Gələcəyimizi gözləyən DƏHŞƏTLİ TƏHLÜKƏ: Cəmiyyətin axırına çıxmadan Tik-Toku bələkdəcə boğmalıyıqbackend

Gələcəyimizi gözləyən DƏHŞƏTLİ TƏHLÜKƏ: Cəmiyyətin axırına çıxmadan Tik-Toku bələkdəcə boğmalıyıq

Bu gün dünyada silah müharibəsindən daha çox informasiya savaşı aparılır. Nəhəng ölkələrin beyin mərkəzləri digər dövlətləri necə idarə etmək, insanlara hansı yollarla təsir göstərmək haqqında xüsusi planlar hazırlayır. Müasir dünyada yaradılan sosial platformaların böyük əksəriyyətinin məhz bu səbəblərdən fəaliyyət göstərdiyini birmənalı şəkildə söyləmək mümkündür. Təəssüflər olsun ki, dövlətlərin bir-biri ilə apardığı informasiya müharibəsində sadə insanlar alətə çevrilir və nəticədə ziyan görən tərəf də məhz bəşər övladları olur.

Qloballaşan dünyada güclü iqtisadiyyata malik ABŞ və Çin arasında kəskin informasiya müharibəsi hökm sürür. Bu müharibədə ABŞ dünyaca məşhur sosial platforma sayılan FACEBOOK, Çin isə ona alternativ rəqib kimi yaradılan “Tik-Tok” şəbəkəsi ilə vuruşur. Nəticədə milyardlarla insan bu şəbəkələrin neqativ aurasının təsirlərindən əziyyət çəkir. Sözügedən sosial şəbəkələr insanların psixologiyasından tutmuş, milli kimliyinə və dəyərlərinə, eləcə də əxlaqına qədər hər şeyə təsir göstərir. Bu platformalar asılılıq, real həyatdan uzaqlaşmaq, şəxsiyyətin deqradasiyası kimi ciddi problemlərə yol açır. Təsadüfi deyil ki, ABŞ xüsusi xidmət orqanları TİK-Tok yaradıcılarının istifadəçilərin şəxsi məlumatlarını Çin hökumətinə ötürdüyü, habelə siyasi təbliğat işləri ilə məşğul olduğu haqda xəbərdarlıq edir.

Təəssüflər olsun ki, Azərbaycan kimi kiçik ölkələr də bu beynəlxalq bəlaların yan təsirlərindən özünü və əhalisini sığortalaya bilmir. Doğrudur, sosial şəbəkələrin bir çox müsbət tərəfləri də mövcuddur və ağıllı insanlar məhz yaxşı nələrdənsə yararlanmağa çalışır. Ancaq heç də hər kəs iti ağıla sahib deyil. İnsan övladı daima zərərli vərdişlərə meyl göstərir. Hesab edirəm ki, son zamanların ən populyar sosial şəbəkəsi sayılan “Tik-Tok” platformasını məhz zərərli vərdişlərin siyahısına əlavə etməyin vaxtı çoxdan çatıb. Öncə statistik məlumatlara nəzər salarkən insanı əməlli-başlı dəhşət bürüyür.

Belə ki, Sensor Tower tədqiqat firmasının 2022-ci ilin birinci rübündə dərc etdiyi məlumata əsasən adıçəkilən şəbəkə 175 milyon dəfədən çox yüklənib. Ümumilikdə isə Tik-Tok istifadəyə verildiyi vaxtdan bəri 3,5 milyard dəfədən çox endirilib. Azərbaycanda isə bu sosial platformanın gündəlik auditoriyasının 3 milyon olduğuna dair məlumatlar mövcuddur. Statistik rəqəmlərə nəzər yetirdikdə zərərli informasiyaların təsirinə məruz qalan bu insanların gələcək həyatları haqda müsbət fikir söyləmək çətinləşir. Hər gün canlı yayım açaraq insan zehniyyatına və əxlaqına mənfi təsir göstərən söhbətlər edən bəzi “qəhrəman”lar ətrafına böyük kütlə toplaya bilir. Ağlına yox, ağzına gələni danışan, özünü “super ulduz” sayan bu adamları isə milyonlarla insan dinləyir, hətta bahalı hədiyyələr göndərməklə onlara kifayət qədər ciddi hesab olunan məbləğlər qazandırır. Əvəzində isə yalnız mənəvi və psixoloji aşınma, natamamlıq, şəxsiyyətin aşağılanması kimi xüssusiyyətlər qazanır. Təəssüflər olsun ki, cəmiyyət mənəvi zəngin elmi biliklərə aid informasiyaları dinləməkdənsə, söyüşə, əxlaqsızlığa, intim mövzulara həsr olunan söhbətlərə meyl edir. Savadlı, ali təhsilli insanların Tik-Tok sosial platformasında dodağını şişirdib, bədəninin müxtəlif hissələrini nümayiş etdirən kəslərin küllü miqdarda pul qazandığını görməsi və bundan psixoloji sarsıntə keçirməsi, nəticədə intihara cəhd göstərməsi bütövlükdə cəmiyyəti mənəvi aşınmaya məruz qoyur.

Bu gün adi insanlarla yanaşı, bir zamanların TV aparıcıları, müğənniləri və digər tanınmış şəxsləri də Tik-Tok sosial şəbəkəsində “hoqqa” verir. Bu insanları özünə etalon sayan gənclər isə onların heç bir mənəviyyata sığmayan hərəkətlərindən nümunə götürür. Məsələn, vaxtilə bir çox kanallarda aparıcılıq edən Azər Zahidin şit və bayağı söhbətlərini, ucuz “şou”larını 30 mindən çox adam izləyir, milyonlarla bəyənmə gəlir, qazandığı pullar isə ələ-ovuca sığmır. Yaxud, aktrisa Pərvin Abıyevanın digər xanım həmkarı ilə “saçyoldu” savaşına minlərlə insan tamaşa edir, Kənan MM kimi tanınan rejissorun gürcüstanlı qızla “lağ-lağı”sına camaat ağzının suyunu axıdır. Bəli, bütün bunlar ciddi həyəcan təbili çalmaq və Tik-Tok şəbəkəsini Azərbaycan seqmentindən yığışdırmaq üçün çox ciddi səbəblərdir. Ümid edirik ki, Azərbaycanın aidiyyatı dövlət orqanları cəmiyyətin axırına çıxmadan Tik-Toku elə bələkdəcə boğacaqlar. Əks halda bizi gözləyən ciddi təhlükələrə hazır olmalıyıq.

Yeri gəlmişkən, adıçəkilən sosial şəbəkənin yaradıcısı olan Çin, Tik-Tokun zərərli məzmunundan çoxdan imtina edib. Belə ki, Çin vətəndaşları heç bir halda zərərli məzmuna baxmamaq və orada iştirak etməmək öhdəliyinə malikdir. Yəni, Zorakılığa, narkotiklərə, müharibələrə, pornoqrafiyaya aid mövzulardan imtina edən çinlilər bu tip zərərli informasiyaları Avropa, ABŞ və MDB ölkələrinə ötürməklə xüsusi siyasət həyata keçirirlər. Nəticədə isə qəzəblənən, stress və psixoloji sarsıntı keçirən milyonlarla insanın “köməyinə” məhz Çinin istehsal etdiyi dərman vasitələri çatır. Beləliklə Çin dünyanın ən güclü iqtisadiyyatına malik bir ölkə qurarkən, digər dövlətləri parçalamaq və məhv etmək üçün ilk növbədə onların cəmiyyətlərindən başlayır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*