“Hər şey ermənilərin cızdığı plan üzrə aparılırdı” – NƏTİCƏbackend

"Hər şey ermənilərin cızdığı plan üzrə aparılırdı" - NƏTİCƏ

Otuz beş il əvvəl Ermənistan Azərbaycana qarşı ərazi iddiasına başlayanda çoxu bu məsələnin tezliklə həll ediləcəyini güman edirdi. Hiyləgər düşmən isə öz məqsədinə çatmaq üçün nəyin bahasına olursa-olsun Azərbaycanın Dağlıq Qarabağ ərazisini Ermənistana birləşdirmək üçün bütün mümkün imkanlardan istifadə etməkdə israrlı idi. Əvvəlcə Sumqayıt hadisələri ermənilərin ssenarisi üzrə işlənib hazırlandı və “baş kəsən azərbaycanlılar” imicini yaratmağa çalışdılar. Daha sonra Ermənistan ərazisində yaşayan azərbaycanlıların kütləvi deportasiyası başlandı. Təxribatlar bir-birini əvəz edir, “Böyük Ermənistan” ideyası ilə yaşayan toplum yeni-yeni cinayətlərə hazırlaşırdı.

Hər şey onların və tərəfdarlarının cızdığı plan üzrə aparılırdı və beynəlxalq müstəvidə Azərbaycanı haqsız tərəf kimi təqdim etməyə səylər edilirdi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, havadarlarına arxalanan ermənilər azərbaycanlılara qarşı misli görünməmiş cinayətlər törətməkdən çəkinməyəcəklər.

1992-ci ildən başlayan işğal və görünməmiş cinayətlər, törədilən kütləvi qətillər, Qaradağlı və Xocalı faciələri ermənilərin insanlıq əleyhinə cinayətlərinin yalnız bir qismi idi. Beynəlxalq ictimaiyyət isə erməni quldur dəstələrinin bu əməllərini görməzdən gəlir, dünyada “məzlum erməni” obrazı yaratmaqda davam edirdilər. Məhz elə bunun nəticəsi idi ki, Dağlıq Qarabağın “işğalı” və “Ermənistana qarşı blokadanı dayandırmaq” məqsədi ilə ABŞ Konqresi Azərbaycana qarşı “907” nömrəli düzəlişi qəbul etdi.

Bir yandan Azərbaycan əraziləri işğala məruz qalır, digər tərəfdən isə dünya ictimaiyyətinə yanlış informasiyalar çatdırılırdı. Beləcə, Ermənistanın törədyi cinayətlərə bütün dünya ictimaiyyəti göz yumur və Azərbaycanda qaçqın düşən yüz minlərlə insan taleyin ümidinə buraxılırdı.

1994-cü ildə atəşkəs rejimindən sonra Azərbaycan silahlı qüvvələri yeni inkişaf yoluna qədəm qoydu və  ümumimilli lider Heydər Əliyev ordu quruculuğuna ciddi önəm verdi. Deməli, işğal olunan Azərbaycan torpaqlarının azad edilməsinin hazırlıqları hələ 1994-cü ildən başlamışdı. Ordu quruculuğu yolunda ildən-ilə təkmilləşmə işləri Azərbaycanda peşəkar ordunun yaranmasına səbəb oldu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında peşəkar Azərbaycan Ordusu aparırdı. Bu həmin ordu idi ki, doğma torpaqlarımızı işğaldan azad etmək üçün 26 il idi məqam gözləyirdi. Bu həmin ordu idi ki, ədaləti bərpa etmək üçün irəli atılıb Ali Baş Komandanın əmrini icra edirdi. Bu həmin ordu idi ki, 44 günlük müharibədə bir addım da geri çəkilmədi. Bu həmin ordu idi ki, bir nəfər də fərarisi olmadı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində zəfərə gedən yol Cəbrayıldan, Füzulidən başladı. Azərbaycan Ordusunun qarşısında acizliyini anlayan düşmən isə insanlıq əleyhinə cinayətlərə əl atmaqdan belə çəkinmədi. Gəncənin, Tərtərin, Bərdənin qadağan edilmiş raketlərlə atəşə tutulması, günahsız insanların qətlə yetirilməsi, ordumuzun qələbə əzminə təsir etmədi. Əksinə, Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində ordumuz hər gün qələbəyə bir addım da yaxınlaşırdı.

Azərbaycan Ordusunun qazandığı bu möhtəşəm qələbə dünya hərb tarixinin bir hissəsidir. 21-ci əsrin müharibəsini müasir döyüş silahlarından istifadə etməklə aparan Azərbaycan əsgəri  ermənilərin 30 ildir uydurduğu “yenilməz erməni ordusu”nu cəmi 44 gün ərzində darmadağın etdi. Bu möhtəşəm qələbə sayəsində işğal altındakı doğma yurdlarımız sahiblərinə qaytarıldı.

Müharibə təkcə hərb meydanında getmirdi. Ermənilər bizə həm də informasiya savaşı açmışdılar. Dünyanın aparıcı media orqanları Qarabağda gedən müharibəni diqqətlə izləyir və qərəzli informasiyalar yaymaqla dünya ictimaiyyətini çaşdırırdılar. Erməni diasporunun təsiri altına düşən Qərbin bəzi media qurumları hər gün Azərbaycan əleyhinə  qarayaxma kampaniyası aparsa da, istəyinə nail ola bilmirdi. Məhz bu qarayaxmalara və böhtana Ali Baş Komandan İlham Əliyev tutarlı cavab verirdi. 44 gün ərzində dünyanın otuza yaxın media orqanına müsahibə verən Prezident Azərbaycana qarşı aparılan çirkin kampaniyaların sadəcə, münaqişənin həllinə mane olduğunu bildirməklə yanaşı, BMT qətnamələrinin yerinə yetirilməsinin vacib olduğunu, bunu isə 29 ildən sonra Azərbaycan Ordusunun həyata keçirdiyini israrla deyirdi.

44 günlük Vətən müharibəsindən sonra tarixi ədalət bərpa edildi. Cənubi Qafqazda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. İndi Azərbaycan tarixi sərhədlərinə nəzarət edir. Ermənistanla sərhədin Laçın rayonu ərazisində sərhəd keçid məntəqəsi qurulub və Azərbaycan öz suveren ərazilərinə nəzarəti bərpa edib.

Beynəlxalq səviyyədə aparılan danışıqlarda da Azərbaycan söz sahibidir. Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bizimlə razılaşan böyük güclər də Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildirirlər. Ermənistan isə düşdüyü dalandan çıxmaqda çətinlik çəkir. Bu vəziyyətdən çıxmağın yolu isə regionda kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi və Azərbaycanla sülh müqaviləsi bağlamaqdan keçir.

Vəli  Həsənov

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əlehinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*