“Amerikalılar, avropalılar, ruslar və iranlılar Ermənistanda qarşıdurmanın aktiv fazasına daxil olmağa başlayıblar”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan özünün “Teleqram” kanalında yazıb. Onun sözlərinə görə, bir çox ekspertlərin və analitiklərin qorxduğu hadisə artıq baş verməkdədir: “Amerikalılar və avropalılar bildirirlər ki, regionda mövcud olmalarına səbəb Rusiya və İrandır. Onlar bununla regiona daxil olmaq və regional logistikaya nəzarət etmək niyyətindədirlər. Ona görə də ruslar və iranlılar açıq şəkildə bildirirlər ki, onların regiona təsirini zəiflətmək cəhdləri sərt reaksiya ilə qarşılaşacaq. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen açıq, birbaşa və aydın şəkildə bəyan edib ki, ABŞ regionda elə vəziyyət yaratmaq istəyir ki, Ermənistan İran və Rusiya ilə qarşıdurmaya girsin. Bundan sonra Qərb region logistikasını idarə etməyə başlayacaq. Düzdür, rəsmiyyət xatirinə amerikalıların “Azərbaycana silah verməyəcəkləri” ilə bağlı qeyri-müəyyən eyhamlar səslənir”.
Erməni politoloq daha sonra ironiya ilə bildirib ki, amerikalıların bizi “qorumaq” istəyi məni göz yaşlarına boğdu: “Amma göz yaşlarımı silib, düşündüm ki, cənab O’Brayen Ermənistan əhalisini fiziki və milli intihara meylli xalq hesab edir. Onlar hesab edirlər ki, ermənilər hər hansı logistikaya görə, ruslar və iranlılarla əlaqələri kəsəcək və öz ölkələrini məhv edəcəklər. Ermənistanın indiki hakimiyyəti Rusiya-İran oxu boyunca münasibətləri kəskin şəkildə pisləşdirməyə hazırlaşır. İndi biz beynimizi yoruruq və anlamağa çalışırıq ki, açıq münaqişə harada baş verəcək və bu, Ermənistanın mövcudluğuna necə təsir edəcək?
Bu, sadəcə dəhşətdir. Mən Ermənistan ərazisində bir tərəfdə ruslar və iranlılar, digər tərəfdə türklər, amerikalıların bir-birini döydüyü mənzərəni təsəvvür edəndə dəli olmaq vəziyyətinə çatıram. Bu, birotaqlı mənzildə begemot və fili saxlamağa bənzəyir. Begemotla filin birotaqlı dar mənzildə qarşıdurmasını təsəvvür edirsinizmi? Ermənistanı həmin birotaqlı mənzilin gününə salacaqlar”.
Vəli Həsənov,
KONKRET.az