Ermənistanda “Sibir xorası” təhlükəsi-Səhiyyə Nazirlyi həyəcan təbili çalırbackend

Ermənistanda “Sibir xorası” təhlükəsi - Səhiyyə Nazirlyi həyəcan təbili çalır

Ermənistanın Qeqarkunik vilayətində Martuni Tibbi Mərkəzinə Geqovit icmasının 2 sakini bu xəstəliklə bağlı müraciət edib. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, müraciət edənlərin barmağında və biləklərində yaralar var. Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, xəstələr bir neçə gün əvvəl bir kəndlinin inəyinin ətindən istifadə etməklə bu xəstəliyə yoluxub. Nazirlik təyin etdiyi həkimlərdən ibarət briqadanı Geqovit icmasına göndərib. Daha 6 nəfərdə də bu xəstəlik aşkar edilib. Onlardan 5-i klinik vəziyyətini qiymətləndirmək üçün “Nork” Yoluxucu Xəstəliklər Xəstəxanasına göndərilib. 5 xəstədə Sibir xorasının DNT-si aşkar edilib. Bütün xəstələr müvafiq müalicə alır və icma əhalisi tibbi nəzarətdədir. Hadisə ilə əlaqədar Qida Təhlükəsizliyi Müfəttişliyinə dərhal məlumat verilib.

Yeri gəlmişkən qeyd edək ki, tibbdə daha çox “Sibir xorası” adı ilə məşhur olan bu xəstəliyin mənşəyi lap uzaq əsrlərə gedib çıxır. Xəstəliyi “Bacillus antharis” adlı sporlu bakteriya yayır. Əsasən xəstə heyvanlarla təmas zamanı, eyni zamanda onların yarıbişmiş və ya çiy ətindən, südündən emal olunmuş süd və süd məhsullarından da yoluxur. Xəstəliyin Ermənistanda yayılması heç də təsadüfi deyil. Çünki həmin xəstəlik heyvandarlıqla məşğul olan bölgələrdə daha çox inkişaf edir. Həmin bölgələrdə isə xəstəliklə heç bir mübarizə aparılmır.

Qeyd edək ki, 1945-ci ildə İranda bu xəstəlikdən 1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224 insan ölümü qeydə alınıb. Ən böyük epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə baş verib. Bu epidemiya 10.000-dən artıq insanın həyatına son qoyub. Xəstəliyin ən çox yayılmış forması dəri yarasıdır. Bu, 95 faiz təşkil edir. Sibir xorası xəstəliyinin törədicisinin sporları ətraf mühitə qarşı çox davamlıdır.

Xəstəliyin sporları onillər boyu öz yoluxdurma qabiliyyətini qoruya bilir.

Ancaq vegetativ formasının (kapsul) istiyə və kimyəvi maddələrə qarşı müqaviməti çox zəifdir. Nəzərinizə çatdıraq ki, bir neçə dəqiqə kifayət edir ki, dezinfeksiyaedici maddələr bakteriyaları tam məhv etsin.

Xəstəlik insanlara infeksiyalı heyvanlardan birbaşa və yaxud dolayı yolla dəridən, nadir hallarda isə həzm sistemi və tənəffüs sistemi vasitəsilə yoluxur.

Yəni heyvandakı yaraya toxunmaqla təmasda olan kəsin dərisindəki sızaq və sıyrılmış yerlər Sibir xorasının sporları üçün ən münbit ocaqdır.

Sporlar xəstə heyvanın ətinin yeyilməsi ilə həzm sisteminə, xəstəlik törədicilərinin havadakı sporları vasitəsilə tənəffüs sisteminə yoluxa bilir. Qeyd edək ki, bu xəstəlik insandaninsana keçmir.

İnkubasiya dövrü

Xəstəliyin inkubasiya dövrü dəri formasında 3-7 gün, ağciyər formasında 1-6 gün, qastrointestinal formasında isə 1-7 gündür. Tənəffüs zamanı mikrob isə (miqdarından asılı olaraq) ağciyər formasının inkubasiya dövrünü 60 günə qədər uzada bilər.

Simptomları

 Simptomlar yoluxma yoluna bağlı olduğu üçün fərqli şəkildə ortaya çıxır. Xəstəliyin 3 forması mövcuddur.

1. Dəri forması: ən çox rast gəlinən formadır. Heyvanın dərisi, yunu, əti ilə sızanaqlardan yoluxma ilə ortaya çıxır. Daha çox əl, qol, boyun və üz nahiyələrində görünür. Dəri infeksiyası böcək sancmasına bənzər şəkildə qabarıq, qaşıntılı bir şişlik olaraq inkişafa başlayır. Yaxın limfa düyünlərində şişkinlik və infeksiya yerində ödem ola bilər. Xora 1-2 həftədə quruyaraq qopub tökülür və yerində iz saxlayır.

Xəstəlik müalicə edilməzsə, 20 faiz ölümlə nəticələnə bilər. Ölüm hallarını azaltmaq üçün isə antibiotiklə müalicə vacibdir.

2. Ağciyər forması: ilk simptomları soyuqdəyməyə oxşayır və zəiflik, yorğunluq şəklində müşahidə olunur. Sonra yoluxmuş şəxsdə 39-40 dərəcə qızdırma, öskürək, taxikardiya, sianoz, nəfəs almaqda çətinliklər ortaya çıxır. Ağciyər forması əksər hallarda, yəni 97 faiz ölümlə nəticələnir. Bunun üçün də Sibir xorası törədicisi bakteroloji silah kimi istifadə edilə bilər.

Qeyd edək ki, Sibir xorası törədicisindən terror aktlarında da istifadə edilir. Bu fakt tarixdə dəfəlrlə təkrarlanıb. Son illər isə daha çox ABŞ rəsmlərinə bu xəsətliyin törədicisini məktub vasitəsilə yollayıblar.

3. Qastroinestinal forma: infeksiya heyvan ətinin tam bişməmiş və ya çiy yeyilməsi nəticəsində yoluxur. İlk əlamətləri ürəkbulanması, qusma, iştahasızlıq və qızdırmadır. Daha sonra xəsətlik qarın ağrısı, qanqusma və ağır ishal olaraq davam edir və çox zaman ölümlə nəticələnir.

Necə qorunmalı?

İnfeksiyanın insandan insana keçməsi normal şəraitdə mümkün deyil. Bunun üçün də xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməmək və yarıbişmiş yeməkdən qaçmaqdır. Sibir xorası xəstəliyindən ölən insanları və heyvanları uyğun bir şəkildə basdırmaq və ya yandırmaq yayılmanın qarşısını alır. Xəstəlikdən ölən heyvanların bütün təbii dəlikləri (ağız, burun, anus) tamponlanaraq, 2 metr dərinliyində çuxura atılır və üzərinə dezinfeksiyaedici maddə (əhəng və.s) tökülür, sonra torpaqlanır.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*