Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmən milli təhlükəsizliyə təhdid kimi tanıyıb və bu quruma hər hansı formada dəstək verməyi cinayət məsuliyyəti altına alıb.
KONKRET.az xəbər verir ki, daxili işlər naziri Şabana Mahmudun təqdim etdiyi və parlament tərəfindən təsdiqlənən sərəncama əsasən, SEPAH 2026-cı il Milli Təhlükəsizlik Qanununa əsasən sanksiya siyahısına daxil edilib. İyulun 17-dən etibarən qüvvəyə minən yeni qaydalara görə, bu təşkilatı açıq şəkildə dəstəkləyən, fəaliyyətini təbliğ edən və ya onunla maddi əlaqəyə girən şəxsləri ciddi cəzalar gözləyir.
Qanuna əsasən, SEPAH-ın fəaliyyətini tərifləyən, təbliğ edən və ya ona kömək göstərən şəxslər 14 ilədək azadlıqdan məhrum edilə bilər. Bundan əlavə, təşkilatdan pul və ya hər hansı maddi gəlir əldə etmək də cinayət hesab edilir.
Daha ağır cinayətlər üçün isə cəzalar daha sərtdir. SEPAH adından təxribat, yanğın və ya digər düşmən hərəkətləri törədən şəxslər 2023-cü il Milli Təhlükəsizlik Qanununa əsasən ömürlük həbs cəzası ilə üzləşə bilərlər.
Natiq Səlim,
KONKRET.az
