Gədəbəydə 17 yaşlı qızı qaçıran ana və oğullarına hökm oxundubackend

Gədəbəydə 17 yaşlı qızı qaçıran ana və oğullarına hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən  Səriyyə Babayeva və oğulları Saqif və Malik Babayevlərin (adları, soyadları şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Saqif Babayev 2 il və Malik Babayev isə 1 il 6 ay  müddətə azadlıqdan məhrum edilib. Səriyyə Babayeva isə şərti cəza verilib.

İttihama görə, üç nəfər qabaqcadan əlbir olaraq 2008-ci il təvəllüdlü, zərərçəkmiş Fəridə İsrafilovanı (adı, soyadı şərtidir) yetkinlik yaşına çatmadığını bilə-bilə, evlənmək məqsədilə oğurlamaq barədə razılığa gəliblər.

Hadisə bu il saat 17 radələrində Gədəbəy rayonu ərazisində baş verib.

Belə ki, Saqif Babayev idarə etdiyi avtomobillə Gədəbəy şəhəri, Heydər Əliyev prospektinə gəlib və yol kənarında maşının sükanı arxasında gözləyib. Bu zaman anası Səriyyə Babayeva Yeni il hədiyyəsi vermək bəhanəsi ilə zərərçəkmişi aldadaraq yol kənarına gətirib.

Daha sonra Səriyyə Babayeva avtomobildən düşərək nəqliyyat vasitəsinin salonunda əşya olduğunu deyib. Bu sözlərə inanan yeniyetmə avtomobilin içərisinə baxmaq üçün əyildiyi zaman qadın onu arxadan itələyərək fiziki zor tətbiq edib və nəqliyyat vasitəsinin arxa oturacağına əyləşdirib.

Səriyyə Babayeva bununla kifayətlənməyərək qızın qolundan tutub sıxmaqla onun avtomobildən çıxmasına mane olub. Nəticədə Fəridə İsrafilovanın sağ said nahiyəsində sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən qançır əmələ gəlib.

Saqif Babayev avtomobili idarə edərək qızı onun iradəsinə zidd şəkildə Gədəbəydən Tovuz rayonuna aparıb. Daha sonra isə yeniyetmə Saqifin Samux rayonunda yaşayan dayısının evinə aparılaraq orada saxlanılıb.

Beləliklə, istintaqın qənaətinə əsasən, Saqif Babayev, Malik Babayev və Səriyyə Babayeva qabaqcadan əlbir olan bir qrup şəxs halında, yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə oğurlanmasını həyata keçiriblər.

Hadisədən sonra hər üç şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*