Doğum azalır, əhali sürətlə qocalır – Pensiya yaşı artırılacaq?backend

Doğum azalır, əhali sürətlə qocalır - Pensiya yaşı artırılacaq?

Azərbaycanda doğum səviyyəsinin azalması və əhalinin sürətlə qocalması gələcəkdə sosial-iqtisadi sahədə ciddi problemlər yaradacaq. Ekspertlər hesab edir ki, bu tendensiya davam edərsə, əmək bazarında gənc işçi qüvvəsinin azalması, sosial təminat sisteminə yükün artması və pensiya mexanizmlərində dəyişikliklər qaçılmaz ola bilər.

Bəs, bu proseslər Azərbaycanda pensiya yaşının yenidən artırılmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən AVP sədri Akif Nağı bildirib ki, doğum səviyyəsinin azalması və əhalinin qocalması hazırda dünyanın bir çox ölkəsini narahat edən əsas problemlərdəndir:

Akif Nağı müğənni Samirə Əfəndini SÖYDÜ - VİDEO | Modern.az

“Bu məsələ bütün dünyanı düşündürən problemlərdən biridir. Bir çox ölkələrdə əhalinin qocalması və artım tempinin azalması müşahidə olunur. Dünyada ümumi tendensiya budur ki, evlənənlərin sayı azalır, ailələrin rəsmiləşdirilməsi əvvəlki qədər geniş yayılmır. Eyni zamanda bəzi insanlar “uşaqsız ailə” prinsipinə üstünlük verir, övlad məsuliyyəti daşımaq istəmirlər və yalnız öz həyatlarını düşünürlər”.

Onun sözlərinə görə, bu tendensiya artıq Azərbaycanda da hiss olunmağa başlayıb və burada əsas amillərdən biri müasir gənclərin düşüncə tərzidir:

“Bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Vətəndaş cəmiyyəti institutları, ictimai təşkilatlar təbliğat işləri görməlidirlər. İnsanlara ailənin və övlad sahibi olmağın cəmiyyət üçün vacibliyi izah edilməlidir. Bəzən gənclər ailə qurur, müəyyən çətinliklərlə qarşılaşan kimi ailə dağılır. Halbuki, ailə yalnız rahatlıq və istirahət demək deyil. Uşaq varsa, onun məsuliyyəti və zəhməti də qəbul edilməlidir”.

Akif Nağı hesab edir ki, doğum səviyyəsinin artırılması üçün dövlət tərəfindən stimullaşdırıcı addımların atılması vacibdir:

“Gənc ailələrə ciddi dövlət dəstəyi verilməlidir. Maliyyə yardımları ayrılmalı, onların mənzillə təmin olunması üçün real imkanlar yaradılmalıdır. Demək olar ki, sıfır faizlə kreditlər tətbiq olunmalı, eyni zamanda müxtəlif sosial güzəştlər nəzərdə tutulmalıdır. Uşaqlar üçün də ciddi maddi təminat mexanizmləri olmalıdır”.

AVP sədri əhalinin qocalmasının hər zaman mənfi göstərici sayılmadığını da vurğulayıb:

“Əgər insanlar sağlam şəkildə 80-90 yaşa çatırsa, bu, müsbət göstəricidir və cəmiyyətin inkişafından xəbər verir. Problem ondadır ki, gənclərin sayı azalanda yaşlı əhalinin ümumi payı artır. Bu isə artıq təhlükəli tendensiya hesab olunur”.

Pensiya yaşının artırılması məsələsinə münasibət bildirən Akif Nağı qeyd edib ki, hazırda Azərbaycanda belə bir addıma ehtiyac yoxdur:

“Avropa ölkələrində yüksək pensiyalar, güclü sosial təminat və uyğun iş şəraiti olduğu üçün müəyyən qərarlar qəbul edilir. Amma Azərbaycanda vəziyyət fərqlidir. Hazırda artım və itki arasında kritik hədd yaranmayıb. Üstəlik, keçmiş SSRİ məkanında ən yüksək pensiya yaşlarından biri artıq Azərbaycandadır. Buna görə də pensiya yaşının yenidən artırılması düşünülməməlidir. Əsas məsələ gənclərin ailə qurmağa və uşaq sahibi olmağa marağının artırılmasıdır”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*