Bakıdakı Zəfər paradında ən mənalı və unudulmaz anlarından biri Azərbaycan və Türkiyə dövlət başçılarının Şəhidlər məscidində namaz qılıb, Azərbaycanın var oluşu və azadlığı yolunda canından keçmiş insanların ruhuna dua etmələri idi.
KONKRET.az xəbər verir ki, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib.
“Bunu həm də Fransa başda olmaqla, bəzi Avropa ölkələrinin orta yüzilliyin inkvizisiya təfəkkürü ilə yürütdükləri antiislam təbliğatına sakit, lakin dərin, mənalı bir mesaj kimi də dəyərləndirə bilərik. Uzun müddət ağzı qıfıllı qalan Şəhidlər məscidinin də qapısı açılmış oldu və inşallah, bir daha qapanmaz.
Din hər insanın, hər millətin tarixi taleyi, seçimi və vicdan işidir. Özünü sivil, inkişaf etmiş sayan Avropanın min ildən bəri davam edən Səlib zehniyyəti onların çağdaş geyimlərinin, demokrat görüntülərinin, texniki tərəqqilərinin arxasında nə qədər bəsit, ibtidai və cahil bir geriqalmış xaçpərəst təəssübkeşliyinin dayandığını göstərir”, – S.Rüstəmxanlı qeyd edib.axar.az
