və bunu 20 yanvarda olduğu kimi işğal kimi dəyərləndirir”.

Adama (pardon, sözgəlişi dedim) deyərlər ki, söylədiyin bu sözləri sən hardan əxz eləmisən? Axı Prezident Administrasiyasındakılar hələ o günə qalmayıb ki, öz fikirlərini Elxan Şahinoğlu ilə bölüşsün. Bu fikirlər ancaq və ancaq Azərbaycanı sevməyən və Elxan kimilərinə yal verən xarici düşmənlərimizə məxsusdur. Və düşmənlərimiz nə yazıq ki, “sapı özümüzdən olan baltalar”dan hələ də bəhrələnə bilirlər. Adi dövlətçilik tərbiyəsi olmayan Elxan kimilər Qərbin göstərdiyi pul kisələrinin müqabilində çox təəssüf ki, nəinki vicdanlarını, hətta Vətənlərini belə satmağa hazırdırlar.

O ki qaldı Qazaxıstanda baş verənlərə, bu hadisələrin analizi Elxan Şahinoğlunun başı üçün deyil. Özünü ağıllı, savadlı aparmaqla deyil ki… Gərək qabında bir şey ola.

Ona görə də kiminsə faciəsi üzərində siyasi xal qazanmaq, maddi dividend əldə eləmək heç kimə hörmət gətirməz. Bu olsa-olsa Elxan Şahinoğlu kimilərə yeni-yeni “daydaylar” qazandırar.

Vəssalam….

Surxay Atakişiyev,

KONKRET.az

  • Sjhxxbnxxn
    Yanvar 8, 2022 - 22:47

    Lap duz edib deyib eceb edib.siz kimsiz axi..siz ne danisdiginizi bilirsiz??bu sozlerine gore turmenin qapilari acilarmis.nedir bura anarxiya olkesidir???her kes oz azad dusuncesini bildirir.hansi maddelerle cinayet isi qaldira bilerler??musteqil adamdi .siz guya apa altindan sopa gosterirsiz?

  • Yarməmməd
    Yanvar 10, 2022 - 06:46

    Hətta ona cavab vermək tapşırığı da sizə administrasiyadan verilir. Və ya sadəcə özünüz işgüzarlıq edib yarınmaq istəyirsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*