Azərbaycanda uzun illərdir may ayında toy və digər şənliklərin keçirilməsinin uğursuz sayılması ilə bağlı müxtəlif inanclar mövcuddur. Son dövrlərdə isə bu düşüncənin ermənilərin 24 aprel hadisələri ilə bağlı formalaşdırdığı uzunmüddətli yas ənənəsindən qaynaqlandığı iddiaları gündəmə gəlib.
Bəs bu yanaşmanın tarixi və dini əsası varmı, yoxsa cəmiyyətə sonradan sirayət etmiş xurafatdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, may ayında toy etməyin uğursuz hesab olunması tamamilə xurafatdır və İslam dinində bunun heç bir əsası yoxdur.

Onun sözlərinə görə, müxtəlif xalqlardan keçən inanclar sonradan cəmiyyətlərdə adət halını ala bilir:
“May ayında toy etməyin uğursuz olması inancı xurafatdır və əsası yoxdur. Düzdür, müxtəlif məsələlərlə bunu əlaqələndirirlər, amma dəqiq mənşəyi bilinmir. Ermənilərlə bağlı olduğu fikri var. İslam dininə görə uğurlu və ya uğursuz ay, gün yoxdur. Allahın xəlq etdiyi bütün zaman kəsimləri insanlar üçün faydalıdır. Uğursuz yaxud uğurlu olması insanların öz fəaliyyətinin nəticələridir”.
İlahiyyatçı qeyd edib ki, Məhərrəm və ya may ayında toy etməmək barədə təsəvvürlər dini baxımdan doğru deyil:
“Məhərrəm ayında yaxud may ayında toy, xeyir iş etməmək anlayışı tamamilə əsassız, xurafat və bidətdir. Farslardan, ermənilərdən keçmə adətləri milli ənənəmizə yaxud dinimizə əlavə etmək yanlışdır. Mümkündür ki, ermənilər vaxtilə bu ənənəni sirayət etdirib, lakin əsasının 24 aprel olmasını gizlədə biliblər. Belə ki, bu tarixdən sonra 40 gün hesabladıqda may ayı demək olar ki, tamamilə bu müddətə daxil olur. Və bizim əhali də kor-koranə buna əməl edib. Yaxud başqa səbəb də ola bilər”.
Tural İrfan vurğulayıb ki, İslam dini nikbinliyi, ağılı və məntiqi üstün tutan dindir və dinimizdə hər hansı tarixin uğursuz hesab olunması anlayışı mövcud deyil:
“Dinimizdə uğursuz, uğurlu deyə tarixlər yoxdur. Heç Peyğəmbərin vəfat etdiyi tarix belə uğursuz sayılmır. Çünki ilahi dərgaha səfərinin başlanğıcıdır. İslam nikbin dindir. Reallığa əsaslanan, ağıla, məntiqə üstünlük verən dindir”.
Aynurə İsmayıl
KONKRET.az
