“Gürcüstanın Rusiya ilə istənilən formatda əməkdaşlığı yalnız bir şərtlə mümkün ola bilər. Rusiya Federasiyası beynəlxalq öhdəliklərini yerinə yetirəndən sonra Cənubi Qafqazda birgə əməkdaşlıqdan danışmaq mümkündür”.
KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bölgədə “altılıq platforması” yaradılması təşəbbüsünə cavab olaraq bildirib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycan lideri İlham Əliyevlə birlikdə Cənubi Qafqaz bölgəsində əməkdaşlığın inkişafı üçün “altılıq platforması” yaradılmasını müzakirə etdiklərini bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan bu platformaya daxil ola bilər.
Darsalia qeyd edib ki, Gürcüstan artıq Türkiyə və Azərbaycanla müxtəlif regional əməkdaşlıq formatlarında iştirak edir və bu ölkə Cənubi Qafqazda sabitlik və sülhü gücləndirmək üçün “tərəfdaşlar və dost ölkələri” başa düşür.
“Rusiyanın da bağlı olacağı formatların mövcud olması üçün beynəlxalq öhdəliklərini yerinə yetirməsi lazımdır, bu da ən azından rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılmasını, qaçqınların geri qaytarılması prosesinin başlanmasını özündə ehtiva edir”, – deyə Gürcüstan rəsmisi bildirib.
Natiq Səlim,
KONKRET.az
mənbə:RİA NOVOSTİ
