“Taleyin acı ironiyası: Rusiya raketlərinin Ukraynaya düşdüyü, onun infrastrukturunu dağıtdığı, dinc insanların həlak olduğu, Avropa Parlamentinin rəsmi Moskvanı terrorun sponsoru kimi tanıdığı gün Kreml rəhbəri Putin İrəvanda idi. Qeyd edək ki, Avropa Parlamenti noyabrın 23-də keçirilən iclasında Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb. 494 deputat qətnamənin leyhinə, 58-i əleyhinə olub. 44 nəfər isə bitərəf qalıb. Bu qətnamə ilə avropalı deputatlar Rusiyanı terrorun sponsoru olan dövlət kimi tanıyıblar”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni analitik Hraçya Qalustyan öz məqaləsində fikir səsləndirib. Erməni analitik daha sonra Rusiyanın raket zərbəsi nəticəsində Ukraynada həlak olanlar və dağıntılar haqda fikirlərini bölüşüb:
“Rusiyanın raket zərbələri nəticəsində 6 nəfər ölüb, 36 nəfər yaralanıb. Raketlər 16 hədəfi vurub. Atışma nəticəsində Ukraynadakı bütün atom elektrik stansiyaları (Rivne, Pivdennoukrainska, Xmelnitski və Zaporojye), əksər istilik və su elektrik stansiyaları müvəqqəti olaraq enerjisizləşdirilib. Ukraynanın bir çox bölgələrində elektrik enerjisi kəsilib. Bundan əlavə, Rusiyanın Ukraynaya raket atması səbəbindən Moldovada elektrik enerjisinin kütləvi kəsilməsi müşahidə olunub. Rusiya Moldovanı qaranlıqda qoyub. Rusiyanın müharibəsi insanları öldürür, yaşayış binalarını, enerji infrastrukturunu məhv edir. Bizi qaranlıqda və soyuqda qoyan, insanları qəsdən öldürən bir rejimə etibar etmək olmaz. İndi nə qədər çətin olsa da, bizim yeganə yolumuz azad dünyada qalmaqdır”, – erməni müəllif bildirib.
“Hələ iyulun 28-də ABŞ Senatı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı hərəkətlərinə görə Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağıran qətnaməni təsdiqləyib. Sentyabrın 14-də isə ABŞ Senatında Rusiyanı terrorizmin sponsoru kimi tanıyan daha bir qanun layihəsi təqdim edilib. Görünür, ABŞ da sonda Rusiyanı terrorizmin sponsoru kimi tanıyacaq. Və sonra biz çox uzun müddət ABŞ-a, Avropaya və Ukraynaya Ermənistanın Rusiyanın hərəkətlərini bölüşmədiyini başa salmalı olacağıq. Bunu etmək inanılmaz dərəcədə çətin olacaq. Çünki Ermənistan rəsmi olaraq Rusiyanın strateji müttəfiqi statusuna malikdir. Çünki Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Çünki sərhədlərimizi rus sərhədçiləri qoruyur. Çünki Ermənistan KTMT-nin üzvüdür. Dünyada terror dövləti sayılan Rusiyaya öz müttəfiqlərinin olduğunu göstərmək vacib idi. Və əgər diktator Lukaşenkonun rəhbərlik etdiyi Belarusun itirəcək heç nəyi yoxdursa, Ermənistanda vəziyyət tam fərqlidir. Üstəlik, İrəvanda KTMT-nin himayəsi altında diktatorların növbəti mənasız toplantısının keçirildiyi bir vaxtda NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahının nümayəndələri “NATO günləri” çərçivəsində Azərbaycanda səfərdə idilər. Yəni, Azərbaycan NATO-ya yaxınlığını nümayiş etdirdiyi bir vaxtda Ermənistanın hələ də KTMT-nin üzvü kimi qalmağa davam edir. Odur ki, terroru dəstəkləyən bir rejimdən qurtulmaq çox çətin olacaq” – Qalustyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az