İranın ali lideri Müctəba Xamenei sosial şəbəkədə paylaşdığı açıqlama ilə diqqət çəkib. O, bildirib ki, düşmənə qarşı yeni strateji istiqamətlərin müəyyən olunması üçün xüsusi araşdırmalar aparılıb.
KONKRET.az xəbər verir ki, Xameneinin sözlərinə görə, söhbət düşmənin kifayət qədər imkan və təcrübəyə malik olmadığı yeni qarşıdurma istiqamətlərindən gedir.
“Düşmənin az təcrübəyə sahib olduğu və son dərəcə həssas vəziyyətdə qalacağı yeni cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb. Bu istiqamətlərin aktivləşdirilməsi hərbi vəziyyətin qorunması və maraqların nəzərə alınması çərçivəsində həyata keçiriləcək”, – deyə o, vurğulayıb.
Xamenei əlavə edib ki, planların icrası operativ vəziyyətə tam nəzarət olunmaqla həyata keçiriləcək. Bununla belə, hansı bölgə və ya sahələrin nəzərdə tutulduğu açıqlanmayıb.
Ekspertlər hesab edirlər ki, bu bəyanat regionda onsuz da gərgin olan siyasi-hərbi vəziyyət fonunda yeni risklərin yarana biləcəyi ilə bağlı müzakirələri daha da gücləndirə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
