Balıqçılıq təsərrüfatlarında yoxlamaların dayandırılması ilə bağlı istisnaların artırılması və yeni meyarların tətbiqi sahibkarların inzibati yükünün azaldılması baxımından müsbət qiymətləndirilsə də, bunun bazarda ət, toyuq və balıq məhsullarının qiymətlərinə təsiri müzakirə mövzusudur. Bəs bu dəyişikliklər qiymətlərin ucuzlaşmasına səbəb olacaq, yoxsa bahalaşma riskini azaltmaq üçün kifayət etməyəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, yoxlamalarla bağlı tətbiq edilən yeni yanaşma sahibkarlar üçün inzibati yükün azalmasına və istehsal prosesinin daha səmərəli təşkilinə müəyyən töhfə verə bilər.
“Risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi, təkrarlanan yoxlamaların aradan qaldırılması və bürokratik prosedurların sadələşdirilməsi biznes mühitinin yaxşılaşmasına xidmət edir. Lakin bu dəyişikliklərin bazarda ciddi qiymət ucuzlaşması yaradacağını gözləmək real deyil.
Heyvandarlıq, quşçuluq və balıqçılıq sahələrində məhsulun maya dəyərini formalaşdıran əsas amillər inzibati yoxlamalar deyil, yem, damazlıq materialı, baytarlıq preparatları, enerji, yanacaq, logistika, kredit faizləri və idxaldan asılı olan digər istehsal resurslarıdır”.
Asif İbrahimovun fikrincə, bu xərclər yüksək olaraq qaldığı müddətdə inzibati prosedurların sadələşdirilməsi qiymətlərə yalnız məhdud təsir göstərə bilər və istehlakçı bazarda nəzərəçarpacaq ucuzlaşma hiss etməyəcək.
“Nəzarətin optimallaşdırılması heç də nəzarətin zəiflədilməsi kimi başa düşülməməlidir. Xüsusilə insan sağlamlığı ilə birbaşa əlaqəli olan heyvandarlıq, quşçuluq və balıqçılıq sahələrində qida təhlükəsizliyi və baytarlıq nəzarəti yüksək səviyyədə təmin edilməlidir”.
Ekspert hesab edir ki, hökumət bazarda qiymət sabitliyinə nail olmaq istəyirsə, diqqəti ilk növbədə istehsal xərclərinin azaldılmasına yönəltməlidir.
“Bu məqsədlə yem istehsalının inkişaf etdirilməsi, yerli xammal bazasının gücləndirilməsi, güzəştli maliyyələşmənin genişləndirilməsi, enerji və logistika xərclərinin optimallaşdırılması daha səmərəli nəticə verə bilər.
Qiymətləri inzibati prosedurlar deyil, iqtisadi reallıqlar formalaşdırır. Sahibkarın maya dəyəri azalmadığı halda, istehlakçının qiymət endirimi gözləməsi çətin olacaq. Buna görə də islahatlar kompleks xarakter daşımalı, həm biznes mühitini yaxşılaşdırmalı, həm də istehsalın əsas xərc elementlərinin azalmasına xidmət etməlidir. Yalnız bu halda bazarda ət, toyuq və balıq məhsullarının qiymətlərinin sabitləşməsinə nail olmaq mümkün olacaq”.
Aynurə İsmayıl
KONKRET.az
