Ermənistanın AİB və KTMT-də bir nömrəli məqsədi təşkilatları daha səmərəli etməkdir.
Ermənistanın Baş Naziri Nikol Paşinyan “Kommersant” a açıqlamasında bəyan edib ki, “Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) bir nömrəli məqsədi təşkilatın fəaliyyətini daha səmərəli etməkdir, sevinirəm ki, Ermənistanın 2019-cu ildə AİB-ə sədrliyi çox effektiv oldu”.
“Şəxsən mənim hökumətim və mən AİB-in dünyada daha çox tərəfdaşları olması üçün konkret töhfə verə bildik, və biz bu istiqamətdə işimizi davam etdirəcəyik”, – deyə Baş Nazir vurğulayıb.
Paşinyan qeyd edib ki, eyni şey KTMT-yə də aiddir: “Burada məqsəd nədir? Ermənistan, Rusiya və digər üzv ölkələr üçün çox vacib bir təhlükəsizlik sistemi kimi effektiv olması üçün əlimizdən gələni etmək. Məncə, Rusiyanın da eyni hədəfi var. KTMT ilə bağlı Rusiya ilə mənim ortaq bir məqsədimiz var. Biz birlikdə çalışırıq. Bu asan bir iş deyil, amma çox şadam ki, bu müzakirələr nəticəsində KTMT həm Ermənistan üçün, həm Rusiya üçün, həm də qalanları üçün daha təsirli olacaq”.
O, Özbəkistanın AİB-ə daxil olmasının mümkünlüyü mövzusuna da toxunub. Ermənistanın Baş Naziri bunun çox yaxşı bir proses olduğunu və Ermənistanın bu məsələdə çox maraqlı olduğunu qeyd edib.
“İndi Ermənistan və Özbəkistan arasında çox dinamik münasibətlər inkişaf edir. Maraqlı bir fakt: son 30 ildə Ermənistan və Özbəkistan liderləri arasında rəsmi görüş olmamışdı. İlk dəfə oktyabr ayında Aşqabadda (MDB sammiti Türkmənistanın paytaxtında keçirilirdi) görüşdük, Özbəkistan prezidenti ilə rəsmi səfərlər barədə razılığa gəldik və əlbəttə ki, biz indi AİB-ə sədrlik edən ölkə olaraq Özbəkistanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Əgər Daşkənd AİB-ə üzv olmaq istəyirsə, bu çox yaxşıdır”, – deyə Paşinyan məsələyə yekun vurub.
Əgər Azərbaycan AİB-də müşahidəçi olmaq istədiyini söyləsə, Ermənistanın necə reaksiya verəcəyi ilə bağlı suala gəlincə, Nikol Paşinyan deyib ki, “qoy söyləsin, onda görərik, nə zaman söyləsə, onda müzakirə edəcəyik. Azərbaycanla münasibətlərimizin necə olduğu gizli deyil. Buna görə də hazırda bu barədə, ümumiyyətlə, danışmaq istəmirəm”.
