Kəskin istilərin ardından havaların dəyişməsi bölgədə fəsadlara yol açıb.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, günün 2-ci yarsından başlayan güclü yağış Goranboyun dağ kəndlərində sel yaradıb. Rayonun Börü, Gürzallar, Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində dağlardan axıb gələn sel suları həyətlərə, evlərin zirzəmilərinə dolub.
Aşağı Ağcakənd qəsəbəsində yaşayanlar bildirib ki, küçələrlə axıb gedən sel suları həyətlərə dolub, sakinlərin su mühərriklərini sıradan çıxarıb. Sel suları o qədər güclü olub ki, hətta həyət üçün quraşdırılan qapını da yararsız hala salıb.
Rayon İcra Hakimiyyəti başçısı Seymur Nazarovun verdiyi məlumata görə, Goranboyun kəndlərində selin yaratdığı fəsadların aradan qaldırılması üçün rayon fövqəladə hallar komisiyasının üzvləri həmin yaşayış məntəqələrində olub. Hazırda dəymiş ziyanın miqdarı hesablanır.
Qeyd edək ki,güclü yağışların ardından Goranboy rayonu ərazisindən axan Gorançay, Qaraçay, çaylarında bolsululuq müşahidə edilir.


Ehtiram Muradov,
KONKRET.az
