Hansısa nazirin “Lifan” və ya “Xəzər”də gəzdiyini necə təsəvvür edə bilərsiz? – Partiya sədribackend

Hansısa nazirin "Lifan" və ya "Xəzər"də gəzdiyini necə təsəvvür edə bilərsiz? - Partiya sədri

Türkiyənin yerli istehsal brendinə çevrilən “Togg” avtomobillərinə diqqət kəskin şəkildə artıb. Hətta prezident Ərdoğan da bütün nazirlərə xidməti maşın kimi “Togg”dan istifadə etməyi tapşırıb. Artıq onun tapşırığını yerinə yetirən dövlət məmurları yerli avtomobil brendindən istifadə etməyə başlayıblar. Bir zamanlar bizdə də məmurlara yerli avtomobil markalarından istifadə təşviq olunsa da, buna məhəl qoyan olmadı. Demək olar ki, heç bir məmur “Naz Lifan” və ya “Xəzər” markalı avtomobillərdə gəzmir. Bəs görəsən, bunun səbəbləri nədir?

Mövzunu KONKRET.az-a şərh edən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, bu məsələdə bir çox amillər rol oynayır: “Əsas amillərdən biri yerli və milli anlayışlarının qəbul olunmaması ilə bağlıdır. Belə ki, Türkiyədə “AKP” hökuməti yerlilik və millilik məsələlərinə daha çox üstünlük verir. Yəni dünyada “Türk brendi”, “Türkiyəçilik” anlayışı və siyasi kursu mövcuddur. Təəssüf ki, Azərbaycanda belə bir ənənə yoxdur. Bizdə əksinə xaricdə təhsil alan insanlara, əcnəbi məhsullara daha çox önəm verilir. Yerli və milli dəyərlər isə bir növ kənara atılır. Ümid edirəm ki, Türkiyə ilə münasibətlərin və qardaşlıq əlaqələrinin daha da dərinləşməsi bizi də o səviyyəyə çatdıracaq. Biz də şəxsi identifikasiya keyfiyyətlərimizi artıra və öz yerli və milli dəyərlərimizə siyasi məsələ kimi yanaşa biləcəyik”.

Tural Abbaslı: “Oğru aləmi”ndə olmaq istəyirdim” - VİDEO | KONKRET

Tural Abbaslının sözlərinə görə, digər məsələ keyfiyyətlə bağlıdır: “Togg”la “Naz Lifan”ı, yaxud “Xəzər” avtomobillərini bir tutmaq olmaz. “Togg”un istehsal və keyfiyyət fərqi var. Bu avtomobil sırf Türk istehsalı və brendidir. Amma “Naz Lifan” və ya “Xəzər” avtomobillərinin yalnız yığılma prosesi Azərbaycanda həyata keçirilir. Bu avtomobilləri yerli istehsal adlandırmaq da doğru deyil. Hansısa nazirin və məhkəmə sədrinin “Lifan” və ya “Xəzər” avtomobilində gəzdiyini necə təsəvvür edə bilərsiniz? Keyfiyyət və təhlükəsizlik məsələsi də bu avtomobillərdə yetərli deyil. Amma mən təklif edərdim ki, bizim məmurlar Alman və ya Koreya maşınlarında gəzməkdənsə, “Togg”dan istifadə etsinlər. Beləcə, həm qardaş ölkəyə dəstək vermiş olarıq, həm də keyfiyyətli və ucuz məhsul alıb büdcəyə qənaət edə bilərik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*