Gürcü hərbi ekspert: “Ermənistanın Azəbaycana qarşı hər hansı bir revanşist addımı böyük ağılsızlıqdır”backend

Gürcü hərbi ekspert: “Ermənistanın Azəbaycana qarşı hər hansı bir revanşist addımı böyük ağılsızlıqdır

“Ermənistan bölgədə yaranmış yeni reallıqla artıq barışmalıdır. Onun tərəfindən hər hansı bir revanşist addım böyük ağılsızlıqdır”.

KONKRET.az xəbər verir ki, bunu Marneulidə “Lider Media” təşkilatının keçirdiyi “İkinci Qarabağ müharibəsinin regiona iqtisadi və siyasi təsirləri” mövzusunda müzakirələrdə çıxış edən hərbi ekspert Nika Çitadze deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hər hansı bir hərbi əməliyyat aparmasına insan və maddi resursları yoxdur: “Ermənistan sülhdə maraqlı olmalı və qonşuları ilə münasibətləri qaydaya salmalıdır. Bu ölkə Azərbaycan və Türkiyə ilə iqtisadi bağlar quraraq böyük faydalar əldə edə bilər. Sülh müqaviləsinin imzalanmasında ilk növbədə Ermənistan maraqlı olmalıdır”.

N.Çitadzenin fikrincə, Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşmasına iqtisadi layihələrdə iştirakla başlamaq mümkündür: “Ermənistan Gürcüstan, Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşula və iqtisadi mənfəətlər qazana bilər. Ermənistan nəhayət dərk etməlidir ki, əməkdaşlıq münaqişə etməkdən daha yaxşıdır. Bu ölkə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına hörmətlə yanaşmalıdır”.

Digər ekspert Levan Çxeidze öz növbəsində deyib ki, II Qarabağ müharibəsi Ermənistan üçün fəlakətli nəticələrlə yekunlaşıb: “Ermənistan tərəfi böyük itkilər verdi və iqtisadi çətinliklərlə üz-üzə qaldı. Bundan başqa, bu ölkə böyük mənəvi zərbə də aldı”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və onun ərazi bütövlüyünü tanımalıdır: “Ermənistan uzun illərdir regiondakı əhəmiyyətli layihələrdən kənarda qalıb və indi yaranmış iqtisadi əməkdaşlıq imkanlarından yararlanmaq şansını qaçırmamalıdır”.

Müzakirələrdə iştirak edən tarixçi, professor Omar Ardaşeliya isə deyib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün apardığı müharibədə qələbini şərtləndirən əsas amillərdən biri də onun beynəlxalq arenadakı çox aktiv fəaliyyəti oldu: “Müharibədə zəfəri yalnız güc hesabına əldə etmək mümkün deyil. Azərbaycan bütün səviyyələrdə mövqelərini möhkəmləndirmək üçün davamlı işlər apardı”.

O həmçinin qeyd edib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi kimi çıxış etmək üçün güclü mövqeyə sahib olmalıdır: “Gürcüstan mediator kimi güclənməli və daha sonra tərəflərə dialoq platforması təklif etməlidir”. /report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*