Yuxarı Lars keçid məntəqəsində günlərlə dayandıqları üçün erməni ixracatçılar zibilliyə tonlarla xiyar atıblar.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, artıq bir aydır ki, Yuxarı Lars keçid məntəqəsində tıxac problemi yaranıb. Hazırda Stepançminda-Lars avtomobil yolu Ermənistan və Rusiyanı birləşdirən yeganə işləyən quru yoldur.
Dövlət orqanları problemdən xəbərdar olsalar da, heç bir addım atılmır. Nəticədə təsərrüfat subyektləri, Ermənistandan ixracatçılar külli miqdarda itki ilə üzləşiblər.
“Spayka” şirkəti bir neçə ton xarab xiyarın zibilxanaya necə atıldığını göstərən video yayımlayıb.
“Biz Gürcüstan-Rusiya tranzitinin dağıdıcı nəticələri ilə üzləşməyə davam edirik…
2022-ci ildə biz Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Rusiyaya təzə tərəvəz və meyvələrin ixracında böyük itkini bir daha qeyd edəcəyik. Gürcüstanda 10 kilometrlik növbələrdə 25 gündən çox dayanmadan tez xarab olan mallar Rusiyaya çatmamış zay olur.
Bütün yüklər müvafiq yerlərdə utilizasiya edilir”, – deyə şirkətin Facebook səhifəsində bildirilir.
Xuraman Etibarlı,
KONKRET.az