Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı – Görün nələr deyib…backend

Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...

Ermənistanın dini və siyasi dairələrində Qarabağla bağlı revanşist çağırışların səsləndirilməsi narahatlıq doğurur. Artıq üç il əvvəl tarixə qovuşmuş “Arsax” layihəsinin yenidən gündəmə gətirilməsi bölgədə sülhə xidmət etməyən mövqelər kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, erməni katolikos I Aram qondarma “Arsax”ın elan edilməsinin 35-ci ildönümü ilə bağlı müraciətində müharibədə məhv edilən şəxsləri “şəhid” adlandırıb və “Arsaxın müstəqilliyinin bərpası uğrunda mübarizə” aparmağa çağırıb.

O, həmçinin Bakıdakı həbsdə olan separatçı rejimin keçmiş rəhbərlərini də yad edib. Bu cür ifadələr Qarabağ münaqişəsinin qanlı nəticələrindən dərs çıxarılmadığını göstərən revanşist çağırış kimi qiymətləndirilə bilər.

Çünki “Arsax” ideyasının reallaşdırılması cəhdləri Azərbaycan ərazilərinin uzun illər işğal altında qalmasına, minlərlə insanın həyatını itirməsinə və milyonlarla azərbaycanlının öz doğma torpaqlarından məcburi köçkün düşməsinə səbəb olmuşdu.

Din xadiminin əsas missiyalarından birinin sülhə, insan həyatının qorunmasına və xalqlar arasında barışığa çağırış etmək olduğu halda, erməni katolikos öz mənfur xislətini nümayiş etdirib.

Xüsusilə də “mübarizə” və “bərpa” kimi ifadələrin hansı məqsədlərə xidmət etdiyi aydınlaşdırılmalıdır. Çünki keçmişdə olduğu kimi, belə çağırışların yeni qarşıdurma, müharibə və insan itkilərinə səbəb olması ehtimalı istisna edilə bilməz.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunub. Bu baxımdan “Arsax” ideyasının yenidən gündəmə gətirilməsi regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan proseslərə zidd mövqe kimi qiymətləndirilir.

Müharibələrdə həlak olan insanların xatirəsinin yaşadılması, onların yaxınlarının acısına hörmət göstərilməsi təbii və insani yanaşmadır. Lakin keçmişin faciələrindən yeni qarşıdurma üçün siyasi vasitə kimi istifadə edilməsi region xalqları üçün ağır nəticələr doğura bilər.

Tarixin qanlı səhifələrini yenidən açmaq əvəzinə, Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi, qarşılıqlı etimadın yaradılması və gələcək nəsillərin müharibə təhlükəsindən uzaq yaşaması əsas hədəf olmalıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*