Paytaxtın ən iri ticarət mərkəzlərindən biri olan “8-ci kilometr bazarı” ətrafında yenidən gərginlik yaranıb. Bu dəfə bazarda çalışan sahibkarlar incidildiklərini, onlardan qanunsuz ödənişlər və rüşvət tələb olunduğunu iddia edirlər. İllərdir müxtəlif qalmaqallarla gündəmə gələn bazarla bağlı isə hələ də qəti və sistemli qərar qəbul edilmir.
Vaxtaşırı bazarın söküləcəyi, başqa yerə köçürüləcəyi haqda söhbətlər yayılır. Ticarət mərkəzi ətrafında sonuncu gərginlik 2023-cü ilin noyabr-dekabr aylarında yaranmışdı. Bu bazar vaxtilə nazirlərin, generalların “nifaq alması”na çevrilmişdi. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general-mayor Akif Çovdarovun da bu bazarda qeyri-rəsmi payları olub.
Nə üçün bu bazar ətrafında yaranan qalmaqallara baxmayaraq, bu günə qədər qəti qərar qəbul edilməyib?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, ümumiyyətlə, ticarət obyektlərində, xüsusilə marketlərdə malların satışı tam rəsmi qaydada həyata keçirilir:
“Satılan məhsullar istehsalçı və ya tədarükçü şirkətlərdən müvafiq sənədlərlə alınır, alış və satış əməliyyatları rəsmiləşdirilir, vergi və digər qanunvericilik tələblərinə əməl olunur. Kənd təsərrüfatı məhsullarının bazarlarda satışı isə müəyyən mənada fərqli mexanizm əsasında təşkil edilir. Çünki bu məhsulların əksəriyyəti birbaşa kəndlilər tərəfindən yetişdirilir və bazara ya özləri çıxarır, ya da vasitəçilər tərəfindən satışa təqdim olunur. Bu səbəbdən həmin məhsulların tədarük zənciri marketlərdə olduğu qədər formal xarakter daşımır və bu sahədə vergi, uçot və digər prosedurlar fərqli qaydada tətbiq edilir. Dövlətin bu sahəyə müəyyən qədər çevik yanaşmasının əsas səbəblərindən biri kənd təsərrüfatı məhsullarının regionlardan iri şəhərlərə fasiləsiz çatdırılmasını təmin etməkdir. Əgər bu istiqamətdə həddindən artıq sərt tələblər tətbiq olunsa, bu, minlərlə kəndlinin məhsulunu bazara çıxarmasını çətinləşdirə və həm istehsalçılar, həm də istehlakçılar üçün əlavə problemlər yarada bilər”.
E.Azadovun sözlərinə görə, mövcud sistemdən sui-istifadə edən şəxslər də var:
“Elə insanlar olur ki, özlərini kəndli kimi təqdim edir və ya müxtəlif mənbələrdən aldıqları məhsulları sənədsiz şəkildə satırlar. Bəzən “8-ci kilometr bazar”ında şəxslər qeyri-rəsmi satış yerləri yaradır, müəyyən kəslər həmin yerləri zəbt edir, gün ərzində bir yerdən başqa yerə keçərək satış fəaliyyətini davam etdirirlər. Bazarlarda ticarətin təşkili ilə bağlı problemlər də mövcuddur. Satış yerlərinin bölüşdürülməsi, qeyri-rəsmi fəaliyyət göstərən satıcılar və nəzarət mexanizmlərinin tam effektiv olmaması zaman-zaman narazılıqlara səbəb olur. Cəmiyyətdə belə fikirlər də səslənir ki, bəzi hallarda qeyri-rəsmi satış həyata keçirən şəxslərdən qanunsuz ödənişlər tələb oluna bilər. Belə iddialar zaman-zaman gündəmə gəlsə də, konkret faktlarla sübuta yetirilmədiyi hallarda onları ehtimal kimi qiymətləndirmək daha düzgündür. Ümumilikdə isə kənd təsərrüfatı məhsullarının bazarlarda satışı həm kəndlilərin maraqlarının qorunması, həm də şəhərlərin ərzaq təminatının davamlı olması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu sahədə şəffaflığın artırılması və bazarlarda ticarətin daha səmərəli təşkil edilməsi istiqamətində mexanizmlərin təkmilləşdirilməsi də vacib məsələlərdən biridir”.
