Onu meymunlarla birlikdə qəfəsə saldılar – 114 il sonra zoopark ondan üzr istədibackend

Onu meymunlarla birlikdə qəfəsə saldılar - 114 il sonra zoopark ondan üzr istədi

1906-cı ilin sentyabrında minlərlə insan Nyu-Yorkun ən böyük zooparklarından birinə qeyri-adi bir eksponatı görmək üçün axışırdı. Lakin qəfəsin metal barmaqlıqları arxasında uzaq Afrikadan gətirilmiş nadir bir heyvan yox, insan var idi.

Onun adı, vətəni, ailəsi və öz həyat hekayəsi vardı. Adı Ota Benqa idi. Əgər faciəli hadisələr və dövrün qəddar, irqçi düşüncəsi olmasaydı, bəlkə də o, ömrünün sonuna qədər həsrətini çəkdiyi Mərkəzi Afrikanın ekvatorial meşələrində, doğmalarının arasında yaşayardı.

Ota Benqa təxminən 1883-cü ildə, indiki Konqo Demokratik Respublikasının ərazisində anadan olmuşdu. O, nəsillər boyu tropik meşələrdə yaşayan, ovçuluq və yığıcılıqla məşğul olan mbuti xalqına mənsub idi.

Lakin onun gənclik illəri Mərkəzi Afrika tarixinin ən dəhşətli dövrlərindən birinə təsadüf etmişdi. Konqonun nəhəng ərazisi həmin vaxt Belçika kralı II Leopoldun şəxsi nəzarəti altında idi. Müstəmləkəçilərin kauçuk və fil sümüyü hasilatından maksimum gəlir əldə etmək istəyi yerli əhali üçün məcburi əmək, zorakılıq, yaşayış məntəqələrinin dağıdılması və kütləvi insan tələfatı ilə nəticələnirdi.

Qorunub saxlanılmış bioqrafik məlumatlara görə, Ota Benqanın həyat yoldaşı və iki övladı müstəmləkə zorakılığının qurbanı olmuşdu. Özü isə sonradan qul tacirlərinin əlinə keçmişdi. Bu hadisələrin dəqiq təfərrüatları bu gün də tarixçilər arasında mübahisə mövzusu olaraq qalır. Lakin onun faciəli həyat hekayəsinin ən ağır səhifələri məhz həmin dövrdən başlayır.

1904-cü ildə tale gənc afrikalını amerikalı səyyah və keçmiş missioner Samuel Fillips Vernerlə qarşılaşdırdı. Verner Afrikaya müasir meyarlarla olduqca qeyri-adi görünən bir məqsədlə gəlmişdi: ABŞ-ın Sent-Luis şəhərində keçiriləcək Ümumdünya sərgisində antropoloji ekspozisiya üçün Afrika xalqlarının nümayəndələrini tapmaq.

Vernerin öz sözlərinə görə, o, Ota Benqanı qul tacirlərindən duz və parça müqabilində almışdı. Bu hekayənin nə dərəcədə doğru olduğunu bu gün dəqiq müəyyənləşdirmək çətindir. Lakin məlum olan budur ki, çox keçmədən gənc afrikalı doğma meşələrindən minlərlə kilometr uzaqda, tamamilə yad insanların arasında idi.

1904-cü il Ümumdünya sərgisi möhtəşəm hadisə idi. Ziyarətçilər ən yeni texniki ixtiralara, sənaye, memarlıq və elmin nailiyyətlərinə heyran qalırdılar. Bəşəriyyət tərəqqisinin bəhrələrini qürurla nümayiş etdirirdi.

Amma həmin sərgidə başqa insanlar da nümayiş etdirilirdi.

Afrika xalqlarının nümayəndələri xüsusi təşkil olunmuş etnoqrafik ekspozisiyalarda yerləşdirilir, ziyarətçilər onların görünüşünü, geyimini, adət-ənənələrini və gündəlik həyatını müşahidə edirdilər. Bu cür sərgilərin arxasında çox vaxt bəzi xalqların digərlərindən üstün olması barədə irqçi təsəvvürlər dayanırdı.

Sərgi başa çatdıqdan sonra Ota Benqa Afrikaya qayıtdı. Lakin bir müddət sonra yenidən Vernerlə birlikdə ABŞ-a yola düşdü. Məhz bu ikinci səfər onu insan ləyaqətinin tamaşaçı marağına qurban verildiyi bir məkana gətirdi.

1906-cı ildə Ota Benqa məşhur amerikalı zooloq Uilyam Templ Hornadeyin rəhbərlik etdiyi Bronks zooparkına gətirildi.

Əvvəlcə afrikalıya park ərazisində sərbəst hərəkət etməyə, hətta işçilərə heyvanlara qulluq etməkdə kömək göstərməyə icazə verilirdi. Lakin tezliklə zoopark rəhbərliyi onun varlığını ziyarətçilərin diqqətini cəlb edən bir tamaşaya çevirmək qərarına gəldi.

Ota Benqanı meymunxanada, insanabənzər meymunlarla birlikdə nümayiş etdirməyə başladılar. Ekspozisiyada Dohonq adlı oranqutan da var idi. Yaxınlıqda Ota Benqanın istifadə etdiyi ox və yay yerləşdirilmişdi.

Ziyarətçilərin diqqətini cəlb etmək üçün onun adını, təxmini yaşını, boyunu, çəkisini və mənşəyini göstərən xüsusi lövhə də qoyulmuşdu.

Adətən belə lövhələrlə planetin uzaq guşələrindən gətirilmiş heyvanları təqdim edirlər.

Amma bu dəfə söhbət bir insandan gedirdi.

Qeyri-adi “eksponat” barədə xəbər qısa müddətdə bütün Nyu-Yorka yayıldı. Zooparka maraqlanan insanların axını başladı. Onlar Ota Benqaya baxır, gülür, park ərazisində hərəkət edərkən onu izləyirdilər. Qəzetlər baş verənləri müzakirə edir, elmi yanaşma adı altında pərdələnən irqçi düşüncələr isə bəzi insanlara bu alçaldıcı nümayişi məqbul hesab etməyə imkan verirdi.

Bütün bunların uzaq keçmişdə deyil, XX əsrin əvvəllərində baş verməsi xüsusilə dəhşətlidir. Bəşəriyyət artıq elektrikdən, avtomobildən və telefondan istifadə edirdi. Rayt qardaşları ilk uçuşlarını həyata keçirmiş, Albert Eynşteyn xüsusi nisbilik nəzəriyyəsini dərc etmişdi. Elm və texnologiya milyonlarla insanın həyatını dəyişirdi.

Lakin bir daha aydın oldu ki, texniki tərəqqi cəmiyyətin mənəvi inkişafına heç də zəmanət vermir.

Xoşbəxtlikdən, həmin dövrdə baş verənlərə etiraz edən insanlar da tapıldı.

Afroamerikalı xristian ruhaniləri zoopark rəhbərliyinin bu addımına qarşı çıxdılar. Onların arasında Bruklində qaradərili uşaqlar üçün sığınacağın rəhbəri, keşiş Ceyms Qordon da var idi. Etirazlara tanınmış baptist pastor Robert Styuart Makartur da qoşuldu.

Onlar insanın zooparkda alçaldıcı şəkildə nümayiş etdirilməsinə son qoyulmasını tələb edirdilər. Etirazçıları təkcə Ota Benqaya qarşı rəftar deyil, həm də belə bir tamaşanın maarifləndirmə adı altında cəmiyyətə təqdim olunması qəzəbləndirirdi.

İctimai təzyiq nəticəsində ekspozisiya dayandırıldı və Ota Benqa Ceyms Qordonun himayəsinə verildi.

Sonrakı illərdə o, yeni həyata başlamağa çalışdı. Virciniya ştatının Linçberq şəhərinə köçdü, ingilis dilini öyrəndi, dərslərə qatıldı, dostlar qazandı və tütün fabrikində işə düzəldi.

Onun tanışları arasında amerikalı şairə En Spenser də var idi. Linçberqdə Ota Benqaya ekzotik bir qəribəlik kimi deyil, dostluğa, hörmətə və qayğıya layiq bir insan kimi yanaşan insanlar tapıldı.

Lakin Amerika onun üçün heç vaxt vətənə çevrilmədi.

Ota Benqanı tanıyan insanların xatirələrinə görə, o, daim Afrikaya qayıtmaq arzusunda idi. 1914-cü ildə başlayan Birinci Dünya müharibəsi transatlantik səyahətləri xeyli çətinləşdirdi və onun doğma torpaqlarına qayıtmaq ümidlərini daha da uzaqlaşdırdı.

20 mart 1916-cı ildə Ota Benqa intihar etdi. Onun cəmi otuz üç yaşı vardı.

Bu insanın yaşadıqlarının bütün ağrısını və dərinliyini heç vaxt tam anlaya bilməyəcəyik. O, gündəlik və ya ətraflı xatirələr qoymamışdı ki, başına gələnləri öz sözləri ilə danışsın. Bioqrafiyasının böyük hissəsi bizə başqa insanların yazdıqları və xatirələri vasitəsilə gəlib çatıb.

Hətta öz həyat hekayəsini dünyaya danışmaq imkanı da böyük ölçüdə əlindən alınmışdı.

Aradan yüz ildən çox vaxt keçdi.

2020-ci ilin iyulunda Bronks zooparkını idarə edən Vəhşi Təbiətin Mühafizəsi Cəmiyyəti 1906-cı ildə Ota Benqaya qarşı törədilən haqsızlığa görə rəsmi üzrxahlıq etdi. Təşkilat onun ictimaiyyət qarşısında alçaldılmasının yolverilməz olduğunu etiraf etdi, bəzi qurucularının irqçi baxışlarını pislədi.

Bu etirafın səslənməsi üçün 114 il lazım oldu.

Ota Benqa isə artıq bunu eşidə bilməzdi.

Heç bir üzrxahlıq ona həlak olmuş doğmalarını, itirilmiş ömür illərini və doğma meşələrinə qayıtmaq imkanını geri qaytara bilməzdi. Lakin tarixi ədalətsizliyin etirafı yalnız həyatda olmayanlar üçün deyil, bu gün yaşayan insanlar üçün də vacibdir.

Çünki bu hadisənin ən dəhşətli tərəflərindən biri insanın alçaldılmasının minlərlə başqası üçün əyləncəyə çevrilməsi idi. İnsanlar onu görmək üçün zooparka gəlir, bilet alır, uşaqlarını da özləri ilə gətirirdilər. Çoxları üçün bu, sadəcə qeyri-adi bazar günü tamaşası idi.

Məhz buna görə də Ota Benqanın tarixini yalnız keçmişin qəddarlığını sübut edən bir hadisə kimi qəbul etmək olmaz. Bu faciə bizi özümüzə sual verməyə vadar edir: ətrafdakılar ədalətsizliyi adi, məqbul, hətta gülməli hesab edəndə biz onu görmək və ona etiraz etmək gücünə malikikmi?

Sivilizasiyanın inkişaf səviyyəsi yalnız göydələnlərin hündürlüyü, avtomobillərin gücü, elmi kəşflərin sayı və texnologiyaların mükəmməlliyi ilə ölçülmür. O, həm də cəmiyyətin çoxluqdan fərqlənən, müdafiəsiz vəziyyətdə olan və öz hüquqlarını müstəqil şəkildə qoruya bilməyən insanların ləyaqətinə hörmət etmək bacarığı ilə ölçülür.

Nə mənşə, nə dəri rəngi, nə görünüş, nə dil, nə də başqa mədəniyyətə mənsubiyyət bir insanı digərindən daha az dəyərli etmir.

Guya nə qədər sadə həqiqətdir…

Amma bəşəriyyət bu həqiqəti anlamaq üçün nə qədər faciə yaşamalı olub. Və onu unutmamaq üçün hələ nə qədər iş görülməlidir.

Ota Benqanın hekayəsi yalnız bir insanın zoopark qəfəsinin arxasına salınmasının tarixçəsi deyil. Bu, həmin mənzərəni normal hesab edən, insan ləyaqətinin tapdalanmasına tamaşaçı qalan bir cəmiyyətin də tarixidir.

Bəlkə də bu faciənin bizə ünvanladığı ən vacib sual budur: bu gün başqasının alçaldılmasına qarşı nə qədər həssasıq? Belə haqsızlıqların yenidən baş verməsi qarşısında səssiz şahidə çevrilməmək üçün kifayət qədər cəsarətimiz varmı?

Texniki tərəqqi cəmiyyətin mənəvi inkişafına zəmanət vermir. Okeanları fəth etməyi, atomu parçalamağı, kosmik gəmiləri uzaq planetlərə göndərməyi öyrənmək mümkündür. Amma bütün bunlara baxmayaraq, ən vacib həqiqəti — başqa bir insanda İnsan görməyi öyrənməmək də mümkündür.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*