“Səngəçal terminalı ölkənin ən strateji nöqtələrindən hesab edilir və yüksək səviyyədə mühafizə olunur. Bu gün ərzaq ehtiyatlarının toplandığı anbarlar və digər saxlanc yerləri strateji baxımdan eynilə bu terminal qədər əhəmiyyətlidir. Odur ki bu obyektlər özəl və ya dövlət mülkiyyətində olmasının fərqinə varılmadan eyni dərəcədə ciddiyətlə qorunmalıdır. Kimsə qarantiya verə bilməz ki, bu sonuncudur və daha təkrarlanmayacaq”.
KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. O bildirib ki, “Azərsun Sənaye Parkı”na dəymiş ziyan müəssisənin özündən daha çox kənar mənfi təsirlərə malikdir: “Düzdür burada xam yağ qəbulu və rafinləşdirmə bölmələrindən, marqarin paketləmə, duru yağ, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma üçün müasir avadanlıqlar var. Amma sənaye parkının özünə, həmçinin daşınmaz əmlaka və məhsullara dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanacaq. Amma bu problemin həlli deyil. İstehsal sahələrindəki fəaliyyətin yenidən bərpası dərhal mümkün olmayacaq. Bunu bərpa etmək üçün müəyyən bir müddət lazım gələcək. Yanmış avadanlıqların yenilərinin alınması, gətirilməsi, quraşdırılması və yeni saxlanc yerlərinin yaradılması üçün zaman və vəsait lazımdır”.
Ekspert yanğının ölkənin yağ bazarına təsirlərini belə şərh edib: “Yanğın plastik qablardan başlasa da, sonradan soyuducu anbara keçib və nəticədə on milyon manatlarla dəyəri olan məhsullar yanıb. Təbii ki bunun bazarlara da öz təsiri olacaq. Çünki, fabrik 5-6 aylıq ehtiyatı təmin etmək üçün bir neçə ay çalışıb. İstər maddi, istər strateji əhəmiyyət, istərsə də psixoloji baxımdan itki böyükdür. Bu hadisənin ən mənfi təsir isə satış mərkəzlərində suni qiymət artımlarına səbəb ola bilməsidir. Yəni yaranmış situasiya psixoloji gərginlik yarada bilər. Amma biz ölkənin yağ və yağ məhsullarına olan təlabatını, Azərsunun istehsal potensilını, “Azərsun Sənaye Parkı”nda sıradan çıxmış məhsulların statikstikasını müqayisəli təhlil etdikcə görəcəyik ki, baş verən hadisəyə görə ajiotaj yaratmağa gərək yoxdur. Belə ki, “Azərsun Holdinq”in kərə yağı bazarında payı cəmi 5-7 faiz təşkil edir. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağı çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarılır. Əvvəla “Azərsun Holdinq”-in müəssisələri yalnız bu yanan sahədən ibarət deyil. İkinci vacib bir məsələ isə 5-6 aylıq ehtiyat məsələsidir. Bəzi insanlarımız elə başa düşür ki, ölkənin 5-6 aylıq ehtiyatıdır. Xeyr! Bu ifadə məhz sözügedən müəssisəyə aid olan ehtiyat məhsullara şamil edilir. Odur ki, istər “Azərsun”, istər dövlət rəsmiləri açıqlama verərkən mütləq şəkildə elə ifadələrdən istifadə etməlidirlər ki, sonradan bu fikirlər ajiotaj yaratmasın. 5-6 aylıq ehtiyatın bu müəssisəyə aid olduğu ayrıca vurğulanmalıdır”.

Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycan həm bitki yağları, həm də kərə yağı təlabatı baxımından idxaldan asılı ölkədir: “Bu, ən azı 80 faizdən çoxdur. Özümüz istehsal etdiklərimiz isə yenə də idxaldan asılı idi. Yəni, kərə yağları Yeni Zellandiyadan gətirilir. Burada sadəcə xüsusi çəki və ölçüyə salınır, sonra isə qablaşdırılır. Hazırkı vəziyyətdə 2 əsas məsələyə tam diqqət yetirilməlidir. Birinci, ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin stratejilik səviyyəsi yüskəldilməli, ikincisi, idxal kanallarının fasiləsizliyinin təmin olunması (onsuz da idxaldan asılıyıq) və idxalda süni problemlərin yaranma ehtimalları qiymətləndirilərək qabaqlayıcı tədbirlər görülməlidir. Bir sözlə, ərzaq ehtiyatlarına təhdid yarada biləcək hər bir istiqamət dövlət tərəfindən xüsusi nəzarətə götürülməlidir. Bir də yaranmış bu psixoloji basqı şəraitində kimlərinsə bazarlarda yağların qiymətini süni qaldırmasına əngəl olmaq lazımdır. Təbii ki az miqdarda qiymət artımı ehtimalı var, amma bunun böyük fürsətə çevirilməsinə imkan vermək olmaz”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
