Ermənistan Müdafiə Nazirliyində “yarpaq tökümü” davam edirbackend

Ermənistan Müdafiə Nazirliyində “yarpaq tökümü” davam edir

Ermənistan Müdafiə Nazirliyində son dövrlər müşahidə olunan kadr dəyişiklikləri davam edir. Nazirlikdə növbəti yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın imzaladığı sərəncama əsasən, Serjo Stepanyan Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Beləliklə, Ermənistan Müdafiə Nazirliyində “yarpaq tökümü”nün davam etdiyi diqqət çəkir. Son vaxtlar orduda müxtəlif səviyyələrdə kadr dəyişikliklərinin intensivləşməsi Paşinyan hakimiyyətinin müdafiə və təhlükəsizlik sahəsindəki idarəetməyə münasibəti ilə bağlı suallar yaradır.

Nikol Paşinyanın yenidən baş nazir seçilməsindən sonra Ermənistan ordusunun fəaliyyəti və Müdafiə Nazirliyinin işinə dair tənqidi fikirləri də artıb. Baş nazir xüsusilə orduda baş verən ölüm halları və hərbi qulluqçuların təhlükəsizliyi məsələsini gündəmdə saxlayır.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan hazırda genişmiqyaslı müharibə şəraitində deyil. Buna baxmayaraq, orduda hərbi qulluqçuların ölümü ilə bağlı xəbərlərin zaman-zaman gündəmə gəlməsi cəmiyyətdə ciddi narahatlıq yaradır.

Ermənistan hakimiyyəti isə bu halların səbəbləri ilə bağlı məlumatları əksər hallarda məhdud şəkildə açıqlayır. Nəticədə orduda qeyri-döyüş şəraitində baş verən ölüm hallarının real miqyası və səbəbləri barədə ictimaiyyətin tam məlumat əldə etməsi çətinləşir.

Bu fonda Müdafiə Nazirliyində aparılan kadr dəyişiklikləri xüsusi diqqət çəkir. Mənəvi-psixoloji təminat kimi mühüm istiqamətə rəhbərlik edən şəxsin vəzifədən azad edilməsi orduda intizam, psixoloji vəziyyət və hərbi qulluqçular arasında münasibətlərlə bağlı problemlərin də yenidən müzakirə olunmasına səbəb ola bilər.

Paşinyan hökumətinin qarşısında isə əsas suallardan biri dəyişməz olaraq qalır: sülh dövründə Ermənistan ordusunda hərbi qulluqçuların ölüm hallarının qarşısını almaq üçün hansı real tədbirlər görülür və cəmiyyətə niyə daha ətraflı məlumat verilmir?

Müdafiə Nazirliyində “yarpaq tökümü” davam etdikcə, yeni kadr dəyişikliklərinin ordudakı problemlərin həlli ilə nəticələnib-nəticələnməyəcəyi də yaxın müddətdə aydınlaşacaq.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*