Rusiya Dövlət Dumasında Ukraynaya qarşı müharibənin uzanmasının ölkə iqtisadiyyatı üçün ciddi risk yaratdığı açıq şəkildə müzakirə olunub.
KONKRET.az xəbər verir ki, Rusiya Kommunist Partiyasından deputat Renat Süleymanov bildirib ki, “xüsusi hərbi əməliyyat”ın davam etməsi iqtisadiyyata təzyiq göstərir və münaqişənin mümkün qədər tez başa çatdırılmasını tələb edir.
Onun sözlərinə görə, federal büdcənin təxminən 40 faizi müdafiə və təhlükəsizlik sahəsinə yönəldilir ki, bu da inflyasiyanın artmasına və sosial, eləcə də investisiya xərclərinin azalmasına səbəb olur. Süleymanov qeyd edib ki, hərbi iqtisadiyyat istehlak dəyəri yaratmır və uzunmüddətli müharibə ölkə üçün ağır yükə çevrilir.
Deputat həmçinin müharibə xərclərinin azalması halında yarana biləcək sosial problemlərə diqqət çəkib. Onun fikrincə, müdafiə və ordu sahəsində çalışan milyonlarla insanın işlə təmin olunması və sosial adaptasiyası zəruri olacaq. Bundan əlavə, o, nəzarət olunan ərazilərin bərpası üçün də böyük maliyyə vəsaiti tələb olunacağını bildirib.
Qeyd edək ki, Süleymanov əvvəllər daha sərt mövqe sərgiləyərək Kiyevin təslim olmasını dəstəkləyib və 2022-ci ildə səfərbərliyə dəstək vermişdi. Onun bu son açıqlaması Rusiya rəsmilərinin ritorikasında dəyişikliklərin müşahidə olunduğu və seçkilərə yaxınlaşma fonunda səslənib.
Müşviq Tofiqoğlu
KONKRET.az
