Ermənistanda yeni yaranan siyasi klub hərəkətə keçdi – Paşinyanın yaxın dostu olmuş Marukyan onu devirməyə çalışırbackend

Ermənistanda yeni yaranan siyasi klub hərəkətə keçdi - Paşinyanın yaxın dostu olmuş Marukyan onu devirməyə çalışır

Edmon Marukyan, “Maariflənmiş Ermənistan” Partiyasının sədri

Konkret.az-ın Araşdırma Qrupu Ermənistanda baş verən daxili ictimai-siyasi vəziyyəti diqqət mərkəzində saxlamaqla ciddi məlumatlar əldə edə bilib. Belə ki, aylar əvvəl mətbuatda İctimai Şuranın sədri Vazgen Manukyanın qurduğu siyasi klub haqqında məlumat verilmişdi. Həmin məlumatlarda göstərilirdi ki, kluba ölkənin tanınmış simaları – Ağvan Vardanyan, Ruben Hakobyan, David Şahnazaryan, Andranik Tevanyan, Yervand Bozoyan, Arpine Ovannisyan qoşulub. Araşdırmalar göstərir ki, təşkilata yeni üzvlərin qoşulması yeni və daha iddialı mərhələyə keçiddən xəbər verir. Belə ki, əldə etdiyimiz məlumata görə, onların sıralarına yeni siyasətçilər və ictimai xadimlər – Spartak Seyranyan, Vahe Ovannisyan, Hrant Baqratyan, Xosrov Harutyunyan da qoşulub. Görünən odur ki, bu siyasi komandaya mühüm tapşırıqlar verilib.

Klubun hər bir üzvü bir partiyanın lideri və üzvləri ilə mütəmadi danışıqlar aparmaq üçün müəyyən tapşırıqlar alıb. Doğrudur, deyilən bu faktlar erməni ictimaiyyəti üçün artıq sirr deyil. Amma Ruben Hakobyanın parlament müxalifəti ilə, xüsusən də “Maariflənmiş Ermənistan” Partiyası ilə işləməsi ciddi siqnallardan xəbər verir. Hakobyanın Paşinyanın keçmiş komanda yoldaşı Edmon Marukyanla danışıqlara start verməsi onu deməyə əsas verir ki, siyasi klub məhz Edmon Marukyan vasitəsilə Paşinyanı devirməyə çalışır.

DOSYE: Edmon Qraçikoviç Marukyan 13 yanvar 1981-ci ildə Vanadzor şəhərində anadan olub. 2002-ci ildə Moskva Ticarət və Hüquq İnstitutunun Hüquq fakültəsini bitirib və hüquq üzrə bakalavr dərəcəsi alıb. Daha sonra müxtəlif hüquq idarələrində və insan hüquqları təşkilatlarında vəkillik edib.

2008-ci ildə – Ermənistan Hüquqşünaslar Palatasına üzv olub.

6 may 2012-ci il parlament seçkilərində Vanadzor və yaxınlıqdakı bir neçə kəndin daxil olduğu 30 saylı seçki dairəsindən Milli Məclisə seçilib.

12 dekabr 2016-cı ildə Elk blokunun qurucularından biri olub (o vaxt Marukyan Aydınlanmış Ermənistan Partiyasının lideri idi) və Ermənistanda 2017-ci il Parlament seçkilərində siyahısına başçılıq edib, bu zaman yenidən Ermənistan Milli Məclisinin deputatı seçilib.

4 Noyabr 2018-ci ildə onun rəhbərlik etdiyi “Maariflənmiş Ermənistan” Partiyası Elk blokunun digər bir partiyası olan Respublika Partiyası ilə birlikdə Ermənistandakı 2018-ci il erkən Parlament seçkilərində öz siyahılarını irəli sürərək Nikol Paşinyanla müttəfiqliyinə son qoymuşdu.

Qeyd edək ki, bu siyasi qüvvənin həm parlamentdə, həm də Yerevan Ağsaqqallar Şurasında təmsil olunduğundan müəyyən rıçaqları var. Hakobyanın digər siyasi xadimlərlə də mütəmadi görüşləri barədə məlumatlar var.

Qeyd edək ki, yeni yaradlan klub yalnız daxili vəziyyətə uyğun olaraq gedişlərini edəcək və ölkədən kənar qüvvələrlə hər hansısa əlaqəsi qəti qadağandır. Bu isə onu deməyə əsas verir ki, siyasi komanda Rusiyanın təsiri dairəsindədir və bu ölkə klubun başqa təsirlərə düşməsindən ehtiyat edir. Araşdırma qrupu olaraq klub ətrafında hadisələri diqqətlə izləyirik.

Konkret.az-ın Araşdırma Qrupu

Bir cavab yazın