Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışda olan şəxsin gizlədildiyi müəyyən edilib.
KONKRET.az xəbər verir ki, axtarışda olan şəxsin bilə-bilə həmin evdə gizlədildiyi məlum olub. Bu fakt isə axtarışda olan şəxsi və ya törədilmiş cinayəti bilərəkdən gizlədən şəxslərin hansı hüquqi məsuliyyət daşıdığı məsələsini gündəmə gətirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməllərini tənzimləyir. Həmin maddəyə əsasən:
307.1-ci maddəyə görə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
307.2-ci maddəyə görə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
307.3-cü maddəyə əsasən, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, cinayət törətmiş və ya barəsində axtarış elan edilmiş şəxsin bilərəkdən gizlədilməsi hüquqi baxımdan ciddi nəticələr doğurur: “Əgər şəxs axtarışda olan şəxsi və ya törədilmiş ağır, yaxud xüsusilə ağır cinayətin izlərini, eləcə də cinayətkarı qabaqcadan vəd etmədən bilə-bilə gizlədirsə, bu hal birbaşa cinayət məsuliyyətinə səbəb ola bilər. Burada əsas meyar əməlin qəsdən, yəni məlumatlı və bilərəkdən törədilməsidir. İstintaq orqanları şəxsin axtarışda olmasından və ya cinayət əməlindən xəbərdar olub-olmamasını, habelə gizlətməyə yönəlmiş konkret hərəkətləri hərtərəfli araşdırır”.
Onun sözlərinə görə, hadisənin hüquqi qiymətləndirilməsi işin bütün halları müəyyən edildikən sonra verilir: “Cinayət Məcəlləsinin 307-ci maddəsi və digər müvafiq normalar çərçivəsində məsuliyyət həm gizlədilən cinayətin ağırlıq dərəcəsindən, həm də həmin şəxslə əlaqənin xarakterindən asılı olaraq dəyişə bilər. Əgər gizlətmə qabaqcadan vəd verilməklə baş veribsə, bu artıq iştirakçılıq kimi qiymətləndirilə bilər, qabaqcadan vəd edilmədən baş verdikdə isə məsuliyyət cinayəti və ya cinayət törətmiş şəxsi gizlətmə maddələri üzrə tətbiq olunur. Yekun hüquqi qiymət və cəza növü istintaqın nəticələrinə və məhkəmənin qərarına əsasən müəyyənləşdirilir”.
