Ermənistanda Azərbaycan vətəndaşlığı üçün müraciət etmiş ermənilərə qarşı dövlətə xəyanət işi açılıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ilə birgə işin nəticələrinə əsasən bildirib.
Müstəntiqlər Ermənistanın iki vətəndaşına qarşı dövlətə xəyanətlə bağlı cinayət işi açıblar.
Onların kimliyi açıqlanmır, yalnız baş hərfləri göstərilir – V.G. (Vaqe Qambaryan) və İ.V. (İşxan Verdyan). Lakin bu adlar Azərbaycan oxucusuna tanışdır. Bu barədə yazılar dərc etmişik.
Müstəntiqlərin absurd qənaətlərinə görə, hər ikisi xarici xüsusi xidmət orqanları tərəfindən “işə götürülüb və onlara Azərbaycan vətəndaşlığı verilməsi xahiş olunub”.
Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatının məlumatına görə, Vaqe Qambaryan 2017-ci ildə işə götürülüb və sonra “Ermənistana qarşı düşmənçilik hərəkətləri”ndə xarici kəşfiyyat xidmətinə hər cür yardım göstərib. O, həmçinin iyun ayında Baqrataşen keçid məntəqəsi vasitəsilə Ermənistandan Gürcüstana gedib və iyunun 7-də Azərbaycanın yerli səfirliyinin əməkdaşları ilə əlaqə saxlayıb.
Bundan sonra, avqustun 7-də Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, Azərbaycan Prezidentinə videomüraciət göndərib və orada azərbaycanlının xeyrinə Ermənistan vətəndaşlığından imtina edəcəyini vəd edib.
İkinci halda, İşxan Verdyan MTX-nin məlumatına görə, Türkiyənin İstanbulunda yaşayarkən xarici xüsusi xidmət orqanlarına işə götürülüb. Daha sonra, 2020-ci il ərzində o, Facebook-da dəfələrlə anti-erməni bəyanatlar verib, Azərbaycan hakimiyyətini tərifləyib və 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə zamanı erməni hərbçilərinin fəaliyyətini tənqid edib.
Milli Təhlükəsizlik Xidmətindən məlum olub ki, o, Azərbaycan Prezidentinə bu ölkənin vətəndaşlığına qəbul edilməsi və Azərbaycanın yurisdiksiyasında olan Xankəndidə yaşamaq imkanı verilməsi xahişi ilə də müraciət edib.
Milli Təhlükəsizlik Xidməti bu faktlar üzrə cinayət işi açıb. Hər iki işə avqustun 10-da start verilib. Bu işlərdə təqsirləndirilən şəxslərin statusu və onların seçdiyi həbs-qətimkan tədbiri göstərilmir.
Qeyd edək ki, Azərbaycanın hər hansı Ermənistan vətəndaşına vətəndaşlıqla bağlı “xahiş” etməsi absurddur və buna ehtiyac yoxdur. Ümumiyyətlə, bu düşüncə özü kökündən gülünc və yanlışdır.
Xuraman Etibarlı,
KONKRET.az
