Euronews Qarabağdakı hərbi əməliyyatları şərh etdi: Tərəflər arasında razılıq mümkündürmü?backend

Euronews Qarabağdakı hərbi əməliyyatları şərh etdi: Tərəflər arasında razılıq mümkündürmü?

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan hərbi birləşmələri arasında sentybarın 27-dən hərbi qarşıdurma başlayıb. Bu, 2016-cı ildən bu yana tərəflər arasında ən şiddətli döyüşlərdir. Xarici ölkələr tərəfləri sakitliyə çağırır.

Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs razılaşması imzalanıb. Lakin tərəflər arasında indiyədək sülh sazişi imzalanmayıb. Bu yazıda iki ölkə arasında hərbi qarşıdurmanın səbəbləri haqda danışacağıq.

Mübarizə nəyin uğrundadır?

Postsovet respublikaları olan Ermənistanla Azərbaycan 1990-cı ilin əvvəlində Dağlıq Qarabağ regionu uğrunda qanlı müharibə aparıb. Nəticədə minlərlə insan həyatını itirib, yüz minlərlə mülki şəxs məcburi köçkünə çevrilib. Tərəflər arasında genişmiqyaslı müharibə 1994-cü ildə başa çatıb. Amma ondan sonra da bölgədə zaman-zaman hərbi toqquşmalar baş verib.

“Bu, hər iki tərəf üçün milli kimlik məsələsidir”, – deyə Birmingem Universitetinin Avrasiya siyasəti üzrə ixtisaslaşmış elmi əməkdaşı Kevork Oskanyan “Euronews”a bildirib. O, hesab edir ki, Dağlıq Qarabağ istər azərbaycanlıların, istərsə də ermənilərin milli kimliyində önəmli yer tutur: “Milli kimliyinizdə dərin kök salmış məsələdə kompromisə getmək çox çətindir. Hər iki ölkənin lideri anlayır ki, bu məsələdə hər hansı güzəşti xalqa qəbul etdirmək çox çətindir”.

“Xarici oyunçular üçün də məsələ ciddidir. Çünki onların enerji təhlükəsizliyinə də təhdid var”. Bunu isə Beynəlxalq Sülh üzrə Karnegi Fondunun Rusiya və Avrasiya proqramının böyük elmi işçisi Pol Stronski “Euronews”a bildirib: “Bölgədən mühüm əhəmiyyət kəsb edən enerji marşrutu keçir. Xəzər dənizinin enerji daşıyıcıları Avropaya Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə çatdırılır. Beynəlxalq təhlükəsizliyə gəlincə, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma yaxınlıqda yerləşən Gürcüstan, İran və Rusiyanın Şimali Qafqazdakı bölgələrində sabitliyin pozulması ilə nəticələnə bilər”.

Niyə məhz indi?

Region zorakılığın alovlanmasını bir neçə amillə izah etmək olar. Oskanyan münaqişənin uzun zamandır davam etdiyini xatırladır: “Azərbaycan Prezidenti İlham Əliyev hələ 2000-ci illərdə dövlət başçısı seçildikdən sonra bu əraziləri Azərbaycana qaytaracağına söz verib. O vaxtdan Əliyev ölkəni müasir hərbi avadanlıqlarla təchiz edib. Bu, onun vədinə əməl etməsi üçün imkanları artırıb”.

Birmingem Universitetinin elmi əməkdaşı deyir ki, “görünür, Ermənistan tərəfi də Dağlıq Qarabağda güzəştə getməyə hazır deyil. Yerevan status-kvonun davam etməsini istəyir. O, regiona nəzarətini gücləndirmək istəyir. Düşünürəm ki, hərbi qarşıdurmanın səbəblərindən biri də iyulda baş verənlərdir. Həmin vax Bakıda insanlar Ermənistanla müharibəyə hazır olduqlarını göstərmək üçün küçələrə çıxmışdılar”.

Pol Stronski COVID-19 pandemiyasının gərginliyin artmasına səbəb olduğunu düşünür: “Bu, hər iki ölkədə müəyyən problemlər yaratmışdı”.

Bununla yanaşı, Skronski hesab edir ki, koronavirusla bağlı problemlər xarici ölkələrin Qarabağ münaqişəsindən diqqətini tam yayındırmışdı: “Avropada pandemiyanın “ikinci dalğası” başlayıb. Odur ki, onun məsələyə müdaxilə etmək imkanı çox azdır. Rusiyanın isə həm COVID-19, həm Belarus, həm də daxili məsələlərlə bağlı problemləri var. ABŞ-a gəlincə, Vaşinqton Tramp administrasiyası dövründə bu regiondakı hadisələrdən uzaq durur. Beləliklə, hərbi əməliyyatların başlamasının səbəblərindən biri də dünyanın diqqətinin bu problemdən yayınmasıdır”.

Deyilənlərlə “Sivilizasiyaların Dialoqu İnstitutu”nun elmi araşdırmalar şöbəsinin rəhbəri Aleksey Malaşenko da razıdır: “Bu gün ABŞ-ın diqqəti seçkiyə yönəlib. Xarici siyasətdə isə Vaşinqton üçün priritet bölgələr Balkanlar və Yaxın Şərqdir”.

Tərəflər hansı xarici ölkədən dəstək ala bilər?

Burada əsas xarici oyunçular Rusiya ilə Türkiyədir. Oskanyan deyir ki, Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib: “Ankara bölgədə mövcudluğunu istər birgə hərbi təlimlər, istərsə də digər addımlarla artırıb”.

Oskanyanın fikrincə, Türkiyənin regionda fəallaşması Rusiyaya təzyiqi artırmaq istəyilə də bağlı ola bilər: “Rusiya Cənubi Qafqazı “arxa bağça”sı hesab edir. Lakin Azərbaycanla Türkiyə türkdilli dövlətlərdir, onlar çox oxşar dillərdə danışırlar. Türkiyədə böyük Azərbaycan diasporu da var”.

Birmingem Universitetinin elmi əməkdaşı Rusiyanın bu məsələdə ikili oyun oynadığını düşünür: “Moskva yaxın keçmişədək hər iki ölkəni silahlandırırdı. Doğrudur, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəsmi üzvüdür. Amma Dağlıq Qarabağ regionu KTMT-nın hərbi-siyasi arealına daxil deyil. Üstəlik, Moskvanın hər iki tərəflə əlaqələri var. Rusiya onların hər ikisi üzərində nəzarəti saxlamaq istəyir. Odur ki, Moskva münaqişənin həllində maraqlı deyil”.

“Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda fikir ayrılığı yaradıb. Gürcüstan, Azərbaycan və Ermənistan məhz bu münaqişəyə görə üçtərəfli əməkdaşlıq qura bilmir. Başqa sözlə, bu problemdən təzyiq vasitəsi kimi də istifadə olunur. Rusiya regionda “parçala və hökm sür” siyasətinini yürüdən zaman məhz bu münaqişədən istifadə edir”, – deyə Kevork Oskanyan vurğulayıb.

Hərbi qarşıdurma nə ilə nəticələnə bilər?

“Hesab edirəm ki, xarici ölkələrin münaqişəyə cəlb olunması riski var”, – deyə “Chatham House” Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya proqramının elmi işçisi Lourens Broers “Euronews”a bildirib. Onun fikrincə, əgər Azərbaycan yaxın günlərdə hərbi uğurlar qazanmasa, Türkiyə çətin vəziyyətə düşə bilər: “Çünki Türkiyənin dəstəyinin nədən ibarət olduğu sual altına düşə bilər”.

Lourens Broersin fikrincə, Ermənistanın uğur qazanmayacağı təqdirdə eyni şey Rusiyaya da şamil edilə bilər.

Moskva Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Avroatlantik Mərkəzinin aparıcı elmi işçisi Serqey Markedonov isə hesab edir ki, tərəflərin hərbi əməliyyatları nə vaxta qədər davam etdirə biləcəyi, döyüşlərin hansı miqyasda olacağı əsas amildir: “Digər mühüm əhəmiyyət kəsb edən sual budur: hərbi qarşıdurma Ermənistan-Azərbaycan sərhədinə, Naxçıvan və Tovuz rayonu istiqamətlərinə qədər yayılacaqmı? Bu zaman tamamilə başqa vəziyyət ortaya çıxacaq. Çünki belə olan halda artıq iki müstəqil dövlət birbaşa döyüşlər aparacaq. Onlardan birinin müttəfiqi Türkiyə, digərinin isə Rusiya və KTMT-dır”.

Ekspertin sözlərinə görə, bu, ən arzulanmayan ssenaridir: “Fikrimcə, bu gün tərəflər belə vəziyyətin yaranmasını istəmir. Amma müharibə çox təxminedilməzdir”.

Yerevanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı təqdirdə nə baş verə bilər?

Malaşenko düşünür ki, Yerevanın Dağlıq Qarabağın müstəqilliyini tanıması heç nəyi dəyişməyəcək: “Çünki Ermənistan yenə də regiona de-fakto nəzarət edəcək”.

Oskanyan isə hesab edir ki, bu, Ermənistanın tərəfindən ciddi addım olacaq, lakin diplomatik baxımdan ciddi fikir ayrılığı yaradacaq: “Əgər hərbi əməliyyatlar daha da şiddətlənməzsə, döyüşlər aylarla davam etməzsə, Yerevanın buna gedəcəyinə inanmıram”.

Tərəflər arasında razılıq mümkündürmü?

“Bu günədək çox sayda həll yolu təklif edilib… Amma tərəflər onların heç birini qəbul etməyib”, – deyə Broers qeyd edir. O, hesab edir ki, tərəflərin biri-birinə münasibəti dəyişməlidir: “Onlar arasında əlaqə yaradılmalı, praktik təşəbbüslər irəli sürülməlidir”.

Broers diplomatik cəhdlərin nəticə verməməsindən təəccüblənmir: “Tərəflərin silah alışını davamlı artırdığı, mütəmadi hərbi toqquşmaların baş verdiyi şəraitdə münaqişənin diplomatik yolla həllinə nail olmaq çox çətindir. Üstəlik, beynəlxalq ictimaiyyət də münaqişənin həllinə xüsusi diqqət göstərmir, bununla bağlı öhdəliklər yerinə yetirilmir”.

Malaşenko isə düşünür ki, Ermənistanla Azərbaycan arasında beynəlxalq konfransın keçirilməsi, onların konfransda azı xarici işlər naziləri səviyyəsində təmsil edilməsi regionda gərginliyin azaldılmasına töhfə verə bilərdi: “Əlbəttə ki, bu konfransda Türkiyə, Rusiya, ABŞ və bəzi Avropa ölkələrinin də iştirakı mümkündür”.

Mənbə: Euronews, 03.10.2020

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*