Faiq Hüsiyev – Əməkdar jurnalist: WUF 13 bizə nə vəd edir?backend

Faiq Hüsiyev - Əməkdar jurnalist: WUF 13 bizə nə vəd edir?

Heç kəsə sirr deyil ki, Bakı son illərdə beynəlxalq siyasi, humanitar və qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi, mütərəqqi qərarların qəbul edildiyi  mərkəzlərdən birinə çevrilib. Bakı Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Humanitar forumlara, Avroviziya musiqi yarışmasına, Qoşulmama Hərəkatının Zirvə Görüşünə və COP29 kimi mühüm tədbirlərə uğurla ev sahibliyi edib.

WUF 13-də 182 ölkədən 45 minə yaxın iştirakçının qeydiyyatdan keçməsi tədbirə olan yüksək marağın və paytaxtımıza  beynəlxalq etimadın göstəricisidir .

Planetar miqyasda narahatlıq doğuran məsələlərin məhz Bakıda müzakirə olunması dövlətimiz üçün sadəcə bir imic layihəsi deyi, bu həm də Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin daha da möhkəmləndiyini göstərir. Ümumdünya Şəhərsalma Forumunun bizim regionda və türk dünyasında ilk dəfə məhz Azərbaycanda keçirilməsi isə ölkəmizin qlobal səviyyədə  mühüm dialoq və əməkdaşlıq platforması kimi qəbul olunduğunu göstərir.

BMT çərçivəsində keçirilən COP29 və bir müddət sonra təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda baş tutması həm də xalqlararası diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır. Əgər COP29 daha çox iqlim dəyişiklikləri, yaşıl enerji və ekoloji təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdısa, WUF13 urbanizasiya, dayanıqlı şəhər inkişafı, postmünaqişə bərpası və müasir şəhərsalma modellərinin gələcəyinə dair baxışların formalaşdırıldığı mühüm beynəlxalq platforma kimi xüsusi önəm kəsb edir. Yeni Şəhərsalma Gündəliyi bugünkü şəhər problemlərinin aktuallığını diqqətdə saxlamaqla yanaşı , birgə fəaliyyət, tərəfdaşlıq və investisiyalar üçün bir fürsətdir.

Hamı üçün görünən odur ki, Azərbaycan və onun rəhbərliyi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün təhlükəsiz və yüksək təşkilati imkanlara malik platforma təqdim edir. Ölkəmiz yalnız milli problemlərin həlli ilə kifayətlənmir, eyni zamanda qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşür.

Etiraf edək ki, urbanizasiya hazırda qlobal səviyyədə ən aktual problemlərdən biridir. Dünya əhalisinin sürətlə artması və insanların yarıdan çoxunun şəhərlərdə yaşaması, nəticədə məskunlaşmanın genişlənməsi sosial, iqtisadi və ekoloji standartları dəyişir. Ehtimal var ki,  yaxın 25 il ərzində şəhərlərdə məskunlaşma 70 faizə çatacaq. Bu isə meqapolislərin daha çox yüklənməsi, kəndlərin boşalması, ərzaq təhlükəsizliyi və təchizat zəncirində problemlərin dərinləşməsinə səbəb ola bilər.

Bu yerdə bir haşiyəyə çıxmaq istəyirəm. BMT-nin yeni hesabatına əsasən, dünya əhalisinin təxminən 40 faizi, yəni 3 milyard insan qeyri-münasib qiymətlər, mənzil çatışmazlığı, aşağı keyfiyyətli yaşayış şəraiti, eləcə də su və sanitariya kimi əsas kommunal şəhər xidmətlərinə çıxışın məhdudluğu ilə nəticələnən münasib mənzil böhranı ilə üzləşir. Hesabatda qeyd olunur ki, 2050-ci ilə kimi şəhərlərin əlavə 2 milyard sakini qəbul edəcəyi gözlənilir. Bu isə artıq sürətli urbanizasiya, torpaq qiymətlərinin artması, dərinləşən sosial bərabərsizlik və iqlim dəyişmələrinin təsiri səbəbindən artan çağırışlarıa üzləşən mənzil sistemləri üçün əlavə yük yaradacaq.
Bununla yanaşı, 2040-cı ilə kimi iqlimlə bağlı təhlükələrin 167 milyon yaşayış evini yararsız hala gətirəcəyi proqnozlaşdırılır. Qeyd olunur ki, 2023-cü ildə təbii fəlakətlər 280 milyard ABŞ dolları həcmində zərərlə nəticələnib və bu itkilərin böyük qismi sığortasız olub.

2024-cü ilin sonuna olan statistik məlumata əsasən, məcburi köçkünlərin sayı 123,2 milyona çatıb ki, bu da əvvəlki onillik ilə müqayisədə iki dəfə çoxdur  və onların böyük hissəsi şəhərlərdə məskunlaşıb.
Son 20 il ərzində əlavə olaraq 64 milyon insan qeyri-rəsmi yaşayış məntəqələrindən köçkün düşüb. Məcburi köçkünlərin böyük hissəsi isə şəhərlərə – qaçqın və ya məcburi köçkün düşərgələrinə üz tutur və çox vaxt əlavə köçkünlük riski ilə üzləşdikləri təhlükəli və ya aşağı standartlı yaşayış şəraitində məskunlaşmalı olur. İnkişaf etməkdə olan ölkələrdə qeyri-rəsmi yaşayış sahələri mülki yaşayış tikintisinin təxminən 80 faizini təşkil edir.

Aparılan araşdırmalara görə, münasib və əlçatan mənzillərin çatışmazlığı cəmi on ildən bir qədər artıq müddətdə 30 faiz artaraq 268 milyon vahidi keçib, 1,1 milyard insan isə hələ də qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Bir çox regionlarda mənzil qiymətləri gəlirlərlə müqayisədə daha sürətlə artıb, belə ki, qlobal səviyyədə qiymət-gəlir nisbəti 2010-cu ilin 9,3 göstəricisindən 2023-cü ildə 11,2-yə yüksəlib. Dünya üzrə ailələrin 44 faizi gəlirlərinin 30 faizindən çoxunu mənzil xərclərinə sərf edir. Kirayə mənzillərin əlçatmazlığı ən çox Sub-Sahara Afrikasında müşahidə olunur. Burada kirayədə yaşayan insanların 55 faizi ağır maliyyə yükü altındadır. Milli, regional və yerli idarəetmə səviyyələrində daxili maliyyə mexanizmləri bu əlçatanlıq boşluqlarını aradan qaldırmaq üçün həm tələb, həm də təklif yönümlü subsidiya mexanizmlərini daha səmərəli şəkildə hədəfə almalıdır. 

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı mənzil təminatı və şəhərsalma üzrə agentliyi – BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən açıqlanan “Dünya şəhərlərinin vəziyyətinə dair 2026-cı il hesabatı (“World Cities Report 2026): Qlobal mənzil böhranı – fəaliyyətə aparan yollar” adlı sənəddə qlobal mənzil böhranının çoxölçülü xarakter daşıdığı və struktur amillərlə şərtləndiyi vurğulanır. Bu hesabat göstərir ki, böhranın təzahürləri demoqrafik dəyişikliklər, ekoloji təzyiqlər və dəyişən iqtisadi şərait nəticəsində daha da dərinləşir. Bu proses isə bərabərsizlik, yoxsulluq və iqlim zərbələrinə qarşı həssaslıq da daxil olmaqla, bir çox çağırışları daha da kəskinləşdirir.

Bu da bir faktdır ki, dünya üzrə ümumi daxili məhsulun 60 faizi şəhərlərdə istehsal olunur. Həmçinin karbon emissiyalarının təxminən 70 faizi şəhərlərin payına düşür. Bu səbəbdən urbanizasiya, iqlim dəyişiklikləri, nəqliyyat, infrastruktur və dayanıqlı inkişaf məsələləri artıq bir-biri ilə sıx bağlı qlobal problemlərə çevrilib.
Bəzi rəqəmlərə görə  hazırda dünyada təxminən 3 milyarda yaxın insan qeyri-qənaətbəxş yaşayış şəraitində həyat sürür, 300 milyondan çox insanın isə daimi yaşayış yeri yoxdur, 1,1 milyard insan isə gecəqondularda yaşayır. Bu problemlər həm də səhiyyə, təhsil, sanitariya və sosial rifahda ciddi çətinliklər yaradır.

Hazırda dünyada 50-dən çox aktiv münaqişə ocağı mövcuddur və bu münaqişələr yalnız humanitar böhran yaratmır, həm də karbon emissiyalarını artıraraq iqlim dəyişikliklərinə mənfi təsir göstərir. Müharibələrin yaratdığı məcburi köçkünlük və qaçqınlıq problemi də urbanizasiyaya təsir edir.

Bir məqamı xüsusi vurğulamaq lazımdır. Qarabağ savaşında qələbə respublikamızda urbanizasiya çağırışlarına yeni baxış formalaşdırıb. 30 ilə yaxın işğal dövründə dağıdılmış şəhər və kəndlərin sıfırdan, müasir standartlar və ekoloji prinsiplər əsasında yenidən qurulması Azərbaycanın formalaşdırdığı nümunəvi təcrübədir.

Son beş ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait xərclənib. 2026-cı il üçün isə əlavə 3,5 milyard manat nəzərdə tutulub. Bir vaxt çox məcburi köçkün olmuş 85 minə yaxın  soydaşımız 40 yaşayış məntəqəsində məskunlaşıb və qarşıdakı illərdə 200-dən çox yaşayış məntəqəsinin yenidən qurulması gözlənilir. Bu isə  Böyük Qayıdış Proqramının real nəticəsidir.
Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilib və 2022-ci ildən etibarən  BMT-nin Məskunlaşma Proqramı ilə, Azərbaycanın uzun illər işğal altında olmuş Ağdamda, Zəngilanda və Xankəndi şəhərlərində  üç milli şəhərsalma forumları keçirilib.

Müasir şəhərsalma prinsipləri, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, yaşıl enerji infrastrukturu, rəqəmsal idarəetmə sistemi və sosial rifah layihələri bu bölgələri gələcəyin ən modern yaşayış məkanlarından birinə çevirməkdədir. İnsanların məşğulluğunun təmin olunması da əsas vəzifələrdəndir. Bu məqsədlə yaradılan sənaye zonaları, aqrar parklar, logistika mərkəzləri, Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları və yeni iqtisadi layihələr Qarabağ və Şərqi Zəngəzurun yaxın illərdə regionun mühüm iqtisadi məkanlarından birinə çevriləcəyini göstərir.

Həmçinin Bakıda həyata keçirilən müasir urbanizasiya layihələri, “Ağ Şəhər” konsepsiyası, nəqliyyat infrastrukturunun yenilənməsi, şəhərdaxili mobillik layihələri, yaşıllıq zonalarının artırılması və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində görülən işlər də beynəlxalq maraq doğurur. Bakı Bulvarı hazırda 15 kilometrdən artıq dənizkənarı məkana çevrilməsi də uğurlu layihədir..

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan zəngin tarixi-mədəni irsi ilə müasir memarlıq üslubunu uğurla birləşdirən ölkə kimi diqqət çəkir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhər kompleksi və Şəkinin tarixi mərkəzi Azərbaycanın qədim şəhərsalma ənənələrinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.

Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimində bildirdiyi kimi, Azərbaycanın müxtəlif bölgələrində sürətli şəhərsalma prosesləri həyata keçirilir və beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi bu sahədə daha effektiv nəticələrin əldə olunmasına imkan yaradacaq.

Dövlətimizin başçısı tədbirin açılış mərasimindəki çıxışında onu da vurğuladı ki, WUF 13 yalnız beynəlxalq müzakirə platforması deyil, həm də Azərbaycanın uğurlarının dünyaya təqdim olunduğu mühüm qlobal tribunadır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dövründə Bakının dünyanın paytaxtına çevrilməsi isə hər bir azərbaycanlı üçün qürurverici məqamdır. Bir sözlə bu günlərdə müasir şəhərsalma  dialoqunun mərkəzinə çevrilmiş paytaxtımız daha bir mötəbər tədbirə ev sahibliyi etməklə Azərbaycan həqiqətlərini dolğun şəkildə dünya ictimayyətinin diqqətinə çatdırır. Bütün dünya şahidlik edir ki, quruculuq, yaradıcılıq və sülhpərvər siyasət ölkəmzin əsas amalıdır. Xalqımız qurur, yaradır. Tikirik ki, izimiz qalsın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*