backend

Hava limanlarında hicabda olan sərnişinlərə nəzarət gücləndirildi

KONKRET.az-ın Orta Asiya bürosu xəbər verir ki, Özbəkistan hava limanlarında pasport nəzarətindən keçərkən hicablı qadın və qızlar ciddi yoxlamadan keçirlər.

Yerli media İstanbuldan Daşkəndə gələn bir sərnişinə istinad edir və məlumat Daşkənd hava limanının, eləcə də ölkənin bölgələrindəki digər beynəlxalq hava limanlarının işçiləri tərəfindən təsdiqlənib. Nə hava limanının işçiləri, nə də hicablı qadınlar bu yoxlamaların hansı qanuni əsaslarla aparıldığını izah edə bilməyiblər.

Keçən cümə günü İstanbuldan Daşkəndə gələn hicablı qadın digər sərnişinlərə nisbətən hava limanında daha güclü yoxlanıldığını bildirib: “Mən bir qadın işçinin işlədiyi pasport nəzarət kabinetinin önündə dayandım. Növbədə məndən əvvəl daha bir neçə qadın vardı. Pasport nəzarət əməkdaşı qarşımdakı qadından başını açmasını istədi, istəyini isə onun fotoşəklini çəkməyin zəruriliyi ilə izah etdi. Qadın baş örtüyünü açdı, onun şəkli çəkildi. Növbə mənə çatanda məndən də başımın açılmasını istədilər. “Örtüyünüzü götürün, biz sizin saçınızı görməliyik”, – pasport nəzarət idarəsinin rəsmisi bildirdi. Sonra mənim öndən və yandan şəklimi çəkməyə başladılar.

Əvvəlki fotoların uğursuz olduğunu izah edərək bir neçə dəfə fotoşəkil çəkdilər. Səbəbini soruşduqda, mənə müsəlman geyimində olan sərnişinlərin fotoşəklini çəkmək əmrinin olduğunu izah etdilər. Pasport nəzarətçiləri yalnız hicab taxan qadın və qızların şəklini çəkirdilər, qalan sərnişinlərə isə heç bir problem olmadan keçməyə icazə verilirdi. Ancaq mən işçilərdə heç bir kobudluq görmədim”.

Daşkənd Beynəlxalq Hava Limanının əməkdaşı pasport nəzarəti zamanı hicabda olan sərnişinlərin hərtərəfli yoxlanışa məruz qalması barədə məlumatı təkzib etməyib. Sadəcə əlavə edib ki, yalnız Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin tabeliyində olan Dövlət Sərhəd Xidmətinin nümayəndələri bu cür yoxlamaların səbəbini şərh edə bilərlər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

“Buxara” beynəlxalq hava limanının əməkdaşı da hicablı sərnişinlərin yoxlanılması barədə məlumatı təsdiqləyib: “Əvvəllər aeroportumuzda belə yoxlamalar yox idi, iki-üç həftədir yoxlamağa başlamışıq. Biz belə bir təlimatı almışıq. Yalnız gələnləri yox, həm də gedən sərnişinləri də yoxlayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*